Ç. Okt 16th, 2019

Ərdoğanla Putin arasında ruhi bağlılıq var – Politoloq

Türkiyə NATO-da spesifik mövqedə olsa da, alyansı tərk etməyə və Vaşinqtonla münasibətləri pisləşdirməyə hazırlaşmır. Demək lazımdır ki, Putin də eyni prinsipial mövqeyə malikdir. O, Amerika siyasi sinfinin onu cəlb etməyə çalışdığı total “soyuq müharibə”ni var gücü ilə təxirə salmağa çalışır. Odur ki, belə demək mümkündürsə, Ərdoğan və Putin arasında ruhi yaxınlıq, bağlılıq var.

Bunu “İzborskiy klub”a açıqlamasında Siyasi ekspertlər və məsləhətçilər assosiasiyasının vitse-prezidenti, “Zavtra” qəzetinin baş redaktorunun müavini Aleksandr Naqornı bildirib.

Bununla belə o qeyd edib ki, həyat fərdi siyasətçilərin iradəsindən daha güclüdür:

“İnsan güman edir, həyat isə sərəncam verir. Ona görə də bütün bu söhbətlər gedir. Əsasən də bu söhbətlər Türkiyəyə S-400-lərin çatdırılmasını müvəffəqiyyətsizliyə uğratmaq istəyən liberal dairələr tərəfindən edilir. Hələlik onlar buna nail ola bilmirlər. Çünki son 4 gün ərzində bu hava hücumundan müdafiə sistemlərinin ayrı-ayrı komponentlərinin Türkiyəyə çatdırılması həyata keçirilir. Bütün bunlar böyük səs-küy yaranmasına gətirib çıxarıb və onlar Türkiyə-Rusiya-ABŞ üçbucağı arasında inkişaf edən münasibətləri, situasiyanı maksimum dərəcədə pozmaq üçün intensivləşiblər. Ona görə də Türkiyənin NATO-dan heç bir halda gedişi olmayacaq, ancaq münasibətlərdə münaqişəli vəziyyət qalmaqda davam edəcək”.

Politoloq hazırkı Türkiyə-ABŞ münasibətlərini SSRİ-Çin münasibətlərinə bənzədib:

“Bizim də Sovet İttifaqı dövründə Çinlə münasibətlərimiz bəzən kəskinləşir və kifayət qədər gərgin olurdu. Buna baxmayaraq, hazırda Çin Xalq Respublikası ilə qarşılıqlı əlaqələrimiz tamamilə fərqli xarakter daşıyır. Ona görə də Türkiyənin NATO-dan guya çıxacağı ilə bağlı söylənilən fikirlər cəfəngiyyatdır. Bu fikirləri pəncərədən tullamaq və əhəmiyyət verməmək lazımdır. Bütün bunlar mübaliğədir. Əslində isə Türkiyə Birləşmiş Ştatlarla yaxşı əlaqələr saxlamaq istəyir”.

Qeyd edək ki, rus silahlarının Türkiyəyə tədarükünə başlanılması bir sıra KİV-lərdə Ankaranın NATO-dan az qala çıxa biləcəyinə dair xəbərlərlə müşayiət olunur. (teleqraf.com)

Paylaş: