Be. Dek 9th, 2019

Ömür pillələrindən xatirələr

ADAU – 100

Arif Hüseynov 

ADAU-nun kafedra müdiri

Qzıl qələm media mükafatı laureatı

Ömrün mənalı keçən səhifələrini vərəqlədikcə insan öz keçmişini, əməllərini və xidmətlərini bir daha yada salır, vətənə və xalqa özünün hansı səviyyədə xidmət göstərməsi barədə düşünür, daxili bir məmnunluq hissi keçirir. İmkanlarının  məhdudluğu səbəbindən həyata keçməyən arzuların üçün təəssüflənmk də az olmayib yaşanan illərdə.  Çox hikmətli bir kəlamı xatırlatmaq istərdim. “Uçmaq üçün yarananlar, sürünərək yaşaya bilməzlər”. Mən öz həyat təcrübəmə əsaslanaraq bu kəlamın doğruluğuna həmişə şahid olmuşam.

1966-cı ildə mən bir kənd vurğunu kimi sənədlərimi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki ADAU) aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya ixtisasına verdim.

Həmin il X və XI siniflərin buraxılışı eyni vaxta düşmüşdü və ali məktəblərdə çox böyük müsabiqə gözlənilirdi. Mənim sənəd verdiyim fakültədəabituriyentlər çox idi. Hər yerdə danışırdılar ki, bu il ali məktəblərə qəbul olanlara “qəhrəmanlıq” statusu verilməlidir. Ona görə də imtahanlara çox ciddi hazırlaşmışdım. Avqustun 1-də fizika imtahanında iştirak etdim. İmtahan qəbul edənlərdənbiri kişi, digəri isə .qadın idi. Suallarımın hamısını danışdım. Məsələ çox asan olduğuna görə müəllimlərə dedimki, mən bunu şifahi həll edə bilərəm. Dedilər ki, yekəxana olma, məsələni həll et. Dedim ki, axı burda həll etməli bir şey yoxdur. Məsələ belə idi: Quyuya daş atıldı, daş 2 saniyədən sonra quyunun dibinə çatdı, quyunun dərinliyini tapın.Sərbəstdüşmə təcilinin qiymətini düsturda yerinə qoyub cavabı tapmaq olar.

Qadın müəllimə:

-Ay Fərrux, bir “3” yaz, qoy getsin.

Fərrux  müəllim:

-Bəlkə əlavə suallar verək? Deyəsən savadlı uşağa oxşayır.

Başladılar sual verməyə. Sualların hamısını cavablandırdım. Yenə müəllimə dedi:

Ay Fərrux üçünü yaz, qoy getsin.

Fərrux müəllim gülümsəyəndə mən ürəkləndim və dedim:

Müəllimə, mən “5” almayınca bu otaqdan çıxmayacağam.

Dedilər ki, “5”-i yalnız rektor verir. Mənim təkidimlə rektoru imtahan otağına dəvət etdilər.

Gülərüzlü, dolu bədənli  bir kişi otağa daxil oldu və dedi:

“Kimdi əyə, bu 5 davasını eliyən”?

Müəllimlərin hər ikisi ayağa qalxıb məni təqdim etdilər:

Niyaz müəllim, biz “4” veririk razılaşmır.

Niyaz müəllim bariton səslə:

Cavan oğlan, sənə bir sual verəcəyəm,cavab versən 5-in hazırdır.Hə, sağ əl və sol əl qaydasını izah elə görüm.

Mən birinci sol əlimi irəli uzadıb fizikada məşhur olan qaydanı izah etməyə başladım. “ Sol əli elə tutmaq lazımdır ki, sahənin qüvvə xətləri ovuca daxil olsun və əlin açılmış dörd barmağı cərəyanın istiqamətini göstərsin, onda 90°-lik bucaq qədər açılmış baş barmaq cərəyanlı naqilə təsir edən qüvvənin istiqamətini göstərir”.“Sağ əl” qaydasını başlamaq istəyirdim ki, rektor soruşdu:

Bəs nə üçün birinci “sol əl” qaydasını danışdın?

Fikirləşmədən dedim:

Solaxayam, ona görə. Niyaz müəllim gülümsəyərək yenə bariton səslə:

Hə, bu kişinin beşini yazın getsin.

Avqustun 4-də isə kimya imtahanı idi. Siyahıda birinci adam idim. Bileti çəkən kimi dedim ki, əgər 5-i  rektor verirsə xahiş edirəm dəvət edin. Bu dəfə 3 müəllim imtahan qəbul edirdi: İkisi kişi, biri qadın idi. Qadın müəllimə mehribanlıqla dedi:

-A bala keç otur, bildiklərini səliqəli şəkildə vərəqə yaz. Keçib əyləşdim və vərəqə heç nəyazmadım. Yenə qadın müəllimə:

-A bala,niyə yazmırsan deyə soruşdu?

Dedim ki, sizin qarşınızda əyləşəndə yazacağam. Bu dəfə müəllimə çox hirsli şəkildə:

-ABaxış müəllim, bu oğlandan siz imtahan götürün”. (Sonralar bildim ki, Baxış müəllim heç kimə 5 vermirmiş). Keçib əyləşdim Baxış müəllimin qarşısında. Müəllim biletimin suallarını çox üzdən soruşub keçdi əlavə suallara və üzünü müəllim yoldaşlarına tutaraq dedi:

Mənim daha sualım yoxdur, sizinki varsa buyurun.

Müəllimlərin heç biri sual vermədi. Dedilər ki, Niyaz müəllimi çağırmaq lazımdır. Niyaz müəllim çox hay-küylə sinfə daxil olub:

-Ayə, köhnə dost, yenə səni incidirlər?

Dedim:- Yox, sadəcə olaraq mən 5 almaq istəyirəm.

Niyaz müəllim dedi:

-Həəəə, lap əcəb edirsən. Ayə, Baxış müəllim, buna bir oksidləşmə-reduksiya reaksiyası ver.

Baxış müəllim dedi ki, mən nə lazımdır soruşmuşam, özünüz sual verin.

Niyaz müəllum:

Yaz görüm, cavan oğan, mis+nitrat turşusu.

Dedim: Niyaz-müəllim, qatı nitrat turşusu ilə yoxsa – cümləmi bitirməyə qoymadı.

-Ayə, bu kişinin 5-ni yazın, getsin. (İnstitutun “Kadr uğrunda” çoxtirajlı qazetinin baş məqaləsində ən yüksək bal toplayan tələbə kimi adım çəkilmişdi).

Sevincimin həddi-hüdudu yox idi. Əvvəlcə elə bilirdim ki, Niyaz müəllim fizika müəllimidir, indi isə fikirləşdim ki, yəqin kimya müəllimidir. Çox sonralar isə onun yüksək erudisiyaya malik bir alim olduğunun şahidi oldum. Belə ki, qoca vaxtlarında krossvord eləməyə yamanhəvəs göstərirdi

Bir gün fakültənin qabağındakı alleyada gəzirdim. Binadan çıxanda o, soruşdu:

-Ayə komsomol, Naxçıvanda qarğıdalıya nə deyirlər?

Dərhal dedim:

-Məkə.

Yaman sevindi. -Düz deyirsən 4 hərflidi, uyğun gəlir – dedi.

Bir dəfə də Ozan məscidinin yanında rastlaşdıq. Yenə soruşdu:

-Əyə, komsomol, “Yallı”nın vətəni haradır?

Dedim ki, Şərur. Elə sevindiki:

-Ayə, sən ölməyəsən düz gəlir. Balam, qəbulda sənə nahaq yerə iki 5 verməmişəm – dedi. Təəccüblə yerimdə donub qaldım. Aradan 40 ildən çox vaxt keçməsinə baxmayaraq Niyaz müəllim həmin anları unutmamışdı.

Tələbə olduqdan sonra ən çox maraqlandığımız şəxs dekan olur. Fakültəmizin dekanı çox mehriban, az danışan Hüseyn Xəlil idi. O, Azərbaycan şairi “Kimlər gəldi, kimlər getdi bu dünyadan” şerinin müəllifi  Zeynal Xəlilin qardaşıydı. Dekan müavinimiz isə “alovlu tribun” ləqəbi ilə tanınan Bilal müəllim idi. Hər iclasdan sonra deyirdi ki, XXVII partiya qurultayı səviyyəsində bir iclas keçirdim.

Lakin müəllim və tələbələr arasında ən çox xatırlanan bu fakültənin keçmiş dekanı Mamay müəllim idi. Onu “tələbələrin atası” adlandırırdılar və yaddaşlarda çox yumorluxatirələri qalmışdı.

Bir gün tələbələr gəlib deyir ki, ay Mamay müəllim,idman kafedrasının müdiri Nazim müəllim bizə “məqbul” yazmır. (o zaman məqbulları verməyən tələbələri imtahana buraxmırdılar). Mamay müəllim gəlir idman zalına və hirsli-hirsli Nazim müəllimə deyir:

– Niyə incidirsən bizim uşaqları? Bunlar aqronom olacaqlar, idmançı yox!

Nazim müəllim:

-Ay Mamay müəllim,mən neyləyim axı,bu tələbələrin heç biri tapşırığı yerinə yetirə bilmirlər. Bax, bu kəndirə dırmaşa bilmirlər – deyə tavandan asılan kəndiri Mamay müəllimə göstərir. Mamay müəllim üzünü tələbələrə tutub deyir:

-Utanım yerinizə, bura dırmaşa bilmirsiniz? Paltosunu soyunub qızlara verir və başlayır kəndirə dırmaşmağa. Bir-iki qarış qalxmamış kişi bərk hıqqıldayır. Qızlar başlayır gülüşməyə. Mamay müəllim hirslənərək aşağı düşür və üzünü Nazim müəllimə tutaraq deyir:

-Əyə, Nazim, yazma məqbullarını.Mən qoca vaxtımda kəndirə dırmaşmaqla  bunlara məqbul alıram, bunlar da mənə gülürlər. Paltosunu geyinib zalı tərk edir. Beləliklə, məqbul problemi həll olunur.

Bir dəfə də tələbələr gəlir ki, ay Mamay müəllim, zoologiya fənnindən Mahmud müəllim “məqbul” yazmır. Mamay müəllim tələbələrə hirslənir və deyir ki, yaxşı eləyir yazmır, gedin, hazırlaşın. Tələbələr deyir:

-Ay Mamay müəllim,məsələ hazırlaşmaqda deyil axı, Mahmud müəllim quşun başını soxur qolunun altına, quyruğunu göstərib deyir ki, bu hansı quşdur? Bilməyənə də “məqbul” vermir.

Yenə də Mamay müəllim tələbələrlə birlikdə dekanlıqdan zoologiya binasına qədər 2 km-dən çox olan yolu gəlir və tələbələri bir auditoriyaya yığır, özü isə ayrı auditoriyada oturur. Tələbənin birini göndərir ki, get, Mahmud müəllimi çağır gəlsin. Başqa bir tələbənin başını paltosunun içində gizlədir, arxasını isə qapıya tərəf tutur. Mahmud müəllim sinifə daxil olanda görür ki, Mamay müəllim oturub, tələbənin isə arxası görünür. Mamay müəllim soruşur:

-Ay Mahmud,bu hansı tələbədir?

Mahmud müəllim  susur. Dekan 2-3 tələbəni bu formada Mahmud müəllimə göstərib adını soruşur. Mahmud müəllim hirsli-hirsli deyir:

-Ay Mamay müəllim,mən tələbəni gerisindən tanımıram.

Mamay müəllim də cavabında deyir ki, filan-filan olmuş, bəs tələbə quşun gerisindən nə bilsin o hansı quşdur? Beləliklə, yenə də məsələ tələbələrin xeyrinə həll olunur. Doğurdan da bu cür və çoxlu hadisələrlə Mamay müəllimi “tələbə  atası” kimi xatırlamağa dəyər.

I kursda oxuyarkən ən çox xatırlanan müəllimlərimizdən biri fizikadan mühazirə oxuyan Çingiz Əsgərov idi. O, birinci mühazirəyə başlayarkən tanış olmaq üçün adları oxumağa başladı. Təsadüfən qrupumuzda Lənkəranlı Hacı, Şəmkirli Məşədi və Qazaxlı Kərbəlayı var idi. Adları oxuyub dedi:

-Yox, balam, mən burada mühazirə oxuya bilmərəm, bütün müqəddəslər yığılıb bu qrupa.

Tezliklə, qrupumuz “hacı, məşədi, kərbəlayı” adı ilə institutda məşhurlaşdı. Kübar xasiyyətli, mehriban, səxavətli Çingiz müəllim qrupumuzun yarıdan çoxuna “əla” yazdı. Baş binadan 150 metr aşağıda bir pitixana var idi. (Tələbələr ora “Çingizin pitixanası” deyirdilər). Çingiz müəllim çox zaman orada nahar edərdi və həmin vaxt orda çörək yeyən nə qədər tələbə olsaydı hamısının pulunu verərdi.

II kursda oxuyarkən fəlsəfə müəllimimiz Əhməd Həsənov da qrupumuz tərəfindən bəyənildi. Dialektikanın qanunlarını, kateqoriyalarını həyati misallar və kəlamlarla yaddaşımıza hopdura bilirdi. O, zərurət və təsadüf kateqoriyasını bizə belə başa saldı:

-Turqut müəllimi tanıyırsınızmı? Hamımız xorla:

Bəli, kitabxananın müdiridir- cavabını verdik.

Həəə bilin ki, o, həm də bizim kafedranın müəllimidir. Turqut müəllim gündə üç dəfə baş binadan bu kafedraya (kafedra o zaman iqtisadiyyat korpusunda yerləşirdi,yeri gəlmişkən indi də ordadır) gəlib qayıdır. Turqut müəllim hərbi komissarlığın yanından keçəndə binadan bir kərpic düşür onun başına, kişi ölür. Həmin kərpicin bizim üçün əziz olan Turqut müəllimin başına düşüb onu öldürməsi təsadüfdür. Lakin oradan ən çox gedib-gələn Turqut olduğu üçün bu zərurətdir.

Düzdür, biz qəh-qəhlə gülüşürdük, amma bu kateqoriya heç zaman yadımızdan çıxmadı.

II kursda yaddaşımızda qalan müəllimlərdən biri də Şəmil Ömərov idi. İxtisasını o qədər gözəl bilirdi ki, mühazirə söyləyərkən sanki üzvi kimyadan yox,ədəbiyyatdan şer söyləyirdi. Çox zaman mürəkkəb kimyəvi formulaları ikiəlli yazırdı. Məsələn, 12 əsaslı inozit heksa fosfat turusunun benzol həlqəsini çəkəndən sonra həlqənin sağ tərəfini sağ əli ilə, sol tərəfini sol əli ilə sürətlə yazırdı. Lövhənin qarşısında sanki bir aktyor öz rolunu məharətlə oynayırdı.

Belə müəllimlərdən biri də III kursda biokimyanı tədris edən professor Qəhrəman Xəlilov idi. Dəftərin 3 səhifəsinə ancaq yerləşən məşhur Krebs tsiklini təbaşiri yerə qoymadan izah edərək sürətlə yazırdı. Reaksiyanı yaddaşımıza elə hopdurmuşdu ki, imtahanda ən zəif oxuyan tələbə də onu yaza bilirdi.

Bu kursda meiorasiya fənnini bizə sevdirə bilən Məmmədxan müəllimi unutmaq böyük qəbahət olar. Həmişə səliqəli geyinirdi, köynəyi ağappaq olardı, hər gün qalstukunu dəyişərdi. Əsil centlmen idi. Heç vaxt davamiyyəti yoxlamazdı. Lakin mənim yadıma gəlmir ki,kimsə onun dərsini buraxardı. Hamımız mühazirəni yazırdıq və sonda 4 və 5 alırdıq. Lakin çox təəssüf ki, yuxarı kurslara gəldikcə savadlı və maraqlı müəllimlərin sayı azalırdı.

1971-ci ildə təhsilimizi başa vurduq. Təyinat zamanı artıq dekanımız olan “alovlu tribun” Bilal müəllim mənim kafedrada laborant qalmağımı təklif etdi. Mən imtina edib, təyinatla AzETPİ-nin Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasına kiçik elmi işçi vəzifəsinə yollandım və10 ildən sonra 1981-ci ildə doğma institutumuza qayıtdım.

Elmi-tədqiqat institutunda torpaqşünas-aqrokimyaçı kimi müəyyən təcrübə qazansam da mənim bir müəllim kimi formalaşmağımda Cəlil Cəlilovun böyük zəhməti oldu. Çox mehriban, səmimi, savadlı bir insan olan Cəlil müəllim məni həmişə ruhlandırır və ümidli olmağa həvəsləndirirdi. Bir gün Mirzə Şəfi Vazehin bir şerini mənə söyləyib, məsləhət gördü ki bütün mühazirə mətnlərinin başlığına yazıb, tələbələrinə də söylə. Şeir belə idi:

Ümid bir dayaqdır hər təsəlliyə,

Ümidsiz insanın ömrü gödəkdir.

Sevsin, nəfəs alsın, yaşasın deyə,

İnsana hər zaman ümid gərəkdir.

Ümumiyyətlə, yüksək bilik və bacarığa malik, öz vətənini böyük məhəbbətlə sevən, milli və bəşəri dəyələrə hörmət edən şəxsiyyət formalaşdırmaq vəzifəsinin uğurla yerinə yetirilməsi ilk növbədə ali təhsil məktəblərindəişin düzgün qurulmasından,təlim və tərbiyənin keyfiyyətindən çox asılıdır. Bu baxımdan ADAU-da qabaqcıl müəllimlər öz vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.

1980-ci il dekabrın 16-da Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışarkən Ümummilli Lider Heydər Əliyevin universitetimizin  haqqında dediyi bu sözlər “Azərbaycan Kənd Təsərrüfatı İnstitutu nəinki yüksəkixtisaslı kadrlar hazırlamalı, həm də respublikada kənd təsərrüfatını daha da inkişaf etdirmək sahəsində elmi tədqiqatların mühüm mərkəzi olmalıdır”!bu ali məktəbdə çalışan hər bir müəllimin həyat devizinə çevrilmişdir.

Paylaş: