Be. Sen 16th, 2019

Rafael Ağayevin finalda uduzmasının səbəbi…

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçimiz Rafael Ağayevin finalda ukraynalı Stanislav Horunaya uduzması gözlənilməz olub.

Turkustan.info xəbər verir ki, gümüş medalla kifayətlənməli olan 34 yaşlı millimizin lideri “Minsk-2019″da tam gücü ilə çıxış edə bilməyib.

Belə ki, Rafael Ağayev bir ay əvvəl zədə alıb. Onun əzələsində 3-cü dərəcəli yırtıq aşkarlanıb. Bu səbəbdən “karatenin qara brilyantı” 25 gün heç bir idman hərəkəti etməyib. O, yalnız yarışa 4-5 gün qalmış məşq etmək gücündə olub.

Qeyd edək ki, 75 kq çəki dərəcəsində çıxış edən titullu karateçi “Minsk-2019″da mübarizəyə B qrupunda başlayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə yenən Ağayev Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0. Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi finala vəsiqə uğrunda estoniyalı Pavel Artamonovu da mübarizədən kənarlaşdırıb. Finalda Stanislav Horunaya 0:4 hesabı ilə uduzan Ağayev mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib.     /qafqazinfo/

Paylaş: