Ca. Avq 22nd, 2019

Partiya və QHT-lərin fəaliyyətinin dayandırılması qaydaları müəyyənləşdi

Hərbi və fövqəladə vəziyyətlərdə qeyri-kommersiya qurumlarının fəaliyyətinin dayandırılması proseduru müəyyənləşib.

APA-nın məlumatına görə, Ədliyyə Nazirliyinin Kollegiyası bununla bağlı “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”na 5 yeni müddəa əlavə edib.

Beləliklə, hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dayandırıla bilər.  Siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıldıqda, bu barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir.

Həmin məlumatda hərbi vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir. “Hərbi vəziyyət haqqında” qanun ilə müəyyən olunmuş qaydada hərbi vəziyyət başa çatanadək fəaliyyəti dayandırılmış siyasi partiyanın, həmkarlar ittifaqının, qeyri-hökumət təşkilatının, xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən hərbi vəziyyət dövrünün başa çatdığı gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir.

Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətin bərpa edildiyi tarix və bərpa edilmənin hüquqi əsasları göstərilməlidir.

Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törədən siyasi partiyaların fəaliyyəti “Fövqəladə vəziyyət haqqında” qanunla müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən dayandırıla bilər. Siyasi partiyanın fəaliyyəti fövqəladə vəziyyət rejiminin müddəti bitənədək dayandırıldıqda, bu barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət barədə Fərmana istinad edilməklə 3 gün müddətində dövlət reyestrinə daxil edilir. Məlumatda fövqəladə vəziyyət barədə Fərmanın tarixi, nömrəsi, qüvvəyə mindiyi tarix, dayandırmanın müddəti, dayandırmanın başa çatdığı tarix göstərilir. “Fövqəladə vəziyyət haqqında” qanun ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək fəaliyyəti dayandırılmış siyasi partiyanın fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət rejiminin müddətinin bitdiyi gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir. Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix və bərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  1 may 2018-ci il tarixli qanuna əsasən, hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci 1 may qanununa əsasən,  hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti hərbi vəziyyət başa çatanadək dayandırıla bilər. O cümlədən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2018-ci il 18 dekabr tarixli qanunda siyasi partiyaların, həmkarlar ittifaqlarının, qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması və bərpa edilməsi barədə məlumatların reyestrə daxil edilməsi əksini tapıb. Qanunvericiliyə edilmiş dəyişikliklər və Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında” 2019-cu il 25 yanvar tarixli sərəncamının icrası ilə əlaqədar Ədliyyə Nazirliyi müvafiq prosedur müəyyənləşdirib.

Paylaş: