Bz. Avq 18th, 2019

Azərbaycanda ət və yağ 50 faiz ucuzlaşa bilər: Amma…

Azərbaycanda ət və süd istehsalı 2-3 faiz artıb.

2019-cu ilin yanvar-iyun ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 675,8 milyon manat təşkil edib ki, onun da 1 milyard 902,2 milyon manatı heyvandarlıq, 1 milyard 773,6 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 13 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,9 faiz, bitkiçilik məhsulları üzrə isə 25,6 faiz artıb.

Ekspertlər hesab edir ki, istənilən məhsulun istehsal artımından sonra qiymətlərdə ucuzlaşma baş verir. Amma zaman-zaman müxtəlif məhsullarla bağlı istehsal xəbərlərindən sonra ucuzlaşma müşahidə edilməyib. 

Maraqlıdır,  artım necə faiz olmalıdır ki, qiymətləri ucuzlaşdırmağa qadir ola bilsin?

Turkustan.info bildirir ki. iqtisadçı-ekseprt Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, qiymətlərin aşağı düşməsi üçün ilk növbədə bolluq və rəqabət mühiti formalaşmalıdır:

“Hər iki məhsul üzrə Azərbaycanda istehsal olunan əmtəə yerli tələbatın 50 faizinə qədərini təmin edir. Dünya standartlarına görə tam təminatlı ölkədə süd istehsalı adambaşına 400-410 litr olmalıdır. Yəni bir nəfərin illik tələbatı 400 litr təşkil edir. Bu isə Azərbaycanda təxminən 200 litr ətrafındadır. O ki qaldı, ət istehsalına, bir nəfərin illik ətə olan tələbatı təxminən 80 kiloqram olmalıdır. Halbuki bir adambaşına 35 kiloqram ət istehsal edirik. Buradan çıxış etsək, bizim ət və süd üzrə illik istehsalımız azı 50 faiz artmalıdır ki, bazarda tam təminat yaransın. Yəni idxal arxa plana keçsin. Əlbəttə ki, bolluqdan gələn qiymət ucuzlaşmasını müşahidə edə bilərik. Bu məsələnin həlli tək bolluqdan asılı deyil, həm də monopoliya var. Düzdür kənd təsərrüfatı məhsullarının istehsalında o qədər ciddi monopoliya yoxdur, amma bu məhsulların şəhər bazarlarına yol tapması məsələsi var. Məsələn, kəndli öz məhsulunu gətirib birbaşa bazarda sata bilmir. Bunun üçün maneələr var. Hazırda müşahidə etdiyimiz qiymətlərin təxminən 30-40 faizi kəndlinin məhsulunu alıb şəhərdə satanların mənfəəti hesabınadır. Gilas, ərik və digər meyvələrin baha olmasından şikayətçiyik. Məsələn, fermer onu gətirib 2 manata bazara verir, satıcı pul verib bazarda özü üçün piştaxta tutur və təbiidir ki, həmin məhsulun üzərinə 2 manat da qoyulub satılacaq. Məsələn, fermer 50 qəpik qazanır, bazarda oturan alverçi isə 3 manat qazanır. Bu məsələlər də artıq hökumətin həll edə biləcəyi problemlərdir. Hazırda rayonda ətin kiloqramı 9-10 manatdırsa, şəhərdə 14 manatdır. Hardasa, üstünə 40 faiz qiymət əlavə olunur”. 

Ekspert deyib ki, bolluqla bərabər fermerin məhsulunun bazara çıxarılması əngəlləri aradan qalxmalıdır:

“Bununla yanaşı rəqabət mühiti yaradılmalıdır. Ümumiyyətlə, qiyməti sabitləşdirən, cilovlayan iki amil var. Biri rəqabət, digəri isə bolluqdur. Azərbaycan kənd təsərrüfatı potensialı olan ölkədir. Taxılı çıxmaq şərtilə istənilən bütün yerli tələbat mallarını ödəməyə potensialımız var. Amma bu potensialı reallaşdırmaq üçün mütləq dövlət dəstəyinə və proqramına ehtiyac var. Həmin dövlət proqramları da yerli marketinq tədqiqatlarına əsaslanmış layihələr olmalıdır. Bir sözlə yerli potensial mütləq ölçülməldir. Müşahidələr, tədqiqatlar aparılmalı və mütəxəssis rəyi olmalıdır.  Əslində isə düyna praktikasına uyğun qaydada dəstək həyata keçirməliyik. Məsələn, bir müddət əvvəl fermerlərə dəstək məqsədilə xeyli rayonlarda soyuducular tikdilər. İndi o soyuducuların 80 faizi boşdur. Yəni layihə səmərəsizdir. Səmərəli layihə həyata keçirməyə çalışmalıyıq və onu strukturunu, mexanizmlərini yerli şəraitə uyğunlaşdırmalıyıq. Ümumiyyətlə belə, layihələrin hazırlanması zamanı həm fermerlərin, həm də vətəndaş cəmiyyətinin rəyi nəzərə alınmalıdır”.

 

Paylaş: