Ça. Okt 15th, 2019

“Atamı erməni girovluğundan azad edəcək bir insan var o, da ölkə başçısıdır…”

Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma yurdunda girov düşməsindən beş il ötür. 
Məsələylə bağlı danışan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov beş il ərazində atasının haqq səsini dünya ictimaiyyətinə çatırdığını bildirdi. Amma bütün bunlara baxmayaraq K.Əsgərov bildirdi ki, atasını erməni girovluğundan bir şəxs azad edə bilər, o, da ölkə başçısıdır:
“İyulun 14-də atamın erməni girovluğunda qalmasından beş il ötür. Ötən beş il ərzində ən çox beynəlxalq tədbirlərə qatılaraq atamın haqq səsini beynəlxalq təşkilatların və dünyanın diqqətinə çatdırdım. Atam beş ildir ki, öz doğma yurdunda erməni girovluğunda saxlanılır və bir günahı var ki, o da öz doğulub boya-başa çatdığı Kəlbəcər rayonunda yaxınlarının qəbirlərini ziyarət edib. Bununla bağlı 2017-ci ildə Polşada ATƏT-in zirvə toplantısında çıxış etmişəm, Türkiyədə və Gürcüstanda keçirilən tədbirlərdə bu məsələni qaldırmışam. Polşada erməni səfirliyi qarşısında aksiya keçirmişəm. Sonuncu dəfə Fransada Strasburqda Avropa Şurasının Parlament Assambleyasında bunu Avropa Şuarasının deputatlarının diqqətinə çatdırmışam. Amma buna baxmayaraq hələ də atam Dilqəm Əsgərov erməni girovluğunda saxlanılır. Azərbaycana qarşı Avropa Şurasında oturan deputatlar hər zaman qərəzli çıxışlar edirlər. Niyə görə atamın beş ildir erməni girovluğunda saxlanmasına göz yumurlar və öz mövqelərini bildirmirlər?! Onu da demək istəyirəm ki, bu gün atam Dilqəm Əsgərovu erməni girovluğundan azad edəcək tək bir insan var və o, da ölkə başçısıdır. İnanıram ki, cənab prezidentin apardığı uğurlu siyasət nəticəsində gec-tez atam Dilqəm Əsgərov erməni girovluğundan azad ediləcək. Artıq dörd ildir ki, biz atamla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik, amma təəssüflər olsun ki, bu məsələyə baxılması prosesi uzanır. Bu da işin əyani sübutudur ki, Avropada hər zaman Azərbaycana qarşı qərəzəli çıxış edirlər.
Beş il ərzində atamın öz torpağında girov saxlanılmasıyla barışa bilməmişəm. İctimaiyyət də yaxşı bilir ki, bu istiqamətdə əlimdən gələni etmişəm. Atamsız ailə həyatı qurdum və təsəlli tapmaq üçün dünyaya gələn oğluma atamın adını qoydum. Mən dövlətimizə, xalqımıza, cənab prezidentə çox inanıram və bilirəm ki, atam erməni girovluğundan azad ediləcək”.  (moderator.az)

Paylaş: