Bz. Dek 8th, 2019

Ekspert Rövşən Ağayev: “İlin sonuna qədər inflyasiya gözlənilmir, amma…”

İqtisadçi ekspert Rövşən Ağayev hökumətin sosial sahədə atdığı son addımları, maaş artımlarını, inflyasiya riski ilə bağlı fikirləri dəyərləndirib. Ekspertin amerikaninsesi.org saytına müsahibəsnini oxuculara təqdim edirik:

– Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə hökumət öz üzərinə həm də sosial bir risk götürdü. Bununla bağlı problemin həllini necə görürsünüz?

​- Çox doğru yanaşmadır. Yəni, bilirsiniz ki, indiyə qədərki dövrdə hökumətin büdcə siyasətində, xərcləmə siyasətində belə bir prioritet olmuşdu ki, mümkün qədər sosial xərcləri az götürürdülər. Məsələn, tutaq ki, maaş və təqaüd xərclərinin büdcədə payı heç bir halda 30 faizi ötmürdü. Amma indiki situasiyada, mənim hesablamalarıma görə, bu göstəricinin 40 faizi ötəcəyi gözlənilir. Aşağı sosial yükün götürülməsi hökuməti həmişə büdcə riskindən qaçırırdı. Tutaq ki, neftin hətta 30 dollar olduğu dövrdə belə, manat üçün risk yaransa da, büdcə yükünün daşınması üçün, büdcə yükünün hökumətin çiynində daşınması üçün o qədər risk yaratmırdı. Mən düşünürəm ki, bu il üçün deyil, (sosial xərclər elədir ki, investisiya xərclərindən fərqli olaraq artıbsa onu azaltmaq olmaz) 2020-ci ildə də ən azı 2019-cu ilin sosial xərc səviyyəsini gözləməlidir. Sosial xərclərin büdcədə payının artması hökumət üçün, mən deyərdim ki, həm də bir büdcə tələsidir. Yəni, artıq manatın məzənnəsi bu günə kimi hökumət üçün bir tələ idisə, yəni neftin qiymətindən asılı olaraq. Düşünürəm ki, sosial xərclərin artırılması artıq hökimət üçün növbəti, başqa bir tələ, büdcə tələsi yaratdı. Burada maraqlı bir detalı da deyim. Hökumət büdcədə həmişə investisiya xərclərini yüksək tuturdu. İnvestisiya xərcləri elə xərclərdir ki, hökumət onunla manevr edə bilirdi. Siz yaxşı bilirsiniz ki, 2015-2016-cı illərdə hökumət investisiya xərclərinin həcmini iki dəfə aşağı saldı. Yəni, o xərclərlə manevr edə bilirdi. Amma, sosial xərclər elə xərclərdir ki, hökumət o xərclərlə manevr edə bilmir. Ona görə də, mən düşünürəm ki, siz haqlısınız. Hökumət artıq sosial xərcləri artırmaqla özü üçün risk, bir büdcə tələsi yaradır.

– Maaşların və pensiyaların artması həm də dövriyyəyə çox miqdarda pul kütləsinin gəlməsi deməkdir. Belə bir vəziyyətdə manatın dollara münasibətdə riskləri nə qədər real ola bilər?

– Neftin qiyməti indi kifayət qədər yüksəkdir. İndiki valyuta bazarındakı təklif tələbi əhəmiyyətli dərəcədə üstələdiyi üçün, ən azı yaxın altı ayda, yəni ilin sonunadək belə bir risk görünmür.

​- İş orasındadır ki, bu gün qiymətlər daha çox artdı. Siz baxsanız, görəcəksiniz ki, ötən illə müqayisədə istehlak səbətinin dəyərini hökumətin özü 136 manatdan 180 manatadək artırıb. Hətta, məlumat var ki, yenidən baxılmaq məsələsi var. Yəni, qiymətlərin artdığı bir şəraitdə insanlar o vəsaitləri daha çox yaranmış izafi xərclərə yönəldəcək, nəinki dollar almağa. Əgər, qiymətlər dəyişmədiyi şəraitdə, istehlak mallarının qiymətinin dəyişmədiyi şəraitində, yüksək infilyasiya olmadığı şəraitdə, bu baş verərdisə, bəli insanlar əlindəki əlavə pul kütləsini daha çox etibarlı yığım vasitəsi kimi xarici valyutaların alınmasına yönəldərdi. Bu, bazarda müəyyən bir narahatlıq yarada bilərdi. Bu məsələnin bir tərəfidir. Bu baş verməyəcək. Amma ikinci tərəfi var ki, bəli, ola bilər ki, əlavə məhsullar gətirmək lazım gəlsin (biz idxaldan asılıyıq), xarici mala tələbat artsın. Bu riski də önləyən başqa bir səbəb var. Neftin qiyməti indi kifayət qədər yüksəkdir. İndiki valyuta bazarındakı təklif tələbi əhəmiyyətli dərəcədə üstələdiyi üçün, ən azı yaxın altı ayda, yəni ilin sonunadək belə bir risk görünmür. Siz dediyiniz risk nə vaxt meydana çıxacaq? Neftin qiyməti 50 dollara və bunun altına düşərsə, artıq həm büdcə tələsi, həm də manatın məzənnəsindən asılılıq valyuta bazarı üçün də əlavə risklər yarada bilər.

Paylaş: