Bz. Okt 20th, 2019

Evli qadınlar ailə-uşağını atıb niyə qaçır? – Son illərin qorxulu trendi

Son bir neçə gündür ailəli xanımların evdən qaçmasına dair xəbərlər çoxalıb.

Son hadisə isə Sabirabadın Qaraağac kəndində baş verib. Belə ki, 2001-ci il təvəllüdlü A.A. iki uşağını həyat yoldaşı A.R-nin anasının yanında qoyaraq, həmyerlisi olan subay kişiyə – R.F-yə qoşularaq qaçıb.

Xatırladaq ki, ondan qabaqkı gün də İsmayıllı rayonunda üç uşaq anası övladlarını ataraq sevgilisi ilə birgə qaçmışdı.

Ard-arda belə halın təkrarlanması isə cəmiyyətdə müzakirələrə yol açıb.

Turkustan.info bildirir ki. Oxu.Az-ın əməkdaşı evli xanımların ailələrini qoyub qaçmasının, belə hadisələrə zəmin yaradan səbəbləri öyrənmək üçün “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovaya müraciət edib.

M.Zeynalova hesab edir ki, ailəli xanımların evdən qaçmasının altında sadəcə bir səbəb axtarmaq düzgün deyil:

“Ailə münasibətlərinin və dəyərlərinin dəyişməsi məsuliyyət hissinin yox olması ilə bağlıdır.

Xanım əgər kiməsə qoşulub gedirsə, bunu nə iqtisadi, nə də başqa problemlərlə ört-basdır etmək mümkündür.

Həmçinin mesajlara aldanmaq məsələsi də var. Burada digər dəyərlər sisteminin də pozulması var. Bir kişinin ailəli qadına mesaj verməsi və öz ailəsindən ayırmaq üçün kifayət qədər cəlbedici sözlər deməsi dəyərlər sistemində ciddi şəkildə  dəyişikliklərin getməsindən xəbər verir. Zaman var idi ki, bir kişinin ailəli qadına başqa gözlə baxması və yaxud onun ailəsinə zərər yetirməsi kimi psixoloji bir problem yox idi. 

Amma hazırda bu, psixoloji problemə çevrilir. Həmin kişilər kiminsə arvadını onun yanından alıb aparmağı normal hesab edir, ona daha yaxşı baxacağını fikirləşir. Ancaq o insan həmin ailəni saxlamayacaq, uşaqlara atalıq etməyəcək, onların qayğısına kifayət qədər qalmayacaq.

Müəyyən bir müddət birlikdə yaşacaqlar. Yalnız qadın qarşısında məsuliyyət və öhdəliyini yerinə yetirəcək. 

Bununla da uşaq qarşısında məsuliyyət və öhdəliyi dərk etmədən müvəqqəti öz hisslərinin aludəçisinə çevrilən adamların sayı get-gedə artır. Eyni zamanda qadınlar da bura daxildir”. 

Mehriban Zeynalova qeyd edib ki, bir müddətdən sonra bu cür hadisələr adiləşəcək:

“Bu cür hadisələrdə kişinin də ailəyə münasibəti müəyyən rol oynayır. Onun ailəsinə və uşaqlarına biganə olması, kifayət qədər diqqət göstərməməsi əsas səbəblərdəndir. Qadın da daha yaxşısını axtarmaq, problemi daha tez həll etmək üçün gedir. Amma dəyərlər sistemi pozulandan sonra bu, adiləşəcək. Heç kəs bunu müzakirəyə çıxarmayacaq. Biz bu gün narahatıq. Amma tam pozulma olduqdan və normaya çevrildikdən sonra kimsə bunu elə də ciddiyə almayacaq”. 

Birlik sədri əlavə edib ki, bu cür hadisələrdə seçim və demokratiya məsələsi əsas rol oynayır:

“Hər bir qadın və ya kişinin seçim hüququ var. Ailə məcəlləsinə görə, zorla heç kim kimsə ilə yaşaya bilməz. Ailədə məsuliyyət və öhdəlik var. Bunu məhkəmə və digər vasitələrlə həll etmək olar. Bu dəyərlər sistemi ilə bağlı olan məsələdir. Qanun həmin qadına heç bir cinayət məsuliyyəti qaldıra bilməz. Bu, qadının qoşulub qaçdığı oğlana da aiddir. Çünki seçim hüququ var. Amma mənəvi tərəfdən baxsaq, bu, böyük cinayətdir. 

Biz düşünməliyik ki, onların cəza almasına ehtiyac var, ya yox? Bu sualı onlara vermək lazımdır. Çünki bu əməl bir insanın həyatını məhv edə bilər. Belə ki, həmin kişi özünə qəsd edə bilər, depressiyaya düşə bilər, narkotik aludəçisinə çevrilə bilər. Eləcə də, həmin xanımın aldığı travmalar, düşəcəyi vəziyyətlər nəzərə alınmalıdır. Çünki ortada uşaqlar var. Bu səbəbdən biz iki insanın bir-birlərinə tam əmin olana kimi uşaq dünyaya gətirməsini qadağa edə bilərik”.

Paylaş: