Bz. Dek 15th, 2019

İran ABŞ-ın yumruqlarını geri qaytarır – Qərb mediası

Vaşinqtonun “maksimum təzyiq” kampaniyası Tehranı boyun əyməyə məcbur edə bilmədi, faktiki olaraq, bunun əksinə yol açdı. “The Atlantic” portalında Kati Gilsinan yazır ki, İranın həmişə seçimi olub və indi onlardan istifadəyə başlayıb.

“İran bir ilə yaxın çömələrək Trump administrasiyasının təkrar zərbələrini qəbul edib – nüvə sazişindən çıxmasını, sanksiyaların güclənməsini, artan hədələri. İndi isə İran geri zərbələr endirir”, – müəllif yazır.

Bazar ertəsi Tehran nüvə sazişi öhdəliklərinin icrasını məhdudlaşdırmaqla bağlı aydın və sürətli plan təqdim elədi. Bundan öncə regionda neft tankerlərinə hücumlara görə ABŞ İranı ittiham eləsə də, Tehran onlarla əlaqəsi olmadığını deyib.

“Əgər administrasiya güman edirdisə ki, ‘maksimum təzyiq’ İranı təslim olmağa məcbur edəcək və ABŞ-la müttəfiqləri buna görə heç bir bədəl ödəməyəcək, deyəsən, yanılıblar. Tərəflər müharibə istəmədiklərini desələr də, hər ikisi getdikcə qızışır”, – məqalədə vurğulanır.

Ancaq müəllif İranın daha artıq qızışdırıcı mövqe tutmağa yeri qaldığını yazır. Diplomatik cəbhədə Tehran indiyədək qarşısı alınası addımlar elan edib. Mayda avropalılara 60 gün vaxt verdi ki, sazişə imza atmış digər ölkələr onun iqtisadi mənfəətini təmin etməsələr, uran zənginləşdirmə səviyyəsini dörd dəfə artıracaq. Bu ay beynəlxalq müfəttişlər İranın həqiqətən də nüvə yanacağı istehsalını gücləndirdiyini bildirdilər. “Ancaq bu, atılması mümkün digər addımlarla müqayisədə daha mötədil görünür, məsələn, sazişdən tamamilə çıxmaq kimi”, – müəllif vurğulayır və tanker hücumlarının da İranın hərbi doktrinasına uyğun ola biləcəyini yazır.

Belə ki, Tehranın amerikalılar, yaxud avropalılardan güzəşt qoparmağa təzyiq rıçağı azdır, onlar İranın nüvə silahı hazırlamamasını, regionda sabitsizlik yaratmaq fəaliyyətini dayandırmasını istəyirlər. “Bu zaman İranın məntiqi olaraq atacağı ən yaxşı addım bu hədəflərə təhdid yaratmaq, sonra güzəştlər əvəzində hədələməyi dayandırmağı təklif etməkdir”, – məqalədə deyilir.

Paylaş: