Şb. Okt 19th, 2019

Dubaydan qaçan şeyx arvadı barədə 15 fakt – FOTO

Ötən həftəsonu dünya mətbuatında Şahzadə Həyya bint əl-Hüseynin iki uşağı ilə öncə Almaniyaya, oradan isə İngiltərəyə qaçması barədə məlumatlar yayıldı. Şahzadə 39,3 milyon dollar götürərək, həyat yoldaşı, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri və Dubay Şeyxi Məhəmməd ibn Rəşid əl-Maktumu tərk etdi. 

Şahzadə Həyya bint əl-Hüseyn haqqında 15 faktı təqdim edirik:

1. Həyya bint əl-Hüseyn 3 may 1974-cü ildə İordaniyanın paytaxtı Amman şəhərində anadan olub.

2. O, mərhum İordaniya Kralı Hüseyn İbn Talalın və onun üçüncü həyat yoldaşı Kraliça Aliyə əl-Hüseynin 11 uşağından biridir. Həyyanın ögey qardaşı İordaniyanın hazırkı Kralı II Abdullahdır.

Şahzadə Həyyanın valideynləri Kral Hüseyn və Kraliça Aliyə

Həyya qardaşı Əli ilə birlikdə

3. Şahzadə Həyya Məhəmməd peyğəmbərin 43-cü nəslindəndir.

4. Həyya üç yaşında ikən anasını itirib. Kraliça Aliyə hərbi helikopter qəzasında öləndə 28 yaşı var idi. Qəzanın səbəbi pis hava şəraiti idi. Həyya müsahibə zamanı anasından bəhs edərək bu sözləri söyləyib:

“Mən o insanlardanam ki, ağrılı-acılı xatirələrimi xüsusi bir “qutu”ya yerləşdirib, onu başqalarının görməyəcəyi yerə qoyuram. 40 il müddətində bu vəziyyətdən çıxdığıma özümü inandırmağa çalışmışam. Qızımı dünyaya gətirdikdən sonra onu bağrıma basıb düşündüm: “Tanrım, anam məni nə qədər sevirdi!” Əvvəllər bu hissi təsəvvür etmir, hətta bu barədə heç düşünmürdüm. Birinin mənə qarşı belə hissləri olduğunu anlayanda dəhşətə gəldim. Bu anlayış ruhuma sakitlik gətirdi, amma söylədiyim o “qutu” hələ də bağlıdır”.

Şahzadə anası ilə

Kraliça Aliyə

5. İordaniyada ibtidai təhsil alan Həyya Böyük Britaniyaya köçüb. O, burada qızlar üçün nəzərdə tutulan Bristoldakı “Badminton School” internat məktəbində oxuyub. Daha sonra Həyya təhsilini Dorsetdəki Bryanston Məktəbində davam etdirib. O, Oksford Universitetinin St.Hilda Kollecinə daxil olub, burada fəlsəfə, siyasət və iqtisadiyyat üzrə bakalavr təhsili alıb.

Şahzadə atası ilə 

6. Həyya İordaniyada yük maşını idarə edən və bunun üçün müvafiq sürücülük vəsiqəsi olan ilk qadındır. O, müsahibələrin birində yüksək sürətlə avtomobil idarə etməkdən böyük həzz aldığını etiraf edib. Həyyanın sevimli avtomobil markası isə “Aston Martin”dir.

7. Şahzadənin sevdiyi hobbiləri sırasında şahin ovu, atıcılıq və hər cür su idman növü var.

8. Şahzadənin hobbiləri sırasında uşaq yaşlarından peşəkar şəkildə məşğul olduğu atıcılıq idman növü xüsusi yer tutur. Həyya 13 yaşında ikən İordaniyanı nüfuzlu və beynəlxalq müsabiqələrdə təmsil edib. 18 yaşında iştirak etdiyi Pan-Ərəb Oyunlarında bürünc medala sahib olan Şahzadə adını tarixə yazdırıb. O, yarışmanın tarixi boyunca qalib gələn yeganə qız olub.

2000-ci ildə Avstraliyada keçirilən Olimpiya Oyunlarında Həyya İordaniya heyətində bayraqdar rolunda çıxış edib. İki il sonra Şahzadə İspaniyanın Heres şəhərində keçirilən atçılıq üzrə dünya çempionatında iştirak edən ilk ərəb qadın olaraq yenidən adını tarixə yazdırıb.

9. Həyya ispan, ingilis, fransız, italyan, portuqal dildə sərbəst danışır. Rus dilində isə fikirlərini ifadə edə bilir.

10. Həyyanın Dubay Şeyxi və BƏƏ Baş naziri Şeyx Məhəmmədlə tanışlığı hələ də müəmmalıdır.

İctimaiyyət onların sevgi hekayəsindən 2004-cü ilin aprel ayında Amman şəhərində, əl-Barakın kral sarayında keçirilmiş nikahdan sonra xəbərdar olub. Dəbdəbəli nikah mərasimdə iştirak edənlər arasındaq hər iki ailəyə yaxın bir neçə cütlük, o cümlədən, Həyyanın qardaşı Kral Abdullah və Kraliça Raniya var idi. O zaman gəlin 29, bəy isə 56 yaşında idi. Həyya Şeyxin sayca altıncı həyat yoldaşı oldu.

Verdiyi ilk müsahibələrinin birində şahzadənin etirafları diqqət çəkmişdi:

“Karyera olmadan xoşbəxt ola biləcəyimi düşünmürəm. Gücüm və enerjim var. Bu səbəbdən daim evdə oturmaqdan çox sıxılacağam. Əgər heç bir yerə getməsəm, həyat yoldaşım əlimdən dəli olacaq”.

11. Belə də oldu. Həyya Avropa monarxları kimi tez-tez olmasa da, aktiv şəkildə xeyriyyə fəaliyyəti ilə məşğul olurdu. Onun səyləri sayəsində İordaniyadakı aclıq probleminə qarşı mübarizə məqsədilə Ərəb təşkilatı “Tikyet Um Ali” (“Yaşamaq üçün yemək”) yaradıldı.

2005-ci ildə Həyya Dünya Qida Proqramının xoşməramlı səfiri seçildi. 2007-ci ildə isə o, BMT-nin sülh elçisi oldu.

12. Şeyx Məhəmmədin altıncı həyat yoldaşı Həyya müsahibələrində onun barəsində danışarkən, xasiyyətinə hədsiz dərəcədə aşiq olduğunu dilə gətirib.

13. Həyyanın Şeyxdən iki övladı var. Cütlüyün 2007-ci ilin dekabr ayında Şeyx Cəlil bin Məhəmməd bin Rəşid əl-Maktum adlı bir qızı və 2012-ci ilin yanvar ayında Şeyx Zayed bin Məhəmməd bin Rəşid əl-Maktum adlı oğlu dünyaya gəlib.

14. Həyyanın sevimli müğənnisi Pink, qrupu isə “Guns N ‘Roses”dir.

15. Müsahibələrdən birində Şahzadəyə ünvanlanan “Qadınlara hansı məsləhət verərsiniz?” sualına belə cavab verib:

“İmanınızdan və ya prinsiplərindən əsla imtina etməyin. Heç vaxt güzəştə getməyin. Eyni zamanda, tolerant olun. Başqalarını mühakimə etməyin və həmişə hörmət nümayiş etdirin.

Sevin, özünüz və dünya ilə dürüst olun. Unutmayın ki, hər birimiz azad bir insan olaraq dünyaya gəlmişik və heç kimin sizi bir qəfəsə qoymağa haqqı yoxdur. Bunu yalnız özünüz özünüzə edə bilərsiniz”. (oxu.az)

Paylaş: