Ca. Avq 22nd, 2019

Türkiyəyə TƏHLÜKƏ ən çox hansı ölkə(lər)dəndir?

Ankaranın yeni hava hücumundan müdafiə gücünün əhəmiyyəti barədə qeydlər

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin təhvil-təslim prosesi davam edir. Xatırladaq ki, S-400 sistemlərinin detallarının Türkiyəyə göndərilməsi prosesi ötən həftə başlayıb. Türkiyəli mütəxəssislərə görə, ilkin olaraq Türkiyəyə təyyarə ilə göndərilənlər radar, idarəetmə mərkəzi, yükləmə qurğusu və atəş açan qurğulardır. 120 ədəd raket isə Türkiyəyə gəmi vasitəsilə göndəriləcək.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə və Rusiya hökumətləri arasında əldə olunmuş anlaşmaya əsasən, Rusiya Türkiyəyə 2 HHM donanması, yəni 4 S-400 batareyası verəcək. 4 batareyada 8 atəş qurğusu və 128 ədəd mərmi-raket olacaq. Anlaşmanın dəyəri 2,5 milyard dollardır. 2007-ci ildən Rusiya ordusunun inventarına daxil edilən S-400 HHM sistemləri 600 km ümumi izləmə məsafəsi, 400 km aktiv izləmə və hədəfə alma imkanına malik olan, 250-400 km məsafədə təyyarələri, 40-60 km məsafədə isə ballistik raketləri 27 km hündürlüyə qədər vurmaq imkanına malik modern silah hesab olunur.

Ehtimal olunur ki, S-400 batareyalarından biri Ankara ətrafında, ikincisi İstanbulda, biri Malatyada, 4-cüsü isə Aralıq dənizi sahillərində, Kipr adasını izləyə biləcək bölgədə yerləşdiriləcək.

Erdoğan S-400 ile ilgili görsel sonucu

İndi isə əsas sual ondan ibarətdir ki, Türkiyə bu sistemləri hansı düşmənə qarşı alıb? Yəni S-400 Türkiyəni hansı ölkədən qoruyacaq? Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan media nümayəndələri ilə görüşdə  S-400 zenit qurğularının alınmasının savaş hazırlığı olmadığını deyib. Sitat: “Biz S-400-ləri alaraq savaşa hazırlaşmırıq. Sülhü və öz təhlükəsizliyimizi təminat altına almağa çalışırıq”.

Ərdoğan deyib ki, S-400 almaqda əsas məqsəd Türkiyənin öz sərhədləri daxilində və regional sülhü qorumaqdır. Eyni zamanda yerli müdafiə sənayesinin gücləndirilməsinin əsas məqsədi də budur. O, gələn ilə qədər Türkiyənin müdafiə sənayesi sayəsində ciddi uğurlarını nümayiş etdirəcəyini deyib. Bundan başqa, Türkiyə prezidenti S-400 sistemlərinin nəzarətinin Rusiyada olacağı ilə bağlı iddiaları təkzib edib. O deyib ki, zenit qurğularına nəzarət tamamilə Türkiyədə olacaq. Eyni zamanda gələcəkdə yerli istehsal texnikada proqram yazılışı da Türkiyədə həyata keçiriləcək. Türkiyə prezidenti deyib ki, S-400 silahlarından istifadəni öyrənmək üçün Türkiyə ordusunun 100 əməkdaşı Rusiyaya göndərilib. Bu şəxslər sonradan yerli texnikanın istehsalında mütəxəssis kimi çalışacaq.

Qeyd edək ki, hərbi ekspertlər Hava Hücumundan Müdafiə (HHM) sistemlərini hücum deyil, müdafiə silahı adlandırır. Bu silahlar daha çox sülh dövründə faydalı silahlar hesab olunur. Yəni məsələn, əgər hansısa sərhədi pozan başqa ölkə təyyarəsi varsa, bunun qarşısını almaq üçün HHM sistemləri işə salınır və həmin sərhəd pozucusu hədəfə kilidlənir. Bu zaman təbii ki, sərhəd pozucusu geri dönməyə məcbur olur. Ekspertlərə görə, bu, ən rahat və ucuz başa gələn müdafiədir. Çünki əks təqdirdə sərhəd pozucusunu geri göndərmək üçün ən azı bir neçə döyüş təyyarəsini havaya qaldırmaq və gərgin əməliyyat keçirmək lazım gəlir. Ancaq HHM sistemləri bunu bir neçə dəqiqə ərzində edə bilir. Üstəlik, güclü HHM silahları olan ölkələrin sərhədlərini pozmağa cəsarət edən az olur. Təbii ki, savaş zamanı hücum edən ölkələr HMM gücünü də nəzərə alır və ilk hədəflərdən biri də HHM-lər olur. Bundan başqa, S-400 kimi silahlar mümkün provokasiyaların qarşısının alınması, sərhəd pozulması ilə yanaşı provokativ hücumlar, sərhədə raket atılması, strateji obyektlərin terror hücumlarından qorunmasından əhəmiyyətli vasitədir.

“Patriot” ile ilgili görsel sonucu

Xatırladaq ki, Türkiyənin özünün hava hücumundan müdafiə sistemləri olmayıb. Daha əvvəl NATO radarları, həmçinin Suriya münaqişəsi zamanı cənub sərhədlərində NATO ölkələrinə məxsus bir neçə “Patriot” zenit qurğuları Türkiyə ərazisinə yerləşdirilib. 2013-cü ildə Suriya ilə münasibətlərin gərginləşdiyi bir vaxtda Almaniya, Hollandiya və ABŞ-a məxsus “Patriot” batareyaları 2017-ci ildə geri çağırılıb. Hollandiya batareyaları isə Türkiyədə cəmisi bir il fəaliyyət göstərib. Türkiyə 2015-ci ildə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarə vurulduqdan sonra hava hücumundan müdafiə sistemləri alınması gündəmə gəlib. 2016-cı il 15 iyul hadisələrindən sonra Türkiyənin NATO ölkələri ilə münasibətləri daha da soyuqlaşıb. Bu zaman artıq Türkiyə bir neçə ölkə ilə HHM sistemi almaqla bağlı danışıqlar aparırdı. 2015-ci ildə Çinlə HHM sistemi alınması anlaşması imzalansa da, sonradan bu anlaşma da ləğv olunub. Yalnız 2016-cı ildən sonra Rusiya ilə danışıqlar başlayıb və 2017-ci ildə Türkiyə və Rusiya arasında S-400 HHM sistemlərinin alınması ilə bağlı müqavilə bağlanıb.

“Patriot” ile ilgili görsel sonucu

Ancaq Vaşinqton Türkiyənin NATO ölkəsi olaraq Rusiyadan silah almasına qarşı çıxıb. Bunu bir neçə amillə izah edirlər. Birincisi, S-400-ün NATO hava hücumundan müdafiə sistemi ilə uyğun olmadığı, eyni zamanda NATO sistemləri, xüsusən də Türkiyənin almağa hazırlaşdığı F-35 müasir döyüş təyyarələrinin bilgilərini ələ keçirməsi təhlükəsinin olması ilə izah edilir. Ən əsası isə Türkiyənin 1952-ci ildən bu yana ilk dəfə NATO ölkələrindən deyil, ABŞ-ın faktiki rəqibi olan Rusiyadan silah almasıdır. Bu səbəbdən də müşahidəçilər ABŞ hökumətinin Türkiyəyə qarşı sanksiyalar tətbiq edə biləcəyini qeyd edir. Yeri gəlmişkən, artıq ABŞ hökuməti F-35 təyyarələrinin təlim uçuşlarında Türkiyə hərbi pilotlarının iştirakını dayandırıb. Eyni zamanda Konqres F-35-lərin Türkiyəyə satışının dayandırılması barədə qərar verir. Ötən həftə isə ABŞ Konqresinin aşağı palatası Cənubi Kiprə tətbiq olunan silah satışı embarqosunu dayandıran qanun layihəsi qəbul edib. Layihə Senatın və prezidentin təsdiqindən sonra qüvvəyə minəcək.

Yeri gəlmişkən, hərbi ekspertlərə görə, hazırda alınan 4 ədəd S-400 batareyası Türkiyənin bütün ərazilərini qorumaq üçün yetərli deyil. Ancaq paylaşmadan da belə anlaşılır ki, S-400-lər əsasən daha çox təhdid olan bölgədə, yəni paytaxt Ankarada, İstanbulda və Aralıq dənizi sahillərində, Şimali Kiprlə aradakı ərazini izləmək üçün qurulacaq. 4-cü batareyanın Malatyada qurulması ilə bağlı iddialar olsa da, onun yeri hələ tam müəyyənləşməyib. Belə anlaşılır ki, Ankara S-400-ləri ən çox təxribat və sərhəd pozuculuğu gözlənilən bölgələrə yerləşdirir… (musavat.com)

Paylaş: