Ca. Sen 19th, 2019

Özgür Honça: Növbəti xatirə avronun üzərində Elçibəyin şəkli olacaq

Son zamanlar Türkiyəli soydaşlarımız – İstanbuldakı “Haberleşme” şirkətinin işlətmə müdürü, kolleksiyoner Özgür Honça, araşdırmaçı yazar, “Nuri Kıllıgil” kitabının müəllifi Atilla Oral ve həvəskar arxivçi Sərhəd Cəmil Küçük bəylərin sifarişi və dəstəkləriylə “Euro Souvenir Bank” layihəsi çərçivəsində Fransanın “Oberthur” mətbəəsində çap edilən, üzərində Azərbaycan Demokratik Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və Bakının erməni işğalindan azad edilməsində danılmaz xidmətləri olan Qafqaz İslam Ordusunun komandiri Nuri Paşa Kıllıgilin resimləri əks olunan hədiyyəlik avro ətrafında sosiyal mediyada bir sıra xoşagəlməz söz-söhbətlər dolaşmaqdadır. Və təbii ki, bu da danılmaz zəhmət sayəsində ərsəyə gələn bu möhtəşəm işin müəlliflərini və bizi narahat edir. Bu anlaşılmazlıqlara açıqlama gətirmək üçün Özgür Honça bəylə görüşüb ətraflı bilgi verməsini rica etdim.

Özgür bəy, ilk sualım, bu hədiyyəlik pulu çap etdirmək fikri necə oldu gerçəkləşdi?

Öncə bildirim ki, Avropa Mərkəz Bankının hədiyyəlik pulları çap etmək üçün lisenziya verdiyi EBM (Euro Banknote Memory) çatısı altında “Euro Banknote Souveniur” lisenziyasına sahib olduğumuz üçün bu işi biz başlatdıq. İlk Gazi Mustafa Kamal Atatürk, sonra Fateh Sultan Mehmet və digər dövlət böyüklərimizin hədiyyəlik avro üzərində şəkilini çap etdirdik, sonra ikinci vətənimiz olan Kıbrıs proyektimizi gerçəkləşdirdik, daha sonra isə qardaş Azərbaycanı düşündük və qərara gəldik ki, tarix yaradan iki dəyərli isim var Məhəmməd Əmin Rəsulzadə ilə Nuri Paşa Kıllıgil. Biz də bir Türk sevdalısı olaraq bu fədakar insanları belə bir şəkildə dəyərləndirmək istədik və bundan qürur duyuruq. Ümid edirəm ki, Azərbaycan xalqı da bunu böyük sevinclə qarşılayıb, bizi təqdirlərinə layiq görəcəklər.

Özgür bəy, mən bir jurnalist olaraq gündəlik xəbərləri ətraflı izləmək baxımından həm də aktiv sosiyal mediya istifadəçisiyəm. Son günlərdə sosiyal mediyada fərqli fikirlərə rast gəldim, doğrusu bunlar məni çox üzdü, əslində bir Azərbaycan Türkü olaraq hər birimizin sizə təşəkkür etməmiz gərəkdiyi halda “bu pul saxtadır”, “ nədən üzərində 0 yazıb, bizi Avropada dəyərsizləşdiriblər”, “heç olmasa sonsuzluq işarəsi və yaxud 1 rəqəmi yazılsaydı” və sairə kimi ürək açmayan yorumlar yazılmaqdadır. Bütün bunlara necə aydınlıq gətirərdiz?

Bəli, çox üzülərək qeyd etmək istəyirəm ki, bu yorumların bəzilərini mən də oxudum, amma təbii ki, bu bütünlükdə Azərbaycan xalqının fikri deyil. Çox sağ olun ki, bu sualı verdiniz, açıqlamamla qaranlıq məqamlara aydınlıq gətirəcəyimi düşünürəm: ” Biz Avropa Mərkəz Bankının (AMB) lisenziya verdiyi “Euro Souvenir Bank”ın Türkiyədəki fəaliyyətlərini həyata keçirdirik, yəni rəsmi təmsilçisiyik. Bu pullar Avropa Mərkəz Bankının yetki verdiyi banklarda çap olunur və biz də bu hədiyyəlik pulları gerçək avronun çap edildiği  Fransadakı “Obertur” mətbəəsində çap etdirmişik. Onu da qeyd edim ki, Avropa Mərkəz Bankı öz arzusuyla bu pulu çap etdirməyib, onun nəyinə lazımdır Atatürk, Rəsulzadə üçün xatirə pul çap etsin, belə bir səlahiyyəti də yoxdur, o ancaq pul siyasətini yürüdür, tədavülə pul buraxır, təbii ki bunu biz onlara sifariş vermişik, belə söyləyim “Euro Souvenir Bank” bir fransız sahibkar Richard Faille tərəfindən  2015-ci ildə qurulub və Avropa Mərkəz Bankı ilə bir sözləşmə imzalayıb, bu fəaliyyət haqqını qazanıb və bizə də lisenziyanı məhz o verib, biz də xatirə pulları AMB-nın lisenziya verdiyi gerçək avro mətbəəsində çap etdiririk.

Bir də pulun üzərindəki rəqəm məsələsinə də qısaca aydınlıq gətimək istəyirəm. Belə deyim, bizim 5 qəpiyin və yaxud 100 lirənin üzərində Atatürkün şəkli var, bu o deməkdir ki, Atatürkün dəyəri 5 qəpik və yaxud 100 lirədir?  Nə qədər yanlış bir düşüncədir və bu bizi çox üzər. Öncəliklə bildirim ki, bu bankın dəyişməz qanunudur, xatirə pulun üzərində rəqəm yazılmaz – rəqəm olursa istifadə üçün yararlıdır anlamına gəlir, sonsuzluq işarəsi və yaxud hər hansı bir rəqəm yazılmasına da icazə verilmir. Məncə də rəqəm yazılsaydı bu şəxsiyyətləri kiçiltmiş olurduq, “0”ın anlamı keçərsiz deməkdir, yəni tədavülə buraxılmaz, alış-veriş edilməz, belə yazılması en doğrusu, çünkü bu şəxsiyyətlər pul ilə ölçülməz.

Özgür bəy, bu xatirə pul Azərbaycana nə vaxt göndəriləcək, bunu almaq istəyən çox insan var, səbirsizliklə gözləyirlər, bir də qiyməti bəllidirmi?

Bununla əlaqədar işləri bu gündən etibarən daha da sürətləndirməyə başladıq. Təxmin edirəm maksimum 8 həftəyə, bəlkə də daha erkən ola bilər. Qiyməti ilə ilgili onu deyim ki, bir qəlib hazırlayacağıq, arxasında Rəsulzadə və Nuri Paşa haqqında qısa önəmli bilgilər və içərsində xatirə avro, toplam qiyməti Türk lirəsi qarşılığı 50 lirədir. İzninizlə məni çox üzən bir məqama da toxunmaq istəyirəm, “mən bu xatirə pulu qazanc əldə etmək üçün çap etdirirəm” kimi bəzi yorumlar da oxudum, inanın içimdəki bu boyda Azərbaycan sevgisiylə gördüyüm işi bəziləri belə qiymətləndirəndə çox üzülürəm. Öncəliklə mən böyük bir şirkətin müdürüyəm, ehtiyac içində olan biri deyiləm, sonra da məqsədim pul qazanmaq olsaydı, bilirsiniz ki, Mövlanə Türkiyədə və eləcə də dünyanın bir çox yerində sevilir, onun şəklini çap etdirib daha çox pul qazanardım. Doğrudur, mən bir sahibkaram, amma bu mənim mənəvi ehtiyacımdır, mən pulu başqa cür də qazanıram. Sizə bir müjdə də verim və ilk dəfə bunu “Türküstan Mediya Qrupu”na açıqlayıram, növbəti çap edəcəyimiz xatirə avronun üzərində Azərbaycanın Milli Azadlıq Mücadiləsinin Lideri rəhmətlik Əbülfəz Elçibəyin şəkli olacaq və Allahın izniylə bunu 18 Oktyabr Azərbaycanın Müstəqillik Günündə Azərbaycan xalqına hədiyyə edəcəyik və inanıram ki, buna çox sevinəcəklər. Sonda bir daha deyirəm, biz Azərbaycan xalqını çox sevirik və onlar üçün gördüyümüz bu işlərdən həm zövq alırıq, həm də qürur duyuruq.

P.S. Özgür bəy müsahibəyə gəldiyi zaman üzərində Atatürkün şəkli olan xatirə avronu mənə hədiyyə etdiyi üçün çox təşəkkür edirəm.

Yaqut Misirxanlı

İstanbul

Paylaş: