Ça. Avq 20th, 2019

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıtn Tarixi Muzeyində sumqayıtlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Tofiq Əhmədovun fərdi sərgisi nümayiş olunub. Sərgidə şəhər ictimaiyyəti, ziyalılar, iş adamları, sənət yoldaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Respublikanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova rəssamın yaradıcılıq yolu haqqında danışıb. Respublikanın Əməkdar İncəsənət xadimi Vaqif Nəzirov, rəssamlar—İlqar Əliyev, Nazir Pirquliyev, Respublikanın Əməkdar jurnalistləri—Eyruz Məmmədov, Qüdrət Məlikov, fəxri kimyaçı Təbrik Quliyev öz çıxışlarında Tofiq Əhmədovun əsl fırça ustası olduğunu xüsusi vurğulayaraq ona yeni-yeni sənət uğurları arzulayıblar.

N.Nərimanov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən kurs və dərnəklərin, özfəaliyyət kollektivlərinin konserti keçirilib. Konsertdən əvvəl tədbir iştirakçıları mədəniyyət mərkəzinin foyesində təşkil edilmiş rəsm və biçmə-tikmə dərnəklərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə gitara, nağara, saz, sintezator, qarmon kurslarının tələbələrinin ifasında musiqi nömrələri səslənib. “Dəcəllər” və “Nice” rəqs qruplarının ifasında maraqlı və rəngarəng rəqs nömrələri təqdim olunub. Digər dərnək üzvləri də öz istedadlarını nümayiş etdiriblər.

Nizami Gəncəvi adına Kitabxana Klubda “Qurtuluşdan başlanan yol” adlı oxucu konfransı keçirilib. Tədbirdə Milli qurtuluş günü haqqında geniş məlumat verilib, tarixi əhəmiyyətindən danışılıb, oxucuların fikirləri dinlənilib, mövzu ilə əlaqədar video-çarx  nümayiş olunub. Sonda ümummilli liderin fəaliyyətini əks etdirən ədəbiyyatlardan ibarət “Özü qədər əbədi” adlı kitanb sərgisi haqqında məlumat verilib.

Həmçinin, kitabxana Klubun oxucuları, “Rəsm” dərnəyinin üzvləri və “Cığır”mənəvi dəyərlərə dəstək ictimai birliyinin üzvləri ilə birgə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Mərkəzin əməkdaşlarlı eskkursiya iştirakçılarına mərkəzin fəaliyyəti, nümayiş olunan eksponatlar və s. haqqında geniş məlumat verib, oxucuların suallarını cavablandırıblar.  

Qeyd edək ki, bayram münasibətilə C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edəcək.

Digər mədəniyyət müəssisələrində də sərgilər və konsertlər keçiriləcək.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: