Ç. Avq 21st, 2019

​Honq Konqda minlərlə adam küçələrdədir – Çin rejiminə qarşı dirəniş

Bu gün – iyunun 13-də Honq Konqda minlərlə etirazçı küçələrə çıxıb, onların yenə də polislə toqquşacağı gözlənir. Səbəb Çinlə ekstradisiya qanunu layihəsidir. Bir gün öncə polis silahsız nümayişçilərə qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.

“Reuters” agentliyi artıq polislə nümayişçilər arasında kiçik toqquşmalar olduğunu, etirazçıların polisə üz maskaları və ərzaq ehtiyatlarını dağıtmağa imkan verməməyə çalışdığını yazır. Hadisələrin episentri isə parlament binasının ətrafıdır.

“Hökumətlə uzun müharibəyə hazırıq. Gəncəm, buna görə də Honq Konq uğrunda savaşmalıyam”, – Natalya Vong adlı etirazçı deyib.

Ekstradisiya qanunu Honq Konqda yaşayanları, burada yaşayan, yaxud səyahət edən xarici və çinli vətəndaşları əhatələyir. Etirazçılar onun hüququn aliliyinə, Honq Konqun beynəlxalq maliyyə statusuna zərbə vuracağından narahatdırlar.

Şəhərin maliyyə rayonunda yerləşən hökumət idarələri bu həftə bağlı qalıb. Dünənki toqquşmalarda 72 nəfərin xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilib.

Paylaş: