C. Avq 23rd, 2019

Əli Nağıyev: “DTX-nin üzərinə böyük vəzifələr düşür” – FOTOLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib

Turkustan.info xəbər verir ki, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyev, DTX-nin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.

 

DTX-nin rəisi general-leytenant Əli Nağıyev çıxış edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə  xidmətlərində müvəffəqiyyətlər arzulayaraq, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən danışıb.
General-leytenant Əli Nağıyev ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsini bitirən gənc zabitlərin əldə etdikləri mühüm bilikləri Vətənin müstəqilliyinin və təhlükəsizliyinin təmin olunması istiqamətində uğurla tətbiq edəcəklərinə, möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması uğrunda vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. O, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə çalışmalarının, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti vəzifələrini şərəflə yerinə yetirmələrinin Heydər Əliyev vətənpərvərlik və peşəkarlıq məktəbinə, dövlətçilik mənafelərinin qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi diqqətə çatdırıb ki, Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində də aparılan islahatlar, kadr potensialının müasir tələblər səviyyəsinə uyğunlaşdırılması təlim-tədrisin keyfiyyət göstəricilərini durmadan yüksəldir. Dövlətimizin başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın elmə və təhsilə hərtərəfli diqqət və qayğısı nəticəsində ölkədə gənclərin müasir bilikləri mənimsəmələri və kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şərait yaradılıb. DTX-nin Heydər Əliyev adına Akademiyası da bu sırada öncül yerlərdən birini tutur.

General-leytenant Əli Nağıyev diqqətə çatdırıb ki, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində, dayanıqlı iqtisadi tərəqqinin əsas təminatçısı olan sabitliyin və təhlükəsizliyin qorunmasında digər aidiyyəti dövlət və hüquq mühafizə orqanları ilə yanaşı, DTX-nin də üzərinə böyük vəzifələr düşür: “Biz hamılıqla Ulu Öndərin bizə əmanət etdiyi, möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə durmadan inkişaf edən və daha da qüdrətlənən Azərbaycan Respublikasına şərəflə xidmət etməli və dövlət müstəqilliyimizi fədakarlıqla qorumalıyıq”.
Xidmət rəisi əminliklə bildirib ki, DTX-nin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bütün əmr və göstərişlərini bundan sonra da vaxtında və qətiyyətlə yerinə yetirəcəkdir.

Paylaş: