Ça. Sen 17th, 2019

Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu İTTİHAM ETDİ

Bir müddətdir, cəbhə xəttində sakitlik hökm sürürdü. Lakin ötən gündən etibarən düşmən tərəfi yenidən təxribatlara əl atdı. Belə ki, dünən səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb. Müdafiə Nazirliyinin məlumatına görə, cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ermənistanın son bir neçə gündəki təxribatları bununla bitmədi. Dövlət Sərhəd Xidməti iyulun 18 iyul 2019-cu il tarixdə saat 00:20 radələrində Ermə­nistan Silahlı Qüv­vələrinin bölmələri tərəfindən Ermənistanın No­yem­ber­yan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silah­lardan atəş açılmaqla atəş­kəs rejimi pozulub, Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulması barədə məlumat yayıb. Cavab atəşi ilə düşmən susdurul­ub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­la­rının “Qa­zax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö­yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bay­ra­mov yaralanıb. Sər­hədçi əsgərə dərhal təxi­rə­sa­lın­maz tibbi yardım göstərilib və hazırda həyatı üçün təh­lükə yoxdur.

Düşmənin fəallaşmasının səbəbləri haqqında Modern.az-a danışan deputat Aqil Abbas Xarici İşlər Nazirliyini tənqid edib. A. Abbas hesab edir ki, XİN rəhbərləri nəticəsiz görüşlər keçirməməlidirlər:

“Düşmənin cəbhə xəttində sakitləşməməsi xarici işlər nazirlərinin mənasız görüşləri və mənasız açıqlamaları ilə əlaqədardır. Gülümsəyərək şəkillər çəkdirirlər, mənasız bəyanatlar səsləndirirlər. Nə qədər ki, bütün bunlar davam edəcək, cəbhədə vəziyyət də düzəlməyəcək. Allah xarici işlər nazirimizin işini avand eləsin”.

Qeyd edək ki, bu ilin iyunun 20-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak ediblər.

Bu görüşdən sonra Qarabağ cəbhəsində nisbi sakitlik müşahidə olunurdu. Lakin Ermənistan ordusu bu “susqunluğunu” pozaraq, növbəti dəfə təxribatlara əl atdı.

Paylaş: