C. Avq 23rd, 2019

Türkiyə və Rusiya yerlərini tapmaq üçün mübarizə aparacaq – Bəs Azərbaycanı NƏLƏR GÖZLƏYİR?

Qloballaşma artıq arxada qaldı.

Turkustan.info bildirir ki, millət vəkili Tahir Mirkişili artıq qloballaşmaya “əlvida” deməli, diqqətimizi yaranmaqda olan çoxqütblü dünyaya yönəltməli olduğumuzu deyib:

“Yeni dünyada ən azı 3 böyük region dominantlıq edəcək: Amerika, Avropa Birliyi və Çin-Mərkəzi Asiya. Hər 3 mərkəzin iqtisadi siyasətə, azadlıqlara, müharibəyə, texnologiyalara və cəmiyyətə çox fərqli yanaşmaları olacaq. Rusiya, Britaniya, Yaponiya, Türkiyə kimi orta ölçülü ölkələr yeni dünyada öz yerlərini tapmaq üçün mübarizə aparacaqlar, kiçik ölçülü ölkələrlə birlikdə koalisiya yaratmağa çalışacaqlar. XX əsrin institutları- Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Ticarət Təşkilatı sıradan çıxacaq”.

Millət vəkili qeyd edib ki, Azərbaycan gələcək hər 3 dominant region ilə strateji münasibətlər qurur:

“Ölkəmiz Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, XX əsrin beynəlxalq təşkilatları ilə milli maraqlara əsaslanan əməkdaşlıq edir. Yəni, dünyanın gələcək siyasi modelinə indidən hazırlaşır”.

İqtisadçı ekspert Natiq Cəfərli də məsələ ilə bağlı saytımıza danışıb.İqtisadçı hesab edir ki, çoxqütblü dünya anlayışına ən uyğun gələn ölkələrdən biri Azərbaycandır:

“Dünya ağ-qara deyil. Dünya ölkələri kifayət qədər bir-biri ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Məsələn, ABŞ iqtisadiyyatında hansısa böhran baş verərsə, bu, bütün dünyaya təsir edir. 2008-ci ildə ABŞ-da başlayan iqtisadi təlatümlər bütün dünyaya yayıldı. Eləcə də bundan öncə 1998-ci ildə Yaponiya və Çində yaranan böhranlı vəziyyətdən sonra, bütün Asiya birjalarında çöküş yaşandı. Bu böhran ən çox da Rusiyanı vurdu. Rublun ilk dəfə kəskin dəyərdən düşməsi məhz 1998-ci ilə təsadüf edir”.

N. Cəfərli vurğulayıb ki, iqtisadi nöqteyi-nəzərdən anti-qloballaşmadan əl çəkib hər dövlətin öz sərhədləri çərçivəsinə çəkilməsi də doğru deyil:

“Yəni burada ortaq məxrəc tapılmalıdır. Dövlətlərin axtardığı ortaq məxrəc milli maraqları önə çəkərək bu maraqların qorunması yönündə addımlar atmaqdır. Qloballaşmanın sonu əslində ABŞ seçkilərində Donald Trampın qalib gəlməsindən sonra meydana gəldi. Çünki Donald Tramp ticarət və valyuta müharibələri ilə öz siyasi maraqlarını iqtisadi rıçaqlar vasitəsilə həyata keçirməyə çalışır. Hindistan, Çin, Avropa Birliyi, Meksika ilə də ticarət müharibələrinin genişlənməsi də məhz bunun əsas səbəbidir”.

İqtisadçı qeyd edib ki, çoxqütblü və yaxud da təkqütblü olmasından asılı olmayaraq, dünyanın daha ədalətli idarə olunması əsas məsələdir:

“Artıq Azərbaycanda oturuşmuş iqtisadi istiqamət var. Digər tərəfdən Azərbaycan çox həssas bölgədə yerləşir. Qonşularımızla münasibətlərə həmişə diqqətlə yanaşmağa məcburuq. Azərbaycan hökumətinin apardığı xarici siyasət müəyyən xırda qüsurları çıxmaq şərti ilə reallığı əks etdirir. Azərbaycan çoxqütblü dünyaya sanki ən hazır ölkələrdən biridir. Çünki ölkəmiz Qərb, Rusiya, İran, Çin – ümumilikdə bütün istiqamətlərdə münasibətləri canlı tutmağa çalışır”.

N. Cəfərli bildirib ki, Azərbaycanın iqtisadiyyatı Qərblə çox sıx inteqrasiya olunub:

“Ölkəmizin siyasi bağlılığı da getdikcə daha çox AB-yə tərəf olacaq. Nə qədər çoxqütblü dünya olsa da insanları cəlb edən bir neçə əsas məsələ var. Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası deyilən anlayışı xatırlayın. Piramidanın ilk pilləsində insanın ilkin təlabatları yer alır. Azərbaycanda dövlət xalqının ilkin təlabatlarını tam ödəyə bilir. Artıq Maslou Pramidasının iki pilləsini geridə buraxmışıq. Qalan 3 pillənin təmin olunması üçün isə AB və ABŞ-a yönələn siyasət yürüdülməlidir. Bu, Rusiya və Çin tərəfindən inkar olunsa da, AB və ABŞ insan haqq və azadlıqlarının genişləndirilməsi, ədalətlilik prinsipi, rəqabətli mühit, seçki mühitinin daha genişləndirilməsi, insanların siyasətdə və idarəetmədə iştirakının daha geniş şəkildə təmin olunması baxımından daha öndədir. Ona görə də Azərbaycanın gələcəkdə siyasi və hərbi istiqamətdə inkişafı da fürsətlərin bol olduğu, ədalətin daha geniş yayıldğı sistemlərə doğru olacaq. Gələcəkdə burada Rusiya, Çin, İranla bağlı müəyyən problemlər yaşansa da, bu proses baş verəcək”.   REDAKTOR.AZ

Paylaş: