Be. Noy 18th, 2019

Dönər ətində ZƏHƏRLƏNMƏYƏ səbəb olan bakteriyalar hansıdır? – Ekspert AÇIQLADI

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Bakının “Maşın bazarı” deyilən ərazisində 12 nəfərin dönərdən zəhərlənməsi qeydə alındı. 
Bəs insanlar keyfiyyətli dönər almaq üçün nələrə diqqət etməlidirlər?
Sualı cavablandıran qida təhlükəsizliyi üzrə ekspert İsa Əliyev insanlara ucuz, görünüş baxımından ürək açmayan dönərləri almamalarını məsləhət gördü:
“Yay aylarında istilərin artmasıyla istər ət və ət məhsullarını, istərsə də süd və süd məhsullarını alarkən diqqətli olmaq lazımdır. Çünki istinin artmasıyla yanaşı, bakteriyaların da sayı artır və bu da nəticədə bir çox problemlərə gətirib çıxara bilir. Nəzərə alaq ki, açıq şəkildə satılan dönərlərdə antisanitariya və gigiyenik şərtlərə çox da riayət olunmur. Əsas ət və ət məhsullarında iki bakeriyanın artması müşahidə olunur. Bunlardan biri “stafilokokkus aureus”, digəri isə “salmonella” bakteriyalarıdır. “Stafilokokkus aureus” bakteriyası əsasən gigiyenik olmayan şəraitdə çoxalır. Dönərlər açıq şəkildə satılır və dönər ustaları heç bir əlcək geyinmədən çılpaq əllə dönər hazırlayırlar. Ətrafa nəzər salanda görürsən ki, antisanitar bir şəraitdir. Bu isə o deməkdir ki, çöldən ətə doxsan faiz kontaminasiya olunub. O zaman bakteriya orda vüsət alır və insanda zəhərlənməyə yol aça bilir.
“Salmanella” bakteriyası ət yaşı bişirilmədikdə əmələ gəlir və bu da insanın zəhərlənməsinə gətirib çıxarır. Zəhərələnmələr təqribən 10-12 saat ərzində özünü biruzə verir və belə ki, həmin insanda baş, qarın ağrısı, mədə bulantısı olur və temperaturu yüksəlir. Belə hallarla rastlaşan zaman dərhal həkimə müraciət edilməlidir. İstehlakçılarımıza tövsiyəm odur ki, ucuz dönərlərə meyl etməsinlər, daha çox gördükləri, bildikləri yerlərdən dönər alsınlar. Bunu həmin yerin ərazisinə baxış keçirməklə də müəyyən etmək olar”. (moderator.az)

Paylaş: