Bz. Dek 15th, 2019

Rəflərdə saralan diplomlar: Təyinat sisteminə qayıdış?

Məlum olduğu kimi, “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı rəsmi qərar verilib.

Artıq layihənin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına başlanıb. İşçi Qrupu yay ayları ərzində qanun layihəsinin geniş hazırlıqlarına başlayacaq və payız sesiyasının başlanmasına, sentyabrın 15-nə kimi onun ilkin variantını hazırlayıb, parlamentin Elm və təhsil komitəsinin müzakirəsinə təqdim edəcəklər. Qanun layihəsinin Milli Məclisin 2019-cu il payız sesiyasının qanunvericilik işləri planına daxil ediləcəyi, həm də plenar iclasa tövsiyə olunacağı gözlənilir.

Qanun layihəsinin hazırlıq mərhələsinin başlanıldığı bir vaxtda bu sahədə olan problemlər gündəmə gəlir. Ölkəmizdə ali təhsil sferasında ciddi problemlər mövcud olsa da, demək olar ki, bunlardan ən vacibi ali təhsilli gənclərin işsizlik problemidir. Valideynlərin övladlarının ali təhsilli olması üçün əlindən gələni edir,  buna müvafiq investisiya qoyur, həm gənc, həm onun ailəsi müxtəlif əziyyətlərə qatlaşası olurlar, təmtəraqlı diplom alma mərasimləri keçirilir və s.Alınan diplom evdəki rəflərdən birində qatı açılmamış formada, gənc isə işsiz qalmalı olur. Bu baxımdan da işsizlik problemini həm də ali təhsil müəssisələrinin yaratdığı problem hesab etmək olar. Şirkət və müəssisə rəhbərləri təcrübəsi olmayan gəncləri işə götürməkdən imtina edir. Məqsəd biznes marağı olduğu üçün burada özəl şirkətləri ittiham etmək olmur. Amma dövlət müəssisələrində də gənclərin işlə təminatı əsl problemə çevrilib.  Bu səbəbdən də Sovet dövründə olduğu kimi, “təyinat”ın bərpa olunması çıxış yolu hesab edilir. Valideynlər ümid edir ki, “təyinat” olarsa, gənclər üçün “vakansiya olmaması” problemi aradan qalxar.  Bir çoxları isə hesab edir ki, heç olmasa, dövlət hesabına təhsil alanların universitetlər tərəfindən işlə təminatı həyata keçirilməlidir. Bu zaman dövlət büdcəsindən ali təhsil müəssisələrinə ayrılan vəsait də “batmaz”.  

Bu səbəbdən də qanun layihəsinin hazırlıqlarına başlanılan ərəfədə bu məsələyə, eləcə də ali təhsilli gənclərin işsizlik probleminin səbəblərinə toxunduq. 

Təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında bu səbəblərə toxunub:

“Təhsil müəssisələrinin əsas vəzifəsi əmək bazarının tələblərinə uyğun olan kadrlar yetişdirməkdir. Hesab etmirəm ki, təyinat məsələsinin həllini tapması universitetlərdə təhsilin keyfiyyətini artırsın. Ümumiyyətlə istənilən ali və orta ixtisas müəssisələrinin reytinqi onların əmək bazarında təmsil olunması ilə müəyyən olunur. Çox təəssüflər olsun ki, bizdə ali təhsil müəssisələri hələ də nəzəri biliklər və sonda diplom verməklə işini bitmiş hesab edir. Ali təhsilin məzmununda dəyişiklik olmalıdır. Ali təhsilli şəxs həm nəzəri, həm də praktiki biliklərə malik olmalı, istehsalata hazır kadr kimi getməlidir. Amma bu gün biz onu görmürük. Ali təhsilli gənclər əmək bazarında iş tapmaq üçün yenidən kurslara, repetitor yanlarına getməyə məcbur olurlar. 4 il aldığı təhsildən sonra yenidən kurslarda bunu öyrənməlidir.  Pedaqoji sahə ilə də, dövlət qulluğu ilə bağlı da vəziyyət eynidir”. Ekspert deyir ki, ali təhsil müəssisələri təyinat verməsindənsə, kadrları əmək bazarının tələblərinə uyğun hazırlaması daha məqsədəuyğundur: “Ölkədə işsizliyin aradan qaldırılması ilə bağlı ciddi işlər görülür, məşğulluq mərkəzlərinin fəaliyyətində ciddi dönüşlər var.  Hesab edirəm ki, vakansiya yerləri ilə bağlı məşğulluq mərkəzlərində müəyyən şəffaflıq yaradılıb və bu işlər davam edir. Bazar iqtisadiyyatı dövründə birbaşa göndərişin verilməsi ali məktəblərin rəqabət qabiliyyətini aşağı sala bilər. Bu müəssisələrin yetişdirdiyi kadr əmək bazarında olan istənilən işlə bağlı müraciət edərkən, seçimdə qalib gəlməyi bacarmalıdır. Universitetlər daha çox pul qazanmaqla məşğuldurlar”

Elşən Qafarov hesab edir ki, gənclərin işlə təminatının ilkin şərti iş yerlərinin olmasıdır: 

“Həmin iş yerlərinə isə gənclər yetərli bilik və bacarıqlarla üz tutmalıdırlar. Bazar iqtisadiyyatının tələbləri ilə yaşayan bütün ölkələrdə işçilər müsabiqə ilə işə götürülür. Bu müsabiqələri həmin müəssisənin özü və ya mərkəzi icra orqanı müəyyən edir”.

Ekspert digər vacib bir məqama da toxunaraq bildirdi ki, ali təhsil müəssisələri həm də əmək bazarının tələblərinə uyğun sayda kadr hazırlamalıdır: 

“Hazırda ali təhsil müəssisələrində hər on nəfərdən yeddisi ödənişli əsaslarla təhsil alır. Bunun da əsas səbəbi odur ki, ali təhsil müəssisələri dövlətin onlara ayırdığı vəsaitdən əlavə qazanc əldə etmək məqsədilə istənilən fakültələr, ixtisaslar açırlar. Universitetlər daha çox pul qazanmaq, maddi vəsait cəlb etməklə məşğuldur. Əmək bazarının tələblərinə uyğun və lazım olan sayda kadrın hazırlanması arxa plana keçir. Ali təhsilli gənclərin işsizlik probleminin aradan qalxması üçün əmək bazarının tələbinə uyğun sayda kadr hazırlanmalıdır ki, tələb və təklif balansı pozulmasın”  /Cebhe.info/

Paylaş: