Be. Okt 14th, 2019

Yenə Bakı seçildi: Qarabağın həlli sürətlənə bilər

NATO-Rusiya görüşünün ölkəmizdə keçirilməsi üçün Bakıya üstünlük qazandıran əsas səbəblər infrastrukturunun inkişaf etməsi, paytaxtda və yerlərdə möhkəm sabitliyin mövcud olması, təhlükəsizlik sisteminin yaxşı qurulmasıdır.

Bu sözləri politoloq Qabil Hüseynli NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycanın seçilməsini şərh edərkən deyib. O bu cür görüşlərin kçirilməsi üçün Azərbaycanda ideal şəraitin olduğunu söyləyib:

“Bakı artıq çoxdandır ki, həm beynəlxalq nüfuzlu idman yarışlarının, həm də siyasi görüşlərin keçirildiyi bir mərkəzə çevrilib. Məsələn, İrəvanda belə bir tədbirin keçirilməsi üçün beynəlxalq standartlara cavab verən beşulduzlu otel belə tapmaq mümkün deyil. Üstəlik şəhərin infrastrukturundan tutmuş təhlükəsizlik məsələlərinə qədər heç bir şey qaydasında deyil. Tiflis və digər bölgələr haqqında da eyni sözü demək olar.

Bu sahədə həm ölkə rəhbərliyinin, həm də müvafiq qurumların kifayət qədər təcrübəsi var. Bu nöqteyi nəzərdən, belə bir tədbirin Bakı şəhərində keçirilməsi artıq ənənəyə çevrilib.

İndi isə dünya təhlükəsizliyi ilə bağlı olan NATO nümayəndəsi ilə Rusiya baş qərargah rəisinin görüşünün Bakıda keçirilməsi sözün həqiqi mənasında paytaxtımızın sürətlə artan prestijindən, şöhrətindən söz açmağa imkan verir. Belə görüşlərin ölkəmizdə keçirilməsi Azərbaycanın populyarlığının artması üçün böyük əhəmiyyətə malikdir”.

Politoloq Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələrinin ölkəmizin bu statusunu daha da möhkəmləndirdiyini söyləyib:

“Azərbaycan onsuz da uzun müddətdir ki, regionun lideri kimi beynəlxalq münasibətlərdə çox çevik və dinamik rol oynayır. Bu səbəbdən Azərbycan postsovet məkanında ilk ölkədir ki, BMT Təhlükəsizlik Şurasının 2 illik müddətinə müvəqqəti üzvü seçilib. Azərbaycan Qoşulmama Hərəkatının rəhbəridir. Ölkəmiz bir sıra beynəlxalq təşkilatların fəaliyyətində İƏT, UNESKO və s. digər təşkilatların fəaliyyətində yaxından iştirak edir. Zənnimcə, belə tədbirlər Azərbaycanın həm dünya dövlətləri ilə münasibətlər qurmaqda, həm də Dağlıq Qarabağ probleminin həllini sürətləndirməkdə Bakıya yaxından köməklik göstərəcək”.

Q.Hüseynlinin sözlərinə görə, belə bir əhəmiyyətli görüşün Bakıda keçirilməsində lider amili də mühüm rol oynayır:

“Azərbaycanın siyasi rəhbərliyi dünyada kifayət qədər tanınıb. Bakı kimi dünyanın ən gözəl şəhərlərindən birinin inkişaf etməsində ölkə siyasi rəhbərliyinin böyük rolu var. Üstəlik, İlham Əliyev müxtəlif beynəlxalq görüşlərdə, Davos iqtisadi forumunda, İƏT-in tədbirlərində və s. ölkəmizi təmsil edən biri kimi diqqət mərkəzindədir. İlham Əliyevin yüksək siyasi mədəniyyətə və nitqə malik olması, bir neçə dildə sərbəst danışması onun ölkə başçısı kimi xüsusi çəkisini daha da artırır. Zənnimcə, ölkə rəhbərliyi belə tədbirlərin Bakıya yönəldilməsində əhəmiyyətli rol oynayır”.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə danışıqlar aparacaq. (axar.az)

Paylaş: