C. Okt 18th, 2019

“Cudi düzəlişi”: Ermənistan cəbhədə snayperləri işə salacaq

ABŞ Konqresi Dağlıq Qarabağda atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı təklif olunan düzəlişi qəbul etdi. Respublikaçı konqresmen Cudi Çunun təklif etdiyi düzəlişlər təmas xəttindən snayperlərin, ağır texnikanın və yeni silahların geri çəkilməsini, ATƏT-in müşahidəçilərinin sayının artırılmasını, təmas xəttində atəşkəs rejiminin pozulmasının fiksasiya olunmasını nəzərdə tutur.

Cudi Çu ABŞ-da erməni lobbisinin əsas üzvlərindəndir, Amerika erməni milli komitəsi (ANCA) ilə sıx əlaqələrə malikdir. Konqresmen bu təklifləri ilk dəfə 2016-cı ildə “aprel müharibəsi”ndən sonra irəli sürmüşdü.

ANCA-nın “Cudi düzəlişi” olaraq təqdim etdiyi bu sənəd “Roys-Engel” planına əlavədir və məqsəd Dağlıq Qarabağda mövcud status-kvonun saxlanılmasıdır.

Erməni lobbisinin belə gediş edəcəyi öncədən görünürdü və hədəf təkcə Bakı yox, həm də Tramp Administrasiyasıdır.

“Roys-Engel” planı təmas xəttində “atəşkəsə nəzarət mexanizmi”nin yaradılmasını nəzərdə tutur: münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayı artırılır; silahsızlaşdırma aparılır; qoşunların hərəkətlərinin izlənilməsi, atəşkəs rejiminin pozulması hadisələrinin araşdırılması üçün regiona xüsusi “lokatorlar” yerləşdirilir; atəşkəsi pozan tərəflər üçün sərt cəzalar, iqtisadi və siyasi sanksiyalar tətbiq edilir;

Bu planın müəllifləri konqresmenlər Ed Roys və Eliot Engeldir. Hər iki şəxs açıq şəkildə erməni lobbisi şəbəkəsində təmsil olunurlar. Ed Roys ABŞ-da Amerika Erməni Milli Komitəsi (ANCA) tərəfindən yaradılan Ermənistana dəstək qrupunun həmsədridir, Eliot Engelin isə Roysla birgə qondarma “erməni soyqırımı”nın tanınması istiqamətində fəal çalışmasına dair açıq faktlar var. Erməni lobbisi bu planı Obama dövründə gündəmə gətirmişdi. Eyni şəbəkənin təmsilçisi hesab olunan keçmiş dövlət katibi Con Kerri planı dövriyyəyə salmaq üçün real addımlar atdı. ABŞ-ın burada məqsədi Rusiyanın regiona sülhməramlı yerləşdirmək planına alternativ qoymaq idi, lakin nəticə etibarilə, təmas xəttində nəzarətin təmin eidlməsi ilə “müharibə variantı” sıradan çıxacaq, mövcus status-kvo dəyişməz olaraq qalacaqdı. “Aprel müharibəsi”ndən sonra – 2016-cı ilin 16 mayında keçirilən Vyana görüşündə bu məsələ gündəmə gəldi, lakin mexanizmin yaradılması sözdən o tərəfə keçmədi. Buna həm Bakı icazə vermədi, həm rusların marağına zidd idi, həm də Obamadan sonra Tramp bu mexanizmləri rəfə qaldırdı.

Tramp Administrasiyası ermənilərin “nazı ilə oynamaq” fikrində deyil və Ağ Evin mediada Con Boltonun adı ilə təqdim olunan “Bolton planı” bunları nəzərdə tutur: Qarabağa heç bir status verilmir və işğal edilmiş ərazilər tam şəkildə Azərbaycanın tərkibinə qaytarılır, əvəzində Bakı Ermənistanın regional layihələrə qoşulmasına “yaşıl işıq” yandırır, Türkiyə ilə sərhədlər açılır. 

İşğalçı ölkə çətin vəziyyətdədir, Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva ilə münasibətlərin pisləşməsi Rusiyanın tərəzinin Bakıya tərəf olan gözünə ağırlıq verməsi ilə nəticələndi, həmçinin, rusların “Lavrov planı” olaraq təqdim edilən variantı da ən azından işğal altındakı rayonların azad edilməsini nəzərdə tutur. İrəvanın yeni sahibləri ABŞ-a bel bağlayır və Vaşinqtonun regional planlarında yer almaqla Qarabağ məsələsində dəstək qazanacaqlarını düşünürdülər. Lakin Tramp Administrasiyası Qarabağ münaqişəsini geostrateji planlarına maneə kimi görür, xüsusilə rəsmi Bakının siyasi ağırlığını və strateji əhəmiyyətini nəzərə alaraq, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllini tələb edir. Belə situasiyada işğalçı ölkə erməni lobbisini hərəkətə keçirir və Tramp Administrasiyasını “fakt qarşısında” qoymağa cəhd edir.

30 may tarixindən başlayaraq, Ermənistanın cəbhədə aktiv təxribatlara əl atması, xüsusilə snayperlərlə Azərbaycan Ordusunun hərbi qulluqçularını şəhid etməsi 20 iyul Vaşinqton görüşünə hesablanmışdı. Məqsəd təmas xəttində gərginlik yaratmaq və məhz “Roys-Engel” planını gündəmə gətirmək idi. Bu, işğalçı ölkənin danışıqlar prosesini uzatmaq istiqamətində ikinci cəhdi idi. Birinci cəhd martın 29-da keçirilən Vyana görüşündə Azərbaycan lideri tərəfindən alt-üst edildi. Lakin XİN rəhbərlərinin Vaşinqton görüşündə də Ermənistanın “atəşkəsə nəzarət mexanizmi”ni qəbul etdirmək cəhdi baş tutmadı və “əsaslı danışıqların” davam etdirilməsi ilə bağlı razılıq əldə olundu.  Bu prosesin davamı olaraq, erməni lobbisinin ABŞ-da hərəkətə keçəcəyi və status-kvonun saxlanılmasına hesablanan “atəşkəsə nəzarət mexanizmi”ni gündəmə gətirəcəyi gözlənilən idi.

“Cudi düzəlişi” bu prosesin nəticəsidir və konkret hədəfləri var:

– “Atəşkəsə nəzarət mexanizmi”ni yenidən danışıqlar prosesinin tərkib hissəsi etmək;
– Bununla “əsaslı danışıqlar”ın, yəni konkret nəticələrə hesablanan müzakirələrin qarşısını almaq;
– Tramp Administrasiyasına Konqresdəki erməni lobbisinin üzvləri vasitəsilə təzyiq etmək və “Bolton planı”nı arxa plana çevirmək;

Ermənistan “Cudi düzəlişi”ni əsaslandırmaq üçün təmas xəttində snayperləri yenidən işə sala bilər. 30 maydan başlayaraq, həyata keçirilən təxribat addımları Konqresdə “Roys-Engel” planını gündəmə gətirmək və düzəlişi qəbul etdirməyə hesablanmışdı və bu, birinci mərhələ hesab oluna bilər. Görünür, erməni lobbisi ilk mərhələdə müəyyən nəticə əldə etdi. İkinci mərhələdə “Cudi düzəlişi”nin əhəmiyyətini artırmaq və Vaşinqtonun “atəşkəsə nəzarət mexanizmi”nə qayıtmasını təmin etmək üçün cəbhədə snayperlər işə salınacaq, hərbi gərginliyin artırılmasına səbəb olacaq təxribat addımları atılacaq. (publika.az)

Paylaş: