C. Avq 23rd, 2019

Ermənistan hökuməti YİYƏSİZ QALIB – Hökumətin böyük tərkibdə ABŞ-da NƏ İŞİ VAR?

Ermənistan rəsmilərinin ABŞ-a səfəri, həmçinin Tonoyanın ABŞ səfiri ilə görüşməsi gələcəkdə Paşinyanın Rusiya siyasətindən əl çəkəcəyi anlamına gəlmir.

Politoloq Arzu Nağıyev Ermənistanın hazırda ABŞ-da 3 ayrı-ayrı nümayəndə heyətinin olmasının səbəblərinə aydınlıq gətirib. Politoloq hesab edir ki, Ermənistan KTMT-nin, Avrasiya İttifaqının üzvü və Rusiyanın forpostudur:

“Son görüşlərdən də hiss olundu ki, ABŞ rəsmiləri erməni siyasətçilərə müəyyən tövsiyələr verir. Rusiya və İrana tətbiq olunan sanksiayalardan sonra məhz ABŞ Ermənistan siyasətində çıxış yolu kimi prioritet məsələdir. Bunun üçün Paşinyan Qərbdən dəstək almağın, İrana tətbiq edilən sanksiyalara görə təzyiqlərlə üzləşməməyin yollarını axtarır. Son vaxtlar Konqresdə, Nümayəndələr Palatasında erməni lobbiçiliyinin nümayəndəsi olan siyasətçilərin Dağlıq Qarabağ və Ermənistanla bağlı verdiyi bəyanatlar olduqca çəkicidir. Məhz Ermənistanda da ABŞ-ın siyasi xəttini yeritmək üçün işlər aparılır. Lakin görüşlərdən sonra bunun nə dərəcədə mümkün olub-olmayacağı ilə bağlı proqnoz vermək mümkün olacaq”.

A.Nağıyev qeyd edib ki, hazırda dünyada və bölgədə vəziyyət gərgindir:

“Azərbaycan-Gürcüstan sərhədində gərginlik, Türkiyə-ABŞ, İran – Qərb qarşıdurması fonunda məhz Ermənistan-ABŞ münasibətlərində müəyyən istiləşmə ola bilər. Çünki İranda problemlər yarananda ABŞ-ın Ermənistandakı səfirliyi demək olar ki, öz işinin aktiv fazasına keçir. Görüşlərdən sonra proseslərə daha çox aydınlıq gətirmək mümkün olacaq”.

Politoloq Hatəm Cabbarlı da məsələ ilə bağlı saytımıza danışıb. Politoloq hesab edir ki, Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanın xarici siyasətində müəyyən dəyişikliklərin olduğunu müşahidə etmək mümkündür:

“Paşinyan daha çox Rusiya yerinə Qərb və daha çox ABŞ-la münasibətlərin inkişafında maraqlı olduğunu göstərməyə çalışır. Bu baxımdan son bir illik Ermənistan xarici siyasətini dəyərləndirsək, ənənəvi xarici siyasətdən daha çox Qərb və ABŞ-a yönəlik dinamizmi müşahidə edə bilərik. Bu günlərdə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan, Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan, Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Vaşinqtonda səfərdədir. Erməni hökumətinin demək olar ki, tam tərkibdə ABŞ-a səfəri bir çox məqamlardan xəbər verir”.

H. Cabbarlı vurğulayıb ki, Paşinyan xarici, təhlükəsizlik, eyni zamanda daxili siyasətdə hələ öz mövqelərini möhkəmləndirə bilmir:

“Xüsusilə də sosial-iqtisadi problemlərin həll olunması istiqamətində hökumətin 1 illik fəaliyyətinin uğursuzluqla nəticələndiyini deyə bilərik. Bu baxımdan Ermənistan hökumətinin əsas siyasi fiqurlarının ABŞ-da səfərdə olması olduqca maraqlıdr. Burada iki əsas məsələ gündəmə gələ bilər. Birincisi, Ermənistan-Rusiya münasibətlərinin aşağı səviyyəyə çəkilməsi və ya daha məsafəli davranış fonunda, Qərb dünyası və ABŞ-la münasibətlərin inkişaf dinamikasının sürətləndirməsi məsələsidir. İkinci bir məsələ bölgədə yaşanan İran–ABŞ gərginliyi fonunda Ermmənistan-İran münasibətlərinin hansı itiqamətdə inkişaf edəcəyidir. Bu, ABŞ üçün maraqlıdır. Böyük ehtimalla görüşlərdə İran-Ermənistan münasibətləri ABŞ hökumət nümayəndələri tərəfindən müzakirə olunan məsələlərdən olacaq”. (redaktor.az)

Paylaş: