Be. Sen 23rd, 2019

Putindən sensasiyalı bəyanat: “Moldovada hakimiyyət oliqarxlar tərəfindən qəsb edilib”

Rusiya Prezidenti Vladimir Putin Moldovanın rusiyapərəst prezidenti Iqor Dodonu dəstəkləməkdən əl çəkməyəcəklərini deyir. Hazırda Kişinauda iki rəqib hökumət özünü legitim sayır.

Fevralda keçirilən parlament seçkisindən sonra hökumət formalaşdırılmadı. İyunun 7-də Konstitusiya Məhkəməsi parlamentin buraxılması, yeni seçkinin keçirilməsi barədə qərar çıxardı. Moldova qanunvericiliyinə görə, hökumət seçkidən sonrakı üç ay ərzində formalaşdırılmalıydı.

İyunun 8-də Dodonun moskvapərəst Sosialist Partiyası Avropa Birliyi tərəfdarı kimi tanınan ACUM blokuyla sürpriz razılaşma əldə etdi. Parlamentdəki 101 yerdən 61-nin sahibi olan yeni alyans Baş nazir Pavel Filipin hakim Demokratik Partiyasını (PDM) hakimiyyətdən uzaqlaşdırmaq istədiyini bildirdi.

Vladimir Putin Mir TV-yə müsahibə verir
Vladimir Putin Mir TV-yə müsahibə verir

Alyans məhkəməni konstitusiyanı yanlış yozmaqda, seçkinin nəticələrini üç ay əvəzinə 90 gün sonra ləğv etməkdə suçlayıb. Alyans həmçinin ACUM liderlərindən Maya Sandunun rəhbərliyi ilə yeni hökuməti təsdiqlədi.
Məhkəmə isə iyunun 9-da Sandu hökumətini qeyri-konstitusion elan edərək Sosialist Partiyasının keçmiş lideri Dodonu prezidentlikdən kənarlaşdırıb.

Aralıq dövr prezidenti kimi iş başına keçən Filip parlamenti dərhal buraxaraq sentyabrın 6-na növbədənkənar seçki təyin edib.

Demokratik Partiyanın rəhbəri ziddiyyətli maqnat Vladimir Platotniuçdur, çoxları onun ölkəni pərdəarxasında idarə etdiyini düşünür. Sosialistlər və ACUM Konstitusiya Məhkəməsini Plahotniuçun nəzarətində olmaqda ittiham edirlər.

İyunun 13-də Rusiyada dövlətin nəzarətində olan Mir TV-yə müsahibəsində Putin deyib ki, Kreml “Prezident Dodon və onun bugünkü koalisiya tərəfdaşlarını dəstəkləməyə davam edəcək”.

Putin “Moldovadakı hakimiyyətin oliqarx strukturları, oliqarxlar tərəfindən qəsb olunduğunu” deyib: “Başqa sözlə, onlar Moldova xalqının hesabına qazanıblar və bu pulda öz şəxsi sərvətlərini, dövlətə nəzarəti gücləndirməkdə istifadə ediblər”.

Paylaş: