Ç. Sen 18th, 2019

“Milli Məclis”in baş redaktoru AzTV-də yeni veriliş açdı

Azərbaycan Dövlət Televiziyası ilə Milli Məclis  yeni verilişə start verib. “Parlament vaxtı” adlı proqramın bir neçə verilişi efirə gedib. Verilişin aparıcısı “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayevadır.

Ülviyyə Abdullayeva Modern.az-a bildirib ki, verilişin mahiyyəti insanlara Milli Məclisin fəaliyyəti barədə informasiya verməkdir.

“Hesab edirəm ki, efiri ancaq terminlərlə zənginləşdirmək doğru deyil. Elə etməliyik ki, efirə gedən veriliş  sıravi vətəndaş lar üçün maraqlı olsun. Çünki sıravi vətəndaş anlamır ki, bu nə qanundur, nəyi özündə ehtiva edir?!. Qəbul edilən qanunlar bunlara nə verəcək?! Bir sözlə, buna quru sənəd kimi baxırlar. Ancaq biz verilişimizdə çalışırıq ki, vətəndaşlara qəbul edilən qanunların mahiyyətini açıqlayaq. Bundan əlavə istəyirik ki, parlamentin fəaliyyətini ümumilikdə geniş işıqlandıraq. Tamaşaçılara parlamentin gördüyü işləri,  beynəlxalq əlaqələri, qanunvericilik prosesi barədə ətraflı məlumat verək”.

Xanım aparıcının sözlərinə görə, əsas məqsəd parlamentin fəaliyyətini işıqlandırmaqdır:

“Qarşımızda duran əsas məqsəd parlamentin fəaliyyətini işıqlandırmaq, qəbul olunan qanunların mahiyyətini vətəndaşlara, tamaşaçılarımız ətraflı izah etməkdir. Bildiyiniz kimi, bu yaxınlarda parlamentimiz  100 illiyini  qeyd etdi. Azərbaycan parlamenti Şərqdə ilk parlamentdir ki, qadınlara seçki hüququ verib.  Bununla  bağlı “Parlament  vaxtı” verilişinin ilk qonağı Milli Məclisin vitse-spikeri Bahar Muradova olub.  Ardınca bir neçə veriliş də efirə gedib”.

Ülviyyə Abdullayeva verilişin ərsəyə gəlməsində AzTV-nin səlahiyyətlərini icra edən Rövşən Məmmədova təşəkkür edib.

“Xatırlayırsızsa, əvvəllər də başqa televiziyada parlamentlə bağlı verilişimiz olub. Budəfəki isə tam fərqlidir. Bu ideyanı səsləndirəndə dövlət televiziyasının rəhbərliyi ideyamıza qoşuldu və razılıq verdi. Əslində böyük dəstək kimi verilişin çəkilişini AzTV-nin studiyasında deyil, Milli Məclisin binasında etməyi məsləhət etdi. Təkcə Milli Məclisin deputatları deyil, parlamentin şöbə müdirləri, müavinləri məsləhətçiləri də verilişə cəlb edilib. Çünki Milli Məclisin savadlı, yüksək intellektual biliyə malik olan əməkdaşları da var ki, onlarla bağlı da çəkilişlər edirik”.

Verilişin aparıcısı planlardan da söz açıb:

“Qarşıda bir çox planlarımız var. Yeniliklər etməyi, sentyabr ayından verilişimizi daha da zənginləşdirməyi düşünürük. Ola bilsin ki, xarici parlamentlərdən verilişlər hazırlayaq, onların fəaliyyətini işıqlandıraq. Milli Məclisin onlarla əməkdaşlığını göstərək. Hesab edirəm ki, bu da maraqlı olacaq”.

Paylaş: