Bz. Sen 22nd, 2019

Azərbaycanda bəraət hökmlərinə görə REKORD VURAN məhkəmə və hakimlər – SİYAHI

“Ölkəmizdə bəraət hökmlərinin çıxarılmasına dair statistik rəqəmlər cinayət mühakimə icraatında vəziyyətin nə dərəcədə problemli olmasına dair əyani sübutdur”.

Bunu vəkil Cavad Cavdov bildirib. C.Cavadovun sözlərinə görə, məhkəmələr təqribən notariat funksiyasını həyata keçirərək ittiham aktlarını təsdiq edirlər:

“Bu praktikaya qonşu Rusiyada vəkillər “fleş hökmlər” adı veriblər, yəni hökmlər ittiham aktından “copy-paste” olunması anlamına gəlir. Bu zaman ittiham aktında olan səhvlər, anlaşılmaz cümlələr (bəzən cümlələr bir neçə vərəqdən ibarət olur) birə-bir hökmə köçürülür. Hökmlərdə müdafiə tərəfinin arqumentlərinə demək olar ki, ümumiyyətlə toxunulmur”.

Vəkil bəraət hökmlərilə bağlı statistik rəqəmləri də şərh edib:

“Hazırda bəraət hökmlərinin 2014-2018-ci illər üçün statistik rəqəmləri mövcudur və bu rəqəmlər hər şeyi ifadə edir. 2014-2018-ci illər ərzində məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb, ümumi baxılan işlərə nisbətdə bu rəqəm bəlkə də bir faizin cüzi hissəsini təşkil edir.
Elə məhkəmələrimiz var ki, ümumiyyətlə bəraət hökmü çıxarılmayıb. Məsələn, Lənkəran Ağır Cinayətlər Məhkəməsi. Halbuki, bu məhkəmə yalnız cinayət işlərinə baxır.

Bəraət hökmlərinin rekordçusu 34 hökmlə Bakı şəhər Yasamal rayon Məhkəməsi hesab olunur. İkinci pillədə 34 hökmlə Bakı şəhər Nərimanov rayon Məhkəməsidir. 

Bakı Ağır Cinayətlər Məhkəməsində dörd il ərzində cəmi 19 bəraət hökmünün qəbul edilməsi bu məhkəmədə durumun nə qədər ağır olmasından xəbər verir.

Maraqlı vəziyyət Quba rayon Məhkəməsindədir, burada 11 bəraət hökmü çıxarılıb və hamısı hakim Zamin Tahirov tərəfindən qəbul edilib. 

Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 hökmlə birinci, Azər Tağıyev 12 bəraət hökmü ilə ikinci yerdədir.

Hüquqşünaslarda belə bir deyim var: “bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”. Bu formulaya görə hakim kimi özlərini təsdiq etməmiş xeyli hakimlər var. Hörmətli hakimlər bunu bir vəkilin müraciəti kimi də qəbul edə bilərsizin: ədalətsiz qərarlar qəbul edib, insan talelərilə oynamayın. “Bəs sən bəraət hökmü çıxartmısanmı?” ifadəsini özünüz üçün deviz edin”.

Hüquşünas Frensis Bekonun sitatı ilə fikirlərini tamamlayıb:

“Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır ”. (modern.az)

Paylaş: