Be. Noy 18th, 2019

Azərbaycanlı yazarlara Saxada böyük lütfkarlıq – FOTOLAR

Saxa (Yakutiya) ədəbiyyatının klassiki, fəlsəfi fikir tarxinin banisi, adını tarixə yazmış ictimai və dövlət xadimi, şair, yazıçısı, repressiya qurbanı Platon Oyunskinin ötən ilin sonunda Azər­baycan dilində çapdan çıxan “Qırmızı şaman” kitabı uzaqdakı qardaş ölkədə məm­nu­niy­yət­lə qarşılanıb. 
Turkustan.info-nun məlumatına görə, Saxa Yazıçılar Bilriyi azərbaycanlı yazarlar – “Qırmızı şaman” kitabının layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalını və Oyunskinin əsərlərini dilimizə çevirən Aida Eyvazlını təqdimat törəninə dəvət edib.

Artıq Saxada olan Azərbaycanlı yazarları 27 iyun 2019-cu ildə hava limanında Yazıçılar Birliyinin başqanı, Xalq şairi Natalya Xarlampyeva, Saxa İl Tümeninin (Dövlət Məclisinin) üzvü, Saxanın fəxri vətəndaşı, soydaşımız Əliş Məmmədov və digər şəxslər qarşılayıb.

Yazarlarımızın ilk rəsmi görüşü Əliş Məmmədov, Natalya Xarlampyeva və Saxa Yazıçılar Birliyinin başqan müavini, “Çolbon” (“Ulduz”) jurnalının redaktoru Qavril Androsovun iştirakı ilə Saxa İl Tümenində olub. İl Tümen başqanının I müavini Aleksandr Jirkov qonaqları qonaqpərvərliklə qəbul edərək, iki qardaş respublika arasında son illər sıxlaşan mədəni əlaqələri yüksək dəyərləndirib. O, uzaqdan gələn qonaqların Saxa ədəbiyyatı klassikinin əsərlərinə ya­radıcı münasibətini, ümumən iki qardaş xalqın yazarları arasında ədəbi-mədəni əməkdaşlığa dair fəaliyyətini yaxından izlədiyini bildirərək, öz minnətdarlığını yetirib: “Siz bizim keç­mi­şimizi, ədəbiyyatımızı gün işığına çıxarırsız, bu vəsilə ilə yeni nəslin yaddaşını itməyə qoymursuz. Bu işlə hər adam məşğul ola bilmir. Tərcümə prosesi, kitab nəşri insanın çox vaxtını alır. Lakin buna baxmayaraq, Platon Oyunskinin irsinə müraciət etməklə, bizim xalqımıza böyük bir töhfə verib, Oyunskini Azərbaycan dilində danışdırıbsız”.

Azərbaycanca çıxan “Qırmızı şaman” kitabında toplanan “Qırmızı şaman”, “Ulu Kudansa”, “Makedoniyalı İsgəndər”, “Bilgə Süleyman” və digər əsərlərin dünyəvi, fəlsəfi önəmindən danışan cənab Jirkov, bldirdib ki, bu əsərlərdə xalqın təfəkkürnün və milli özünüdərkin dərin bədii çalarları var.

İl Tümen başqanının I müavini eyni zamanda türksoylu xalqlara məxsus olan, Saxa türk­lərinin milli folkloru sayılan Olonxodan söhbət açaraq, Olonxonun YUNESKO-nun “qeyri-maddi irs” siyahısına qəbul olunduğunu deyib.

“Dünya xalqlarının dastanları” layihəsinin müəllifi olan A.Jirkov, 2014-cü ildən bu yana qırğızların “Manas”, Altayların “Maday Xara”, başqurdların “Uraal Batır” eposlarını saxa dilinə çevirdiklərini bildirib.

Saxa Respublikasının tanınmış ictimai-siyasi xadimi və tarixçi olan A.Jirkov Azərbaycana olan xüsusi məhəbbətindən də danışıb: “Biz  Heydər Əliyev şəxsiyyətinə hər zaman sayğı ilə yanaşmışıq. O, türk dünyasına məxsus parlaq şəxsiyyət idi. Onun necə bir şəxsiyyət olduğu uzaqdan da görünürdü. İndiki Azərbaycan prezidenti İlham Əliyevin də bizim könlümüzdə özəl yeri var.

Siz doğru edirsiniz ki, Heydər Əliyevin adını əbədiləşdirirsiniz. Xalqın içərisindən çıxan görkəmli şəxsiyyətləri, qəhrəmanları unutmaq olmaz.  Biz də respublikamızın I prezidenti Mixail Yefimoviç Nikolayevin xidmətlərini Sizin kimi qiymətləndirməyə, yaşatmağa və əbədi­ləş­dirməyə çalışırıq. Biz də onun adını özümüzün dövlətçilik tariximizə yazırıq”.

A.Jirkov onu da deyib ki, keşməkeşli Azərbaycan tarixi ilə tanışdır. “Sizin qədim tarixiniz vardır. Mən özüm tarixçiyəm. Sizin torpaqlar, ərazilər uğrunda tarix boyu savaşlar, döyüşlər olub; onların içərisində qələbə qazanılanı da olub, uduzulanı da. Nəticədə, bugün müstəqil Azərbaycan Respublikası var, özünüz öz taleyinizin sahibisiz. Biz də burada öz vətənimizi sevib, qoruyuruq. Biz belə düşünürük ki, dünyada Yakutiyadan gözəl yer yoxdur. Ola bilər, Yakutiyanın özü də Azərbaycandan sonra gözəldir. Bununla belə biz müqəddəs Vətənimizi çox sevirik”.

Görüşün sonunda cənab Jirkov hər iki yazarımıza rəsmi “Təşəkkürnamə” və Saxanın milli mədəniyyət nümunəsi olan çoron hədiyyə edib.

Azərbaycanlı yazarlar da, öz növbələrində onlara göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, fikir mübadiləsi aparıb və İl Tümen başqanının I müavininə xatirə hədiyyələri təqdim edib.

Əlavə edək ki, yazarlarımızın uzaqdakı qardaş ölkəyə sə­fəri davam edir. Onlar saxalıların ISIAX milli bayramı şənliklərində, digər maraqlı proqramlarda da iştirak edəcək, rəsmi şəxslər, yazarlar, mədəniyyət xa­dimləri ilə gö­rüşəcək.

Onu da vurğulayaq ki, Platon Oyunskinin 125 illik yubileyinə Azərbaycan ədəbi ictimaiyyətinin töhfəsi kimi nəşr edilən bu kitab, repressiya qurbanı olmuş klssikin Rusiya Federasiyasnından kənardakı türk ölkə və topluluqlarında ilk kitabı olma özəlliyini daşı­maqdadır.

 

Paylaş: