Be. Noy 18th, 2019

“Dilimizi təkcə dövlət qorumamalıdır”

Qloballaşma şəraitində Azərbaycan dilini zərərli xarici təsirlərdən necə qorumaq olar? Bu barədə fikirlərini açıqlayan keçmiş millət vəkili, Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı da  bildirib ki, Azərbaycan dili dünyanın ən qədim dillərindən biri olduğu və Avrasiya məkanında geniş yayıldığı üçün onun assimilyasiyaya uğraması mümkün deyil. «Amma bununla bərabər elə məsələlər var ki, müstəqil dövlətdə həmin məsələlər həll olunmalıdır. Yəni Azərbaycan Respublikası Azərbaycan dilinə dövlət dili statusu qazandırıb. Hərçənd ki, sovet dövründə də bizim konstitusiyada Azərbaycanda dövlət dilinin Azərbaycan dili olduğu qeyd olunurdu. Lakin ona əməl olunmurdu» – deyən millət vəkili bildirib ki, bu gün Azərbaycan dili sözün həqiqi mənasında dövlət dilidir, rəsmi dairələrdə, beynəlxalq görüşlərdə həm də beynəlxalq səviyyədə işlək dillərdən birinə çevrilib.

Belə olan halda dilin ümumi zənginləşmə və özünüqoruma, özünütəmizləmə sistemləri dilin işlənmə arealına, işlənmə masştabına uyğun olmalı olduğunu önə çəkən deputat söyləyib ki, ölkəmiz müstəqil və açıq olduğu üçün hər tərəfdən Azərbaycana qonaqlar gəlir, görüşlər keçirilir, insanlar və mədəniyyətlər bir-birinə qarışır: «Bu halda dilə də çoxlu axınlar olur. Ona görə dildə bir süzgəc, bir təmizlənmə mexanizmi olmalıdır. Belə olmasa müəyyən müddətdən sonra yabançı sözlərdən qorunmaq ağırlaşa bilər. Bundan əlavə, qanunların dilinin qorunması, texnologiyanın inkişafı ilə əlaqədar olaraq alınma sözlərin çoxluğu, xarici dillərdən tərcümə edərkən Azərbaycan dilində qarşılığı olan müəyyən sözlərin işlədilməməsi bəzən dili gərəksiz sözlərlə doldurur. Terminologiya məsələlərinə olduqca mühüm diqqət yetirilməlidir.

Hansısa sözlər, terminlər məneəsiz şəkildə dilimizə daxil olur». Millət vəkili qeyd edib ki, Azərbaycana gələn şirkətlər, firmalar özlərinin brend adları ilə yanaşı, öz ölkələrinin sözlərini Azərbaycan dilinə gətirirlər və bu da dilimizdə inkişafla yanaşı, müəyyən problemlər yaradır: «Məişətdə bizim müqavimətsizliyimizə görə bəzən ictimaiyyət arasında qarışıq bir dildə danışanların sayı artır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı verdiyi sərəncam da çatışmazlıqların və problemlərin aradan qaldırılması üçün münbit şərait yaradır və bu sərəncamdan da olduqca səmərəli şəkildə istifadə etmək lazımdır».

S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanda informasiya texnologiyaları çox böyük inkişaf yolu keçib və artıq insanlarımız özlərini bilgisayarsız və internetsiz təsəvvür etmirlər. Bu zaman texnologiyaların yeni nailiyyətləri ilə yanaşı, dilimizə alınma sözlər də gəlir: «Həmin sözlərin Azərbaycan dilində qarşılığı tapılıb işlədilməlidir. Klaviatura sistemləri dəqiqləşdirilməlidir. Sosial şəbəkələrdə öz hərflərimizi olduğu kimi yazmalıyıq. Yəni insanlarımız öz dillərinə qarşı xüsusi həssaslıqla yanaşmalıdırlar. Vətəndaşlarımız «ə», «ş» hərfləri əvəzinə «e» və «sh» yazmamalıdır. Bu problem artıq çoxdan həll olunub və sadəcə olaraq klaviaturada dili dəyişməklə öz ana dilimizdə, öz hərflərimizlə yazmalıyıq. Yəni vətəndaşlarımız özləri fikirləşməlidir ki, mən nə üçün fikrimi başqa hərflərlə çatdırım, əgər bilgisayarda Azərbaycan hərfləri ilə yazmaq mümkündürsə.

Yəni demək istəyirəm ki, dil elə bir mühüm əhəmiyyət daşıyan mirasdır ki,  onu təkcə dövlət qorumamalıdır. Çünki bu, təkcə dövlətin işi deyil. Dili həm də cəmiyyət qorumalıdır. Cəmiyyət, xalq öz dilinə olduqca həssaslıqla yanaşmalı, hər gələn sözü yaxın buraxmamalıdır. İndi elə etmək lazımdır ki, «ə» və «ş» yazanda dünyanın hər yerində oxunsun. Azərbaycana gətirilən bilgisayarlar və mobil telefon şirkətləri ilə danışıqlar aparılmalı və onlara elə zavoddaca Azərbaycan dili yüklənməlidir. Menyu da Azərbaycan dilində olmalıdır. Onu da bildirim ki, xəbər saytları, rəsmi internet səhifələri yaydıqları məlumatların mətninin redaktəsinə cavabdehdirlər və onlar informasiyanın dilinə də nəzarət etməlidirlər».

Yazı “Ortaq Dəyərlər” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycan dilinin saflığının qorunması ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində dərc olunur

 

 

Paylaş: