Be. Avq 19th, 2019

Moskva Donetsk və Luqanskda Rusiya pasportları paylamağa başladı

Moskva Ukraynanın separatçıların nəzarətində olan ərazilərinin sakinlərinə Rusiya pasportlarının verilməsinə başlayıb. Rəsmi Kiyev bu pasportları əvvəlcədən “etibarsız” elan edib.

Rusiya prezidenti Vladimir Putin şərqi Ukraynanın Luqansk və Donetsk regionlarındakı Ukrayna vətəndaşlarına Rusiya pasportlarının verilməsini sadələşdirən fərmanı aprelin 21-də Ukrayna prezident seçkisinin ikinci dövrəsinin ərəfəsində imzalayıb. Bir çoxları Putinin bu addımını bu seçkidə qalib gəlmiş Volodimir Zelenskinin mövqelərini zəiflətmək cəhdi kimi qiymətləndirirlər.

Rusiya dövlət mediasının verdiyi məlumata görə iyunun 14-də Rusiyanın Rostov vilayətində keçirilən mərasimdə Donetsk və Luqansk regionlarından olan 60 nəfərə Rusiya pasportları təqdim olunub.

Ukraynanın Xarici İşlər Nazirliyi bildirib ki, Rusiyanın bu addımının “heç bir hüquqi qüvvəsi yoxdur və bu pasportlar nə Ukrayna, nə də dünya tərəfindən tanınmayacaq”.

Donbasın müstəqilliyini dəstəkləyən rusiyalıların sayı azalır

Ukrayna bunu da bildirib ki, Rusiya pasportlarını alanlar Ukrayna vətəndaşlığından məhrum ediləcək və mülkiyyət hüquqlarını itirəcəklər. Bu həftənin əvvəllərində Avropa İttifaqı “bu qanunsuz metodla” verilən Rusiya pasportlarını tanımayacağını bəyan edib.

Avropa İttifaqının bu barədə bəyanatında deyilir ki, Ukrayna regionlarında kütləvi şəkildə Rusiya pasportlarının paylanması atəşkəs razılaşmalarının ruhuna daban-dabana ziddir. Rusiyanın Daxili İşlər Nazirliyinə Moskvanın hazırladığı layihə əsasında pasportların alınması üçün 12 min müraciət edilib.

Zelenski Rusiyanın pasport paylamaq siyasətini məsxərəyə qoyaraq deyib ki, “Rusiya vətəndaşlığı dinc etirazlara görə həbs olunmaq və rəqabətli seçki keçirmək imkanından məhrum olmaq deməkdir”.

Paylaş: