C. Avq 23rd, 2019

Telefonlar niyə partlayır? – Ekspert SƏBƏBİNİ AÇIQLADI – VİDEO

Mobil telefonlar həyatımızın ayrılmaz parçasına, hətta ən yaxın köməkçimizə çevrilib. Müasir dövrdə “ağıllı” telefonlar vasitəsilə biz istədiyimiz işləri çox rahatlıqla və qısa zamanda həll edə bilirik. Lakin bəzən arzu olunmayan hallar da yaşana bilər. Son dövrlər “ağıllı” telefonların öz-özündən alışıb yanması halları yaşanır.

Məsələ ilə bağlı telefon mütəxəssisi Elvin Ələkbərov partlamanın əsasən qısaqapanmadan yarandığını bildirib.

“Telefon partlamasının əsas səbəbi batareyalarda yaranan qısaqapanmadır. Ancaq partlayış və yanğınlar təkcə qısaqapanma və batareyaların keyfiyyətsiz olması səbəbindən baş vermir. Statistik məlumatlara görə, faciə ilə nəticələnən hadisələrin çoxunda bəzən telefon sahiblərinin səhlənkarlığı da böyük rol oynayır. Belə ki, telefonun enerji yığmaq üçün elektrikdə çox qalması da xoşagəlməz hadisələrlə nəticələnə bilər. Çünki səhərə qədər enerjidə qalan telefonların batareyası şişir və quruyur. Şişən batareya isə tez partlayır. Digər bir səbəb isə telefonların suya düşməsi, yaxud üzərinə tez-tez maye tökülməsidir”, – mütəxəssis deyib.

Elvin usta telefonların enerjidə optimal saxlanma müddətini də qeyd edib:

“Mobil telefon adətən iki saat enerjidə qalmalıdır. Telefonu söndürüb, enerjiyə qoymaq daha məsləhətlidir. Çünki belə halda telefon həm tez enerji yığır, həm də ömrü uzun olur. Həmçinin, çalışmaq lazımdır ki, telefonun öz orijinal adapterindən istifadə olunsun. Çünki saxta adapterlər telefonun batareyasını sıradan çıxarır və qurumasına səbəb olur. Quruyan batareya isə çox təhlükəlidir”.

Elvin usta sonda onu da qeyd edib ki, bütün telefonlarda partlama halları yaşana bilər. (axar.az)

 

Paylaş: