Şb. Okt 19th, 2019

Niyə “S-400”lərin yerinə “Patriot”? – ABŞ-ın qorxunc Türkiyə PLANI

“ABŞ Türkiyə dövlətinə artıq sanksiyalar tətbiq edir və bu sanksiyaların ölkə iqtisadiyyatına vurduğu zərər göz qabağındadır. Artıq lirənin kəskin devalvasiyasına adekvat olaraq, Türkiyə iqtisadiyyatında dərinləşən böhran hökm sürür”.

Bunu politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması ABŞ-ın sanksiyalarının sərtləşməsinə səbəb olacaq:

“Prezident Donald Tramp və Dövlət katibi Mayk Pompeo da dəfələrlə bəyan edib ki, Türkiyə Rusiyadan “S-400”lərin almasını dayandırmasa, bu sanksiyalar sərtləşəcək, ikitərəfli münasibətlərə ciddi zərər dəyəcək. İstisna deyil ki, bu gərginlik NATO-Türkiyə münasibətlərində də yüksələn xətlə görünsün. ABŞ-ın narahatlığı budur ki, “S-400”lərin alınması “F-35” qırıcılarının texnoloji sirlərinin və NATO-nun hərbi-kəşfiyyat məlumatlarının Rusiya tərəfindən ələ keçirilməsinə şərait yaradacaq.

Əlbəttə, Türkiyənin Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı NATO və ABŞ-ın maraqlarına cavab vermir. NATO və ABŞ çalışır ki, Türkiyənin bu silahlar üçün ayırdığı milyardlarla dollar vəsait Rusiyanın yox, Amerika və alyansın büdcəsinə getsin. Ortada ciddi maliyyə faktorları var ki, Qərblə qarşıdurma vəziyyətində olan Rusiyanın bu maliyyə vəsaitlərini əldə etməsi öz xeyrinə işləyən amildir”.

Elşən Manafov hesab edir ki, tərəflər arasındakı gərginliyin siyasi məsuliyyəti ABŞ-ın üzərindədir:

“Məlum olur ki, ABŞ-ın Türkiyəyə təklif etdiyi “Patriot” sistemləri ABŞ-ın özünün zərbə endirəcəyi halda Türkiyənin hava məkanını qorumayacaq. İstisna deyil ki, İsrailə münasibətdə də belə ola bilər. Türkiyə tərəfi bu reallıqları nəzərə alaraq, öz hava məkanının təhlükəsizliyini təmin etmək məqsədilə Rusiyadan “S-400” sistemlərinin alınmasını daha vacib hesab edir.

İstisna deyil ki, bu sistemlərin alınması ABŞ-Türkiyə münasibətlərindəki gərginliyi dərinləşdirəcək. Amma Ərdoğan hökumətinin və ümumilikdə Türkiyə dövlətinin mövqeyi budur ki, sanksiyalarla Türkiyəni öz mövqeyindən geri çəkmək mümkün olmayacaq. İstisna deyil ki, bu sanksiyalar İstanbul bələdiyyə seçkisində qələbə qazanan müxalif CHP-nin xeyrinə işləyəcək. Bu da qarşıdan gələn prezident və parlament seçkilərində Ərdoğanın partiyasına yaxşı heç nə vəd etməyəcək”. (teleqraf.com)

Paylaş: