Bz. Avq 18th, 2019

Səfirlikdən laçınlılara: “Siz istəyirsiz ki, Rusiya ordusu hücuma keçib torpaqlarınızı azad etsin?”

Xəbər verdiyimiz kimi, Laçın rayonundan məcburi köçkün olan bir qrup ziyalı  ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri: Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın Azərbaycandakı səfirliklərinə yollanaraq işğal altındakı torpaqların azad edilməsi ilə bağlı rayon sakinlərinin etiraz bəyanatlarını təqdim ediblər. Bəyanatın Rusiya səfirliyinə təqdimatı zamanı köçkün ziyalılar qəribə bir reaksiya ilə qarşılaşıb.

Bu barədə Moderator.az-a açıqlamasında aksiyanın təşkilatçılarından biri, tanınmış laçınlı şair-publisist İlham Qəhrəman danışıb.

“Öncə söylədiyim kimi, Rusiya səfirliyində ABŞ-ınkından fərqli olaraq xeyli laqeyd qarşılandıq. Bizim bəyanatı ümumiyyətlə, qəbul etmək istəmirdilər. Səfirliyin komendantı isə bəyanatımızın məzmununu öyrəndikdən sonra gözlənilmədən soruşdu: “Siz istəyirsiz ki, Rusiya ordusu hücuma keçib  torpaqlarınızı azad etsin?”. 

Görünür, səfirlik əməkdaşının bu cümləsinin əsl, alt mənası belə idi: “Siz istəyirsiz ki, Rusiya Qarabağa sülhməramlı qoşunlar yeritsin və siz torpaqlarınıza qayıdasınız?”… Yəqin, komendant sualının cavabında da gözləyirdi ki, biz məcburi köçkünlər belə deyək: “Xahiş edirik, Rusiya Qarabağa sülhməramlı qoşunlar yeritsin və biz əvvəlki kimi öz torpaqlarımızda yaşayaq…” Təbii ki, biz heç vaxt belə cavab verə bilməzdik…”, – deyə laçınlı ziyalı vurğulayıb.

Paylaş: