Ca. Sen 19th, 2019

ABŞ-da yaşayan azərbaycanlı drijor

İstedad Allahın bəndəsinə bəxş etdiyi çox qiymətli hədiyyədir. Əksər hallarda özünə yol tapıb parlasa da, bəzi hallarda pünhan qalır. Almaz kimidir, cilalandıqca daha dəyərli olur. Məkan tanımır, bütün sədləri dəf edib sahibinə şöhrət gətirir…

Bu gün sizə ABŞ-da yaşayan daha bir istedadlı gəncdən, maestro Fərhad Xudiyevdən söhbət açmaq istəyirəm. Ulu babası Təbrizdən Bakıya, Bakıdan da Türkmənistana gedib. Atası Adil Xudiyev Aşqabadda iqtisadçı işləyib, 2008-ci ildə vəfat edib. Anası Adilə Rəsulova həkim kardioloqdur. Özündən başqa iki qardaşı da vardır…

Fərhad 1985-ci ildə Türkmənistanda anadan olub. 2001-ci ildə Aşqabadda Respublika Musiqi Məktəbinin doqquzuncu sinifini bitirərək ABŞ-ın Miçiqan ştatına gəlib. Burada “İnterlochen Arts Academy”-da orta təhsillə yanaşı skripka və bəstəkarlıq ixtisasını əldə edib. 2004-2008-ci illərdə Oberlin Konservatoriyasında həmin ixtisas üzrə ali təhsil alıb. 2008-2010-cu illərdə Kannektikut ştatında fəaliyyət göstərən Yel Universitetində ikinci ali təhsil kimi drijorluq ixtisasına yiyələnib. 2010-2011-ci illərdə Konnektikut, 2011-2012-ci illərdə Nyu Cersi orkestrlərində drijorluq edib. 2012-ci ildən Kaliforniya ştatının Gənclərin Musiqi Orkestrində baş drijor və musiqi direktoru vəzifəsində çalışır. Bu yaxınlarda Texas Universitetinin simfoniya orkestrinə dəvət alıb. Sentyabr ayından orada musiqi rəhbəri vəzifəsində işləməklə yanaşı, drijorluq sənətini tədris edəcək…

…Ömür-gün yoldaşı Marcilə xanım əslən Əfqanıstandandır. İxtisasca ekoloqdur. Alya adlı bir qızı vardır. Alya xanım hələ ki, altı aylıq körpədir…

Fərhad artıq bir sıra uğurlara imza atıb. On iki yaşı olarkən Rusiyada “Yeni adlar” festivalında ilk azərbaycanlı kimi üç il dalbadal təmsil olunub. 2007-ci ildə ABŞ-da keçirilən beynəlxalq kamera musiqisi festivalında qızıl medala layiq görülüb. 2009-cu ildə Yel Universitetində yenə də kamera musiqisi üzrə müsabiqədə birinci yerin mükafatına sahib olub. 2015-ci ildə Tayvanda keçirilən drijorların beynəlxalq müsabiqəsində çin musiqisinin ən yaxşı ifasına görə mükafat alıb. 2017-ci ildə Almaniyada baş tutan drijorların Şolti adına beynəlxalq müsabiqəsində üçüncü yerə çıxıb. 2018-ci ildə isə Amerikanın gənc drijorlarının müsabiqəsində Şolti adına mükafata layiq görülərək, Amerikanın beş ən yaxşı drijorundan biri seçilib…

…Təbiət qoynunda olmaqdan zövq alır. Mütaliə etməkdən yorulmur. Futbol oynamağı xoşlayır. Bədii yaradıcılıqla da məşğul olur. İndiyədək beş kamera və üç simfonik əsər bəstələyib…

Fərhad Azərbaycan musiqisinə də biganə deyil. Bu barədə Azərbaycan ictimaiyyəti məlumatsız olsa da xeyli işlər görüb. 2013-cü ildə məşhur kamança ifaçısı İmamyar Həsənov və Montorey Gənclər Orkestrinin iştirakı ilə ABŞ-da ilk dəfə olaraq Azərbaycan simfonik musiqisindən ibarət konsert keçirilməsinə nail olub. Konsertdə onun drijorluğu ilə Hacı Xanməmmədovun kamança və simfonik orkestr üçün bəstələdiyi musiqilər səsləndirilib. 2018-ci ildə isə Montorey Simfonik Orkestrinin iştirakı ilə daha bir konsert təşkil edib. Həmin konsertdə balaban ifaçısı Nicat Məsimov, nağara ifaçısı Natiq Şirinov və piano ifaçısı Abuzər Manafzadə də iştirak ediblər…

Həlim, gülərüz, mehriban gəncdir. Ana dilində sərbəst danışa bilməsə də fikirlərini ifadə etməyi yaxşı bacarır. İngilis, rus, alman dillərində danışa bilir. Türkmənistanda, ABŞ-da boya-başa çatsa da milli kimliyini unutmur və nə vaxtsa, haradasa kimsə soruşanda azərbaycanlı olduğunu fəxrlə söyləyir.
İnanıram ki, bu gənc istedadlı drijor Azərbaycan musiqisini Amerikada hələ çox tanıdacaq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, çiçek, bitki, açık hava ve doğa

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, takım elbise

Görüntünün olası içeriği: 5 kişi, ayakta duran insanlar, gökyüzü ve açık hava

 

Görüntünün olası içeriği: 2 kişi, müzik enstrümanı çalan insanlar, sahnedeki insanlar ve iç mekan

 

Paylaş: