Ca. Noy 14th, 2019

“Bəzi qüvvələrin məqsədi Azərbaycanı emosional addımlara sövq etməkdir” — Keşikçidağ olayının PƏRDƏARXASI

Son dövrlərdə Cənubi Qafqaz bölgəsində gesosiyasi proseslər yeni bir mərhələnin astanasına qədəm qoyub. Bölgədə marağı olan beynəlxalq güclərin bölgə uğrunda mübarizəsi açıq formada özünü biruzə verməkdədir. Gürcüstanda baş verən olaylar bunun bariz göstəricisidir. Hətta bəzi qüvvələr yaranmış situasiyadan faydalanaraq Gürcüstandakı daxili qüvvələrin rolundan istifadə edərək Azərbaycanla münasibətlərin korlanmasına cəhd edirlər. Bu qüvvələr müxtəlif xarakterli təxribatlara əl atmaqla iki ölkə və xalq arasında münasibətlərin gərginləşdirilməsinə çalışırlar. Bu istiqamətdə son bir neçə ayda davamlı olaraq bir sıra təxribatlar həyata keçirməkdədirlər. Növbəti təxribat isə iki gün öncə Azərbaycan sərhədləri daxilində yerləşən “Keşikçidag” məbədində sərhədçilərimizə qarşı baş verdi. Ancaq Azərbaycan tərəfi təmkinlilik və ayıqlılıq nümayiş etdirərək təxribatçıların təxribatına uymadı.

Rəsmi Tiflis əvvəlki hadisələrdən fərqli olaraq bu dəfə tez reaksiya verərək hadisəni pislədi. Rəsmi Bakı isə diplomatik kanallar vasitəsi ilə öz etirazını çatdırdı.

Bölgədə yaranmış durumla bağlı ekspert  Zaur İbrahimliyə müraciət etdik.

“Ölkə.Az”a açıqlamasında bölgədə baş verən prosesləri dəyərləndirən Z. İbrahimli deyib ki, Azərbaycan  geosiyasi tələyə düşməkdən qaçmalıdır.
“Azərbaycan sərhədçisi ilə bağlı insidenti müzakirə edərkən aşağıdakı məqamlar və ümumi kontekst də mütləq nəzərə alınmalıdır: Birincisi, hazırda Gürcüstanda daxili siyasi mühit gərgin olaraq qalır və bu ölkənin qeyri-rəsmi rəhbəri Bidzina İvanişvilinin mövqelərini getdikcə zəiflədir. Rusiyalı deputatlarla bağlı etirazlara laqeyd qala bilməyən Moskva eyni zamanda İvanişvilinin də çox zərbə almasında maraqlı deyil. Məhz buna görə Tbilisiyə qarşı iqtisadi sanksiyalar tətbiq edilmədi. Bu vəziyyətdə prezident Zurabaşvili də daxil olmaqla İvanişvili komandasını xilas etmək, həm də öz simasını saxlamaq Kremlin əsas vəzifələrindən sayılır. Bunun ən yaxşı üsullarından biri daxili siyasi diskursu dəyişmək, ictimai diqqəti, vətəndaşları siyasi gündəlikdən yayındırmaqdır. Həmçinin İvanişvili komandasına xal qazandırmaqdır. Bunun ən optimal yolu isə Keşikçidağ məsələləsini yenidən aktuallaşdırmaqdır.

İkincisi, Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli görüşü dünən baş tutub. Üçtərəfli formatda görüşlər, hərbi təlimlər Rusiya tərəfindən ABŞ və NATO-nun layihəsi kimi nəzərdən keçirilir. Tbilisinin Türkiyə və Azərbaycanla hərbi-siyasi müstəvidə əməkdaşlığı dərinləşdirməkdən çəkindirmək də Rusiyanın Cənubi Qafqazda əsas geosiyasi ev tapşırıqlarından biridir. Azərbaycanla ərazi mübahisələrinin qabardılması Türkiyə ilə münasibətləri də zərbə altında qoyacaq. Bir az əvvəl isə Rusiya TV-ləri Batumi və və digər turist zonalarının guya türklər tərəfindən alınaraq zəbt edilməsi barədə intensiv təbliğat aparırdılar”, – ekspert qeyd edib.

O, əlavə edib ki, Gürcüstanla bağlı proseslər iyunun binici yarısında bu ölkənin baş naziri Mamuka Baxtadzenin ABŞ-a səfərindən sonra başladı:

“ABŞ rəsmiləri faktiki olaraq Tblisidən Anakliya limanının tikintisini dəstəkləməyi ultimativ şəkildə tələb etdilər. Bundan sonra hökumət bəyan etdi ki, limanın tikilıməsi ilə bağlı konsorsiuma maliyyə öhdəliklərinin icrası ilə əlaqədar güzəşt edəcək. Halbuki, az əvvəl konsorsiumla müqavilənin pozulması gündəliyə gəlmişdi. Rusiya XİN rəsmisi Karasin isə bildirmişdi ki, ABŞ bütün qırmızı xəttləri keçir. Çünki Vaşinqtonda açıq bəyan etmişdilər ki, Tblisinin NATO yolunu açmağa çalışırlar. Bu hadisələrin ardından Gürcüstanda daxili siyasi proseslər gərginləşdi və İvanaşvili iqtidarı üçün real təhdidlər yaranıb. İndi Moskvanın əsas vəzifəsi 4 ilə əvvəl Moldovoda olduğu kimi İvanişvilini qorumaq və zaman udmaqdır. Bunun da əsa yolu milli hissləri körükləmək, “xarici düşmənə qarşı birləşmək” zərurəti yaratmaqdır.

Burada digər əsas məqamlardan biri də  İvanaşvilinin hər zaman əsas vəzifəsi Gürcüstan-Azərbaycan əlaqələrində strateji inkişafı tormozlamaq, müəyyən həddə qədər durdurmaq olub. Azərbaycandan enerji daşıyıcılarının ixracından tutmuş, tranizt razılaşmaları və digər məsələlərdə hər zaman mövcud konsensusu pozmaq, maksimalist mövqe tutulması da bu yanaşmanın təzahürüdür”.

Ekspertin fikrincə, Azərbaycan təmkinini qorumalıdır:

“Topxana hadisələri ilə bağlı müqayisə aparmaq olar, amma indi fərqli zamandır, şərtlər fərqlidir. Bu məsələdə hökumətdən çox cəmiyyətimiz, diasporamız fəal olmalıdır. Amma qurulan tələyə düşməmək şərtilə. Yuxarıda qeyd etdiyim səbəblərdən emosiylara yol vermək olmaz. Bu addımların əsas məqsədi məhz Azərbaycanı emosional addımlara sövq etməkdir. Bütün strategiya buna hesablanıb. Diqqətli, təmkinli, müdrik və fəal olmağımız gərəkir”. (olke.az)

Paylaş: