C. Avq 23rd, 2019

Şotlandiyada Nəsiminin 650-ci doğum gününə həsr olunmuş poeziya gecəsi keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ilin Nəsimi ili elan olunması ilə bağlı Sərəncamına əsasən dahi Azərbaycan şairinin 650 illik yubileyi bütün dünyada geniş şəkildə qeyd olunmaqdadır. Bununla əlaqədar, Şotlandiyanın St.Andrews Universitetində yaradılan Azərbaycan cəmiyyətinin təşkilatçılığı və Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin birgə dəstəyi ilə böyük şair və mütəffəkirin doğum gününə həsr olunmuş poeziya gecəsi keçirilmişdir.
Tədbiri St.Andrews Universiteti Azərbaycan cəmiyyətinin rəhbəri Aslan Şıxəliyev açaraq, Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat vermiş, onun zəngin bədii irsindən bəhs etmişdir. Aslan Şıxəliyev, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya göstərdiyi diqqətə və Nəsiminin seçilmiş qəzəllərindən ibarət kitabların St.Andrews Universitetinin kitabxanasına hədiyyə olunmasında dəstəyə görə xüsusi minnətdarlığını bildirmişdir.
Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunmuşdur. Məktubda Nəsiminin yalnız Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının dahi şairi olduğu qeyd olunur.
Gecədə müxtəlif ölkələrdən gələn tələbələrin ifasında Nəsiminin qəzəlləri Azərbaycan milli musiqisi sədaları altında səsləndirilmiş və şair haqqında filmdən fraqmentlər nümayiş etdirilmişdir. Tədbir iştirakçıları Beynəlxaq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sertifikatlarla mükafatlandırılmışlar. Sonda St.Andrews və Oxford Universitetlərindən olan qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunmuşdur. (moderator.az)

Paylaş: