Be. Noy 18th, 2019

ABŞ-dan Paşinyana Qarabağ “QULAQBURMASI”: İrəvan belə susduruldu

“Xarici işlər nazirlərinin Vaşinqton görüşündən sonra təmas xəttində müəyyən sakitlik yaranıb. Amma bu sakitlik süni xarakter daşıyır”.

Bu fikirləri politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, görünür, aparıcı dövlətlər, xüsusilə, ABŞ Vaşinqton görüşündən sonra Ermənistana “qulaqburması” verib: “Xatırlayırsınızsa, ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Cənubi Qafqaza səfəri zamanı demişdi ki, Dağlıq Qarabağ münaqişəsinə son vermək lazımdır. Bu açıqlamanın Ermənistanda verilməsi birbaşa rəsmi İrəvana mesaj idi. Məsələnin digər tərəfi ondan ibratədir ki, Ermənistan bütün hallarda çalışır ki, işğal olunmuş torpaqlar öz nəzarəti altında qalsın. Əslində başa düşürlər ki, hüquq onların tərəfində deyil, beynəlxalq təzyiqlər var. Qarabağ klanı hələ ki, kifayət qədər güclüdür və baş nazir Nikol Paşinyana qarşı təxribatlar törədirlər. Hətta Robert Koçaryanla bağlı da bir sıra addımlar atılır. Ermənistanın qeyri-stabil daxili siyasəti və çətin durumda olmasına baxmayaraq, bütün bunlar azmış kimi İrəvan Rusiya ilə də münasibətləri pozub. Hətta AŞPA-da Rusiyanın assambleyaya qayıtması ilə bağlı səsvermədə iki erməni əleyhinə səs vermşdi. Sonradan bunun texniki yanlışlıq olduğu bildirilsə də, bu, gülünc açıqlamadır”.

F.Sadıqov qeyd edib ki, Ermənistanın hər şəraitdə ikiüzlülük siyasəti yürütməsi göz qabağındadır: “Bu, təkcə, Azərbaycanla bağlı deyil, həm də ən yaxın müttəfiqlərilə bağlı işlərdə də özünü biruzə verir. Bütün bunlara rəğmən, Ermənistanla yekun nəticəyə gəlmək üçün Azərbaycan diplomatik səylərini gücləndirməlidir. Çünki bu səylər Ermənistanın siyasətini dəyişdirməyə vadar edir. Ermənistanın həm hərbi, həm də diplomatik təzyiq altında qalması onu boyun əyməyə gətirib çıxaracaq”. (publika.az)

Paylaş: