Bz. Avq 18th, 2019

ABŞ “S-400”lərdən niyə qorxur? – ŞƏRH

“ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq edəcəyi istisna deyildi. ABŞ Konqresində təmsil olunan həm Demokratlar, həm də Respublikaçılar partiyalarının üzvləri sanksiyaların tətbiq edilməsi ilə bağlı layihələrlə çıxış ediblər”.

Bunu politoloq Elşən Manafov deyib.

Ekspert qeyd edib ki, münasibətlər pik həddə çatacağı halda Türkiyə NATO-dan çıxa bilər:

“Amma NATO Baş katibi Yens Stoltenberq elan etdi ki, Türkiyə bu alyans üçün ciddi əhəmiyyət kəsb edən müttəfiqdir. O eyni zamanda, Türkiyənin Rusiyadan “S-400” sistemləri almasına hörmətlə yanaşdıqlarını bildirdi. Eyni zamanda o da diqqətə çatdırıldı ki, bu sistemlər NATO standartlarına cavab vermir. Əlbəttə, NATO ilə yanaşı ABŞ-da da narahatlıq tendensiyası var ki, “S-400”lərdən vaxtilə Türkiyəyə satılmış “F-35” qırıcılarının texnoloji sirlərinin öyrənilməsində istifadə oluna bilər. İkitərəfli münasibətlərdəki gərginliyin səbəbi də budur. Məsələ budur ki, Ərdoğan iqtidarı artıq Rusiya ilə “S-500” sistemlərinin birgə istehsalı ilə bağlı mövqe sərgiləyib. Bu, onu göstərir ki, Türkiyə Qərb və ABŞ-dan olan təzyiqlərə baxmayaraq, Rusiya ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil”.

Elşən Manafovun sözlərinə görə, ABŞ-Türkiyə gərginliyinin əsası sabiq prezident Barak Obama dönəmində qoyulub:
“Bunu Tramp özü də etiraf etdi. Hər halda gərginliyin yüksələn xətlə getdiyini görürük. ABŞ-ın “F-35” qırıcılarını Polşaya satmaq qərarı Türkiyə iqtidarını hiddətləndirib. Çünki Türkiyə həmin qırıcıların bir hissəsinin pulunu ödəmişdi. Bundan başqa, bu döyüş təyyarələrinin Türkiyədə yığılması barədə ABŞ-la razılaşma vardı. Bunu da Türkiyədə minlərlə iş yerinin bağıanması kimi qəbul etmək olar.
Amma Ərdoğanın da elen etdiyi kimi, Türkiyə bununla təkbaşına öz hava məkanını yüksək səviyyədə mühafizə edə bilən 10 dövlət sırasına daxil oldu. Düşünürəm ki, hazırda Türkiyə üçün ən önəmli amil budur”. (teleqraf.com)

Paylaş: