Be. Noy 18th, 2019

Rusiya Tiflisdən bunu ALMAQ İSTƏYİR – Təzyiqlərin SƏBƏBİ BİLİNDİ

Rusiya Gürcüstana iqtisadi sanksiyalar tətbiq edərək Tiflisdən istədiyini almaq niyyətindədir.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli son günlər Gürcüstanda baş verən hadisələrdə Rusiyanın rolundan danışarkən deyib. O bildirib ki, Kreml rəsmi Tiflisdən istədiyini ala bilmədiyi üçün ölkədə gərginlik yaratmağa çalışır:

“Gürcüstanda baş verənləri az da olsa yerində araşdıran insan kimi belə qənaətə gəldim. Rusiya çox incə təxribat təşkil etməklə, Gürcüstana sanksiyalar tətbiq etmək istəyirdi. Buna da qismən nail oldu”.

Ekspert Rusiyanın əsas məqsədinin Ermənistanda hərbi kontingentini gücləndirmək olduğunu bildirib:

“ABŞ-İran, ABŞ-Türkiyə qarşıdurması böyüdükcə Kreml Ermənistanda hərbi kontingentini gücləndirmək və artırmaq istəyir. Bunun üçün yerüstü logistik marşrut lazımdır. Hava yolu ilə silah-sursat daşımaq, təhcizatı tam təmin etmək mümkün deyil – çox baha başa gəlir. Buna görə Rusiya Gürcüstandan keçməklə Ermənistandakı qoşunlarının təminatını saxlamaq istəyir. Lakin İvanişvili komandası buna razılıq verməkdən qorxur. Çünki həm gürcü xalqı buna kəskin reaksiya verəcək, həm Azərbaycanla əlaqələr korlanacaq, həm də İran və Türkiyənin əlavə sualları yaranacaq. Bu səbəbdən indi Kreml iqtisadi sanksiyalarla, turizmə və şərab ixracına qadağalarla Gürcüstanı yola gətirmək, özü üçün Ermənistana quru yol açmaq istəyir”. (axar.az)

Paylaş: