Ça. Sen 17th, 2019

Duyğuların qoxusu

Bəzi duyğuların qoxusu qalıcı olur. İnsanın üstünə hopar və illər keçsə də, qalar o ağır qoxu. Hər o qoxunu duyanda özünü xatırladar, verdiyi sancını təkrarlayar. Keçmişin indiki zamanda özünü açıq-aşkar ortaya qoyan yaşanmışlığını dərin bir ahla içinə çəkərsən. Yəni bir keçməzlik hissi bürüyər varlığının hər zərrəsini. Sən keçmişin keşməkeşli, iztirab dolu xatirələrindən qaçdıqca, anidən duyduğun o qoxu səni özünə çəkər.

İyun ayının bədənimi təslim alan, içimi isidən, dilimin, dodağımın suyunu qurudan, dərimi qarsıb toxunulmayacaq hala salan ipisti havasını uduram bugün. Dünəndən bəri sanki dəmir barmaqlıqlar arxasındaymışam kimi azadlığımı əlimdən alan qorxunc bir duyğuyla şiddətli mübarizəyə başlamışam. Təbii ki, təsiri yavaş-yavaş azalır, lakin 20 saat keçməsinə baxmayaraq, mövcudluğunu qoruyur qəlbimdə. Bəzən düşünürəm, görəsən, bu duyğuları yaşadığım üçün yoxdanmı var olur, yoxsa gün ərzində başıma gələn absurd hadisələrdənmi qaynaqlanır? Bilmirəm. Bildiyim tək şey həmin an hiss etdiyim o duyğudan başqa heç nəyin mövcud olmamasıdır.

Maşına minirəm. Yaşıl yarpaqlı, uzun gövdəli ağacların kölgəsinin hüzur verən səssizliyi yoldaşlıq edir mənə. Yamyaşıl yarpaqlı nəhəng ağacların əsrlər uzunu eyni yerdə dayanıb durmasının qəribəliyi, çoxillik şərab kimi zaman keçdikcə daha da gözəlləşməsi, üstəlik, bir canlı olması həqiqətini anlayıb düşüncə içərisində beynimin ötürücü siqnallarının əməlli-başlı yorulduğunu hiss edirəm. Xəyal dünyasından uzaqlaşıb gerçək həyata qayıdan düşüncələrim yenidən dünənki gecənin təsiri altına düşür. Heç nəyi idarə edə bilmirəm. Eh, anam eh, Allah bilir, nə hisslər keçirdin dünən gecə. Ana olmasam belə, təxmin edə bilirəm içində qopan fırtınaları. Düz iki saat dişimi sıxıb dayanmışdım. Çünki içimdə möhkəm olmağın və həqiqətləri qəbul edə bilməyin gətirdiyi bir gücə söykəmişdim kürəyimi. Artıq nə qədər dözə bilərdim ki?! Yenə də düşünürəm, yaxşı dayanmışdım, dildə demək asandır, düz iki saat. Həm də yalnız idim və məni bu təsirdən çıxara biləcək heç kimim yox idi.

Yol boyunca içimi didən bir əzilmişlik duyğusu hakimlik edirdi mənə. Beynim davamlı olaraq işləyir, eyni mövzu ətrafında dönüb dolaşırdı. Sanki bir sonrakı səhifəyə keçməmək üçün israr edirdi. Evə çatanda bardağın son damcısı yavaşca damladı ayaqlarımın altına.

Anam:

– Nə oldu? Getmədin?

– Yox, gedə bilmədim. Mənim heç nəyim yoxdur bu həyatda, ay ana. Mən heç nə deyiləm.

Və səsimi göz yaşımın saatlarla boğduğum hıçqırığı susdurdu. Otağıma qaçdım, qapını bağladım. Bacardığım qədər hönkürərək ağladım. Amma ağlamaqdan da yorulur insan. Qəlbim elə bil içəridən çölə çıxacaq kimi güm-güm atırdı. Qorxunc bir ağrı hiss edirdim. Sancının duzlu göz yaşıyla dəmlənməsini yenidən yaşayırdım. İçimdə hayqıran o səs təkəbbürlə “Susmaram” – deyirdi.

İçimin yanğısıyla məntiqim arasında çılğın bir qovğa başlamışdı. Gücün çatırsa, qarşısını al! Fərqində olmaq faktoru da işin içinə qarışdısa, eyvah, yazıq mən! Onlara qulaq asarkən bir də ayıldım ki, 27 yaşım var. Məntiqim gəncliyimdə otuz yaşını keçmiş insanların dedikləri sözləri xatırlatdı mənə. “Kaş ki mən də iyirmi yaşlarımda olsaydım” – deyirdilər.  Mən də o an yaşımın fərqinə varınca, bir an təəssüfləndim, “Kaş ki…” dedim. Məntiqim  isə “Nə fərqi olacaqdı ki? Nə dəyişib ki, o yaşla bu yaş arasında?” – deyirdi. Susdum. Kinim və təkəbbürüm qaçaraq gəlib ən baş yerə əyləşdilər – beynin, məntiqin, qəlbin və fərqində olmağın bədbinlik dolu söhbətinə yoldaşlıq etmək üçün. Kinim ilk fürsətdə mövzuya girişdi; “Yaşatmadılar ki… Ömrün ən gözəl çağlarında – iyirmi, iyirmi bir, iyirmi iki, iyirmi üç yaşlarında yaşatmadılar. O yaşlar bir daha gəlsə, yenə yaşatmayacaqlar. Necə ki, hələ də gec deyil, iyirmi yeddi yaşındasan, amma yenə də yaşamağa imkan vermirlər”. Doğrusu, mən hər biri canlı insan kimi davranan, gözə görünməyən bu hisslərlə necə başa çıxacağımı bilmirəm. “Bəlkə, yuxu, bəlkə, tək əlac yuxudur, sabaha qalmaz, sular durular, hər hissim öz küncünə çəkilər” – deyə düşündüm. Və yatdım…

Səhər oyananda sərxoş kimi idim. Üzərimdəki o bədbinliyi hələ də ata bilməmişdim. Amma dünənə baxanda xeyli yaxşı idim. İş yerində, masamda günorta saatlarına doğru öz-özümlə danışmağa cəhd etdim. “Nə oldu sənə? Dünəndən bəri yaxanı buraxmayan bu duyğunun adı nədir?” – deyə soruşdum özümdən. Dayanıb düşündüm və hisslərimin kimliyini, haradan gəldiyini, nədən qaynaqlandığnı tapmağa çalışdım. Deyəsən, tapdım…

Xülasə, içimdə nə istədiyini çox yaxşı bilən, istədiyi heç bir şeyi əldə edə bilməyən, əldə edə bilməməyi isə heç cür qəbul edə bilməyən və qəbul edə bilməməyin nəticəsində bədbəxtliyə düçar, sınmış bir qəlb daşıyıram. Sonra öz-özümə dedim: Bəs etməzmi? Son dərəcə açıq və mümkün bir ruh halındayam. Heç qınamadım özümü. Anlayışla qarşıladım. Əvvəllər mən özümü nə istədiyini bilməyən, hər şeydən məhrum, hər şeyin ortasında bir yerdə olan birisi sanardım. Sən demə, özümü dinləməyə heç cəhd etməmişəm. Həmişə özümdən qaçmışam. Əslində, elə deyilmişəm, nə istədiyimi çox yaxşı bilirmişəm. Lakin istədiklərimi əldə edə bilmir və əldə edə bilmədikcə gücsüzləşir, içimdə yaratdığım dünyamı öz əllərimlə darmadağın edirmişəm. Bu vəziyyəti indi dərk edirəm. İndi başa düşürəm məni təslim alan hisslərlə səssiz çaxnaşmamın səbəbini. Artıq içim rahatdır, heç olmasa, özümü niyə bədbəxt hiss etdiyimi bilirəm…

Paylaş: