Bz. Avq 18th, 2019

İran necə çökdürüləcək: Müharibə, yoxsa sanksiya?

Son vaxtlar İran ətrafında baş verən proseslər səngimək bilmir.

İran ətrafındakı mövcud gərginliklər dünya mətbuatının da gündəmindən düşmür. İranla ABŞ, İsrail və bir sıra ərəb dövlətləri arasındakı münasibətlərdə uzun illərdir gərginlik yaşanır. Bir neçə gün əvvəl İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) İran körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan əcnəbi gəmini saxlayıb. Tankerdə 1 milyon barel neftin olduğu vurğulanıb. Xatırladaq ki, iyulun 16-da Birləşmiş Ərəb Əmirliklərindən yola düşən tankerin İran ərazi sularında radarlardan itdiyi bildirilmişdi. 

İyulun əvvəlində Cəbəllütariq hakimiyyəti Avropa İttifaqı sanksiyalarının hədəfi olan Suriyaya xam neft daşıyan İrana məxsus “Grace 1” tankerini həbs etmişdi.

Qeyd edək ki, bundan öncə İranın özünün Cəbəllütariqdə Suriyaya neft daşıyan gəmisi saxlanılıb. İran hərbi gəmiləri tərəfindən İran körfəzində bu günlərdə saxlanılan tanker Böyük Britaniya bayrağı altında üzürmüş. ABŞ prezidenti Donald Trump bundan əvvəl, ABŞ-ın Hörmüz boğazında İrana məxsus dronu vurduğunu bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın Boxer hərbi gəmisi dronu onun min metrliyində uçaraq təhdid etdiyinə və əmrlərə tabe olmadığına görə vurub.

İran, ABŞ-ın onun pilotsuz aparatını vurması barədə məlumatı təkzib edib. İran xarici işlər nazirinin müavini Abbas Araghchi iyulun 19-da Tvitterdə yazıb ki, “Tehran Hörmüz boğazı və ya hansısa başqa yerdə bir dənə də olsun, dron itirməyib”.

Xarici işlər naziri Məhəmməd Cavad Zərif də bundan əvvəl Tehranda belə bir məlumat olmadığını deyib. O, Vaşinqtonu, “özünü və bütün dünyanı uçuruma aparmaqda” günahlandırıb. Zərif BMT-nin toplantısı çərçivəsində jurnalistlərə deyib ki, ABŞ iqtisadi sanksiyalarla “İran xalqını aclığa düçar etmək və onun xəzinəsini boşaltmağa çalışır”.

Qeyd edək ki, ABŞ 2018-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxaraq ona qarşı sanksiyaları bərpa elədi. Tehransa buna cavab olaraq uran zənginləşdirilməsi üzərində işi bərpa elədi. 2015-ci ildə İranla həmin sazişi ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin imzalamışdı. ABŞ hakimiyyəti İranı nüvə sazişinin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəkləməkdə ittiham edir. ABŞ həmçinin hesab edir ki, bu günlərdə İran körfəzi regionunda neft tankerlərinə edilmiş hücumların arxasında Tehran durur. Rəsmi Tehran ittihamları rədd edir. İranla imzalanmış nüvə sazişində Tehranın nüvə proqramını dayandırması və əvəzində ona qarşı sanksiyaların ləğvi nəzərdə tutulurdu.

“Orta Doğru” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, Afrikanın şimalından əsən dəyişiklik küləyi Qərbin yaxın və orta şərqdəki maraqlarına yeni baxışdır: “Bu külək Afrikanın şimalında ərəb ölkələrini tutdu və Suriyada, İraqda vəziyyəti gərginləşdirdi. İraq məsələlərində müəyyən səngimələr var. Ortaya “Suriyadan sonra növbə kimindir” sualı çıxır. Təbii ki, Səudiyyə Ərəbistanının deyil. Hərçənd ki, İsraildə də xarici siyasətlə bağlı ciddi islahatların aparılması arzuediləndir, amma yaxın və orta şərqdəki İsrail də hələ növbədə deyil. Ortada Türkiyə ilə İran qalır. Türkiyə NATO-da Qərbin strateji müttəfiqi olduğundan və avropasayağı, qərbsayağı demokratik dəyərlərin mövcudluğundan rəsmi Ankaraya qarşı əsaslı hücuma keçə bilmirlər. Qalır Qərbin dostu olmayan və dünyada beynəlxalq terrorçuluğu dəstəkləyən şər üçbucağından biri olan İran hakimiyyəti. Deməli, hədəfdə İrandır. Başqa sözlə desək, bölgədəki proseslərlə bağlı  vəziyyətin başqa şəklə düşməsi üçün İranda dəyişikliklər baş verməlidir. Ona görə də İranı müxtəlif yöndən yoxlayırlar. Hələ ki, İranı yağlayıb tumarlayaraq ona müəyyən impulslar verib vəziyyətini yoxlayırlar. Bunların arasında ən böyük aksiya İranın neft və qaz sektoruna qoyulmuş iqtisadi sanksiyadır. Bundan əlavə, İranın nüvə proqramın ilə bağlı məsələnin ciddiləşdirilməsidir. Həmçinin Qərbin ABŞ ətrafında vahid mövqedən çıxış etməsi istiqamətində fəaliyyət göstərməsidir. Ərəblər İran  körfəzinə Bəsirə və ya Ərəb körfəzi deyirlər. Onun qədim adı isə Kəngər körfəzidir. Bu körfəz İran üçün strateji yer sayılır. İran davamlı olaraq Hörmüz boğazını bağlamaqla və müxtəlif aksiyalar keçirməklə bağlı bəyanatlar verir. Körfəzdə son zamanlar tankerlərlə bağlı baş verən hadisələr İranın əleyhinə işləyə bilər. Hətta Birləşmiş Ərəb Əmirliklərinə məxsus tankerlər partladılandan sonra ABŞ rəsmiləri bəyan etdilər ki, bunu İran İslam İnqilabının Keşikçiləri Korpusu edib. Eləcə də Hörmüz boğazında İrana məxsus dronun ABŞ tərəfindən vurulması da İranın əleyhinə işləyən amillərdəndir. İranın özünü göstərdiyi, güvəndiyi əsas yer Hörmüz boğazıdır, amma srağagün baş verən hadisədən sonra ora belə İranın tam nəzarət edə bilmədiyi müəyyən olundu”.

Şərqşünas hesab edir ki, İrana tətbiq olunan iqtisadi sanksiyalar çox güclü səmərə verir: “Ölkədə iqtisadi inkişaf proqramları sürətlə zəifləyir. Artıq İran rəsmiləri əvvəlki formada ABŞ-a, Qərbə qarşı çıxış edə bilmirlər. Son zamanlar İran rəsmiləri “danışığa hazırıq” kimi mesajlar verirlər. Bu ismarışların da yanında müəyyən şərtlər irəli sürürlər. Amma əsas hədəf İran rejiminin danışığa meylləndiyini göstərir. İnanmıram ki, yaxın zamanda İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar olsun, yaxud İranla müharibə vəziyyəti yaran bilsin. Amma yaxın zamanlarda İrana qarşı sanksiyaların artacağı istisna olunmur. Sanksiyalar İran hakimiyyətinin çökməsi üçün ən güclü silahdır. Hesab edirəm ki, İran hakimiyyətini çökdürəcək vasitədən istifadə etmək daha əlverişlidir, nəinki müharibə”.   /Cebhe.info/

Paylaş: