Ca. Noy 21st, 2019

İran təhlükəli ssenariyə başladı: Savaş yaxınlaşır

İran zənginləşdirilmiş uran istehsalını dördqat artırarsa, bunun rəsmi Tehran üçün ağır nəticələri ola bilər.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov İranın zənginləşdirilmiş uran istehsalını 10 günə dördqat artıracağları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. O qeyd edib ki, İran bu qərarı həyata keçirərsə, ABŞ-la bərabər, Avropa ölkələrini də qarşısına alar:

“İranın bu bəyanatı bir növ müdafiədən hücuma keçmək xarakteri daşıyır. Çünki İranın qarşısında iki seçim var idi. Rəsmi Tehran ABŞ-ın və NATO-nun tələblərinə əməl etməli və ya bütün bu sanksiyalara məhəl qoymayaraq, öz nüvə silahını yaratmalıdır. Görünən odur ki, İran hakimiyyəti hələlik ikinci yolu tutub. Təbii ki, belə bəyanatlar Altılıq ölkələrilə bağlanan müqavilənin pozulmasına gətirib çıxaracaq. Artıq bu dəfə təkcə ABŞ deyil, həmçinin Avropa ölkələri də Trampın təziqi ilə İrana qarşı sanksiyalarda iştirak edəcək”.

Politoloq bildirir ki, Tehran adminstrasiyası ona edilən tövsiyələrin heç birinə məhəl qoymur:

“Bir müddət əvvəl Rusiya İrana tövsiyə etmişdi ki, nüvə silahı ilə bağlı müqavilədən çıxmasın və istehsalla bağlı heç bir qərar verməsin. Lakin onlar buna məhəl qoymayıb vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. İran tərəfi bu bəyanatı verməklə göstərməyə çalışır ki, guya onlar ABŞ-ın sanksiyalarına məhəl qoymur. Amma Trampın tətbiq etdiyi sanksiyalar İranda iqtisadi vəziyyəti çox ağırlaşdırıb. Tehran qısa zamanda Vaşinqtonla bir razılığa gəlməsə, ölkədə vətəndaş müharibəsi başlaya bilər. Düşünürəm ki, Trampın əsl məqsədi də elə budur”.

Qeyd edək ki, İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi mətbuat konfransında ölkəsinin 10 gün ərzində nüvə razılaşması çərçivəsində təyin olunan uran ehtiyatını daha dördqat artıracağını bildirib.

Paylaş: