Bz. Avq 25th, 2019

Qiymətlər BAHALAŞACAQ? – İqtisadçı süni qiymət artımından danışdı

Bir sıra qurumlarda çalışanların əməkhaqqlarının artırılması ilə bağlı fikirlər formalaşdırılır.

Minimum aylıq əməkhaqqının artırılması süni qiymət artımına yol aça biləcəkmi?

Turkustan.info bildirir ki, iqtisadçı ekspert Vüsalə Əhmədova Redaktor.az-a açıqlamasında bildirib ki, əməkhaqqının artımından inhisarçıların sui-istifadə edəcəyi ehtimalı yüksəkdir:

“İnflyasiyanın yaranmasına daxili və xarici faktorlar təsir edir. Dünya bazarında yanacaq və qiymətli metalların qiymətinin artımı, kənd təsərrüfatı bazarında əlverişsiz konyunktura xarici amillərdir. Lakin istehsal və istehlak xərclərindəki artım, kredit faizlərinin yüksək olması, büdcə defisiti, ümumilikdə xalq təsərrüfatı strukturunun deformasiyası, qiymətlərin yüksələcəyi ilə bağlı mövcud gözləntilər isə daxili faktorlar hesab olunur.

Ölkədə inflyasiya baş verəcəyi gözləniləndir

Ölkədə tələb inflyasiyasının baş verəcəyi gözlənilmir. Ancaq qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilər inflyasiyaya səbəb olacaq. Çünki bazarı tam olaraq ələ almış məlum bir neçə yerli istehsal şirkəti, hökumətin bəzi çevrələrinin də dəstəyi ilə demək olar ki, bazarda monopoliya yaratmış vəziyyətdədirlər və qiymətləri istədikləri kimi diqtə edirlər. İkinci devalvasiyadan sonra ölkədə qiymətləri ilk qaldıran da elə məhz həmin yerli istehsal şirkətləri oldu.

İnflyasiyanın mənfi nəticəsi odur ki, ölkədə ümumi rifah səviyyəsi aşağı düşəcək

Əməkhaqqı artımı hər kəsə şamil olunmadığına görə, qiymətlər qalxır, bəzi vətəndaşların gəlirləri isə olduğu səviyyədə qalır. Yəni, rifah səviyyəsini yüksəltmək üçün dövlət gəlirləri inflyasiya həddinə müvafiq artırmır. Bu isə ən çox aşağı və orta gəlirli vətəndaşların, o cümlədən, özəl sektorda çalışanların vəziyyətinə mənfi təsir göstərəcək.

Sahibkarlar inflyasiya halından sui-istidadə edirlər

Sahibkarlar inflyasiya şəraitində yeni iş yerləri açmaq əvəzinə, əllərindəki nağd pulu daşınmaz əmlaka, qızıla və valyutaya investisiya etməyə üstünlük verirlər. Çünki burada daha rahat qazanc var, vergilərdən yayınmaq isə daha asandır. Nəticədə iri kapitalın istehsal sferasından ticarətə axını baş verir ki, bu da inflyasiyanın ən mənfi nəticəsidir. Kasıb əhali daha da yoxsullaşarkən, varlılar daha çox zənginləşir. Cəmiyyətdə gəlir bölgüsü pozulur.

İnhisarçılıq sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurur

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yanlız sözdə fəaliyyət göstərir. Qiymətləri süni şəkildə artıranlar təftiş olunmalıdır. Təftişçilər qiymətlərin aylıq dəyişməsini nəzarətdə saxlamalı, əhalidən daxil olan şikayətlər ciddi şəkildə araşdırılmalıdır. Qiymətləri süni artıranlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Valyuta məzənnəsindəki artım kimi mal və ya xidmətin satış qiymətinə real təsir edən amillər olmadan idxal məhsullarının qiymətlərinin artırılması da qanunaziddir. Ölkəmizdə devalvasiya zamanı yerli məhsulların qiymətində artım müşahidə etdik. Hansı ki, bu malların valyuta ilə heç bir əlaqəsi yox idi. Bu vəziyyətin qarşısını almaq üçün isə heç bir real addım atılmadı.

Süni qiymət artımının qarşısını almaq üçün güclü nəzarət sisteminə ehtiyac var

İnflyasiya ilə mücadilədə maliyyə və gəlir siyasəti doğru seçilməlidir. Ən başlıcası dövlət investisiya, transfer və cari xərcləri azaldılmalıdır. Ölkədə sərbəst rəqabətə şərait yaradılmalıdır. Qiymət artımının tənzimlənməsi üçün ilkin tədbirlərdən biri kimi, bazara effektli nəzarət sistemi yaradılmalıdır. Bu sistem bazarın tənzimlənməsində, rəqabətli biznes mühitinin formalaşmasında maraqlı olmalıdır. Sistemin fəaliyyətinə isə bir müstəqil qurum nəzarət edə bilər”.

Süni qiymət artımının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülüb-görülməməsi ilə bağlı İqtisad Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə soğru göndərdik. Təəssüf ki, sorğumuz hələ də cavabsız qalmaqdadır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Paylaş: