Ca. Avq 22nd, 2019

Siyavuş Novruzov: “Kiminsə parlamentə seçilmək arzusu varsa, bir az səbr etsin”

“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə  növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir”. Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a müsahibəsində deyib.

Növbədənkənar seçki ehtimalının nə dərəcədə real olub-olmadığına gəldikdə, Q.Həsənquliyev bildirib ki, bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz: “Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir”.

Hakimiyyət təmsilçiləri tərəfindən dəfələrlə bildirilib ki, parlament seçkiləri öz vaxtında, 2020-ci ilin noyabrında keçiriləcək. Lakin yenə də növbədənkənar seçkilərlər bağlı məlumatlara rast gəlinir. Bu arada Milli Məclis üzvlərinin sayının artırılması, proporsional seçki sisteminin bərpasından da danışılır.  AXP sədri Pənah Hüseyn Sfera.az-a açıqlamasında parlamentin qarışıq sistemlə seçilməsinin daha düzgün olduğunu deyib. “Bu istiqamətdə köklü islahatlar və dəyişikliyə doğru bir qrup siyasi partiyanın müzakirə etdiyi sənəd mövcud idi. Həmin sənəddə Milli Məclis üzvlərinin sayının artırılması məsələsi bir sıra partiyalar tərəfindən gündəmə gətirilib. 1995-ci ilə nisbətən indi Azərbaycan əhalisinin sayı 40 faiz artıb. Ona görə də Milli Məclisdəki 125 üzvün bəziləri 150, digərləri də 200-ə qaldırılmasını təklif edirlər. Həmçinin bütün parlament üzvlərinin proporsional sistemlə, habelə yarıbayarı olmaqla qarışıq, majoritar sistemlə seçilməsi ideyası da gündəmdədir. Fikrimcə, parlament üzvlərinin seçilməsində qarışıq sistemin olması daha məqbuldur. Bu halın baş verməsi siyasi partiyaların inkişafına, həm də demokratikləşmə prosesinə müsbət təsir edəcək” – P.Hüseyn deyib.

Deputat Fazil Mustafa da sözügedən istiqamətdə səslənən fikirlərlə ümumən razıdır: “Fikrimcə, seçkilər yarı proporsional, yarı majoritar sistemlə keçirilməlidir. Bu olsa daha yaxşı olar. Ancaq bu kimi dəyişikliklərin olması barədə hər hansı bir fikir eşitməmişəm. Tam proporsional olsa da qoy olsun, fərqi yoxdur. Bu partiya demokratiyasını inkişaf etdirəcək”.

Qeyd edək ki, REAL sədri İlqar Məmmədov özünün facebook səhifəsində hakimiyyətin parlament üzvlərinin sayının artırılması və seçkilərin ancaq proporsional sistemlə keçirilməsi barədə müzakirələr keçirdiyini iddia edib.

Mövzu ilə əlaqədar YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”ın suallarını cavablandırdı:

– Siyavuş bəy, hakim partiyanın növbədənkənar seçki çağırmaq planı varmı? Bununla bağlı müzakirələr aparılırmı?

– Buna zərurət yoxdur. Bir məsələ ilə bağlı o vaxt addım atılır ki, zərurət yaranır. Bu il görürsünüz, parlament nə qədər məhsuldar işlədi. Hətta iyulun 15-dək işlədi. Hansı ki, iyulun 1-də parlamentin plenar iclasları bitirdi. Ancaq bu dəfə 15-dək işlədi. Qanunlar qəbul olunmalı idi ki, əhalinin rifah halı yaxşılaşsın, sosial problemlər həllini tapsın. O vaxt hansısa qurumu buraxırsan ki, lazımsız olur. Yoxsa bizim parlament normal işləyir. Bu söhbətləri ortaya atan adam bunu zəruri edən məsələlərdən danışmır. Demir ki, parlamentin buraxılmasını zəruri edən nədir? Kiminsə parlamentə seçilməyə arzu-istəyi varsa, bir az səbr eləsin. Seçkiyə cəmisi 1 il qalıb. Yəni 1 il səbr eləyə bilmirlər? Hələ o da seçilsə… (Gülür) Hələ ki gündəmdə belə bir məsələ yoxdur.

– Bəs parlament üzvlərinin sayının artırılması təşəbbüsünə necə baxırsınız? Belə yanaşmalar var ki, əhalimizin sayı artdığı üçün parlamentin say tərkibində də dəyişiklik edilməlidir, Milli Məclis 150, yaxud 200 nəfərdən ibarət olmalıdır. Bu barədə nə deyə bilərsiniz?

– Bütün bunlar hamısı referendumla qəbul olunan məsələlərdir. 1995-ci ildə keçirilən referendumla say müəyyənləşdirilib. İndi bununla əsaslandırırlar ki, o vaxt əhalinin sayı 7,5 milyon idi, indi artıb, 10 milyon olub. Məgər Amerikada, ya Böyük Britaniyada əhalinin sayı artmayıb? Amma ötən əsrdə konqresmenlərin sayı nə qədər idisə, o qədər də qalıb. Say artdıqca seçici sayı da artır. Əvvəl 37-40 minə 1 nəfər düşürdüsə, indi artıq 45 minə çatır seçici sayı.

– Bəzi həmkarlarınız proporsional seçki sisteminin bərpasını təklif edirlər. Sizin yanaşmanız necədir?

– Bunlar hamısı referendumla həllini tapa biləcək məsələlərdir.

– Siz hakim partiyanın rəhbərliyində təmsil olunan şəxs kimi, buna zərurət görürsünüz?

– Bilirsiniz necədir? Hansı formada olursa-olsun YAP həmişə seçkilərə hazırlaşıb və 25 ildən artıqdır ki, bütün seçkilərdə qalib gəlib. İstəyir belə təmsilçilik olsun, ya başqa cür, fərq etməz. Birbaşa təmsilçilik daha yaxşıdır. Yəni hər kəs öz dairəsini təmsil edir. Proporsional sistemin də özünün bir çox xüsusiyyətləri var. Bunların yadında Azərbaycandakı proporsional seçki sistemi qalıb ki, adlarını birinci, ya ikinci yazacaqlar və parlamentə seçiləcəklər. Məsələn, sədr və müavin adını yazacaq, iki yer parlamentə düşəcəksə, onlar keçəcəklər. Amma proporsional sistemin başqa formaları da var. Verilən səslərə görə sıralanma olur. Götürək ki, hər bir partiya 25-30 namizəd irəli sürüb və partiya ilə yanaşı, həmin şəxslərə də seçici gəlib ayrıca səs verir. Kim çox səs toplayırsa, o, birinci olur, az səs toplayan axırıncı yerdə qərarlaşır. Bu sistemin belə forması da var. Bilməyənlər, naşılar bunu elə dədə-baba qaydasıyla deyir ki, hər partiya öz siyahısı ilə namizədlərini irəli sürdü, qurtardı getdi. Əslinə qalsa, bizdə yarımproporsional sistemdir. Yəni hər bir partiya namizəd irəli sürür, namizədə imza toplayır, ona dəstək verir, təbliğat-təşviqatını aparır, plakatlarını çap edir, maliyyə dəstəyi göstərir. Proporsional elə budur da. Bunlar əgər siyasi partiyanın güclənməsi fikri ilə proporsionalı ortaya atırlarsa, mojaritarın özündə də yarımproporsional mövcuddur. Siyasi partiyanın 60 dairədən yuxarıda namizədləri qeydə alınıbsa, vahid şəkildə təbliğat-təşviqat işi aparır, televiziyada pulsuz efir vaxtı qazanır və s.

– Siyavuş bəy, ümumilikdə parlament seçkilərinədək Seçki Məcəlləsinə dəyişikliklər məsələsi gündəmdədir?

– Hələ ondan qabaq, dekabrda bələdiyyə seçkiləri var. Bələdiyyə seçkiləri ilə əlaqədar bizim də bir sıra təkliflərimiz var. Gərək əvvəlcə bu məsələlər öz həllini tapsın. Mən uzun müddətdir seçki ilə məşğulam. Prezidentliyə namizədə hansı sənədlər tələb olunursa, bələdiyyə üzvünə də o sənədlər tələb olunur. Hər bir bələdiyyə üzvünə 70 səhifədən artıq sənəd hazırlayıb ayrı-ayrı dairələrə təqdim etməlisən. Üst-üstə gələndə, 17 mindən yuxarı bələdiyyə üzvü var, 20 min namizəd irəli sürəndə təsəvvür edin ki, 100 min səhifəlik material təqdim etməlisən. Bu da əlavə çətinlik yaradır.

– Bəs gözləmək olarmı ki, digər sahələrdə olduğu kimi, siyasi sahədə də islahatlara start veriləcək?

– Təbii ki. Yəqin payızda ümumi qaydada müzakirələr olunar və ondan sonra bu məsələlərə baxılar.

Söhbətimizin sonunda S.Novruzov bildirdi ki, deputatlara yay tətili verilsə də, o, iş başındadır. İcra katibinin müavini dedi ki, Çindən böyük bir nümayəndə heyəti gələcək, ona görə də qonaqların qarşılanması üçün hazırlıqlar görülür: “Tək bu məsələ də deyil. Hazırda ”Yay məktəbləri”nə heyətlər göndəririk, qayıdanları digərləri ilə əvəz edirik. Digər tədbirlərimiz də var, sosial layihələr həyata keçiririk. Normal iş rejimində çalışırıq”. (musavat.com)

Paylaş: