Bz. Avq 18th, 2019

Mətbuat milli düşüncənin formalaşdırılmasında əsas amillərdən biridir

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqı dinamik təşəkkül prosesindən keçərək, bəşər mədəniyyətinə verdiyi töhfələrlə tarixdə özünün layiqli yerini müəyyənləşdirib. Xalqımızın milli şüurunun formalaşması və özünün indiki yüksək səviyyəyə çatması əlbəttə ki, asan olmayıb. Yerləşdiyi strateji regionda çox mühüm coğrafiyada məskunlaşmış xalqımız tarixin müxtəlif dönəmlərində olduqca ağır sınaqlara məruz qalıb.                                        

Azərbaycan torpaqları zaman-zaman dağıdıcı müharibələrin meydanına çevrilib, bəzi hallarda isə ərazilərimizin müəyyən hissəsi işğalçılar tərəfindən zəbt olunub. Qəsbkarların işğal etdikləri torpaqlarımızda xalqımızın mili yaddaşını silmək, onu öz mədəniyyətindən qoparmaq cəhdləri isə hər dəfə iflasa uğrayıb. Əksinə, bizi öz daxilində “əritməyə” çalışanların özləri xalqımızın zəngin mədəniyyətinin təsiri altında itib-batıblar. Qeyd olunan bu məqam Azərbaycan xalqının milli xüsusiyyətlərini özündə birləşdirən sarsılmaz nüvəyə malik olmasının göstəricisidir. 

Azərbaycanda milli kimliyi və milli düşüncəni, tarixi qanunauyğunluqlara əsaslanan identifikasiyanı müəyyənləşdirən bir sıra elementləri qeyd etmək lazım gəlir. Bu zaman ilk olaraq, xalqımızın rəngarəngliyi ilə seçilən şifahi xalq ədəbiyyatını, bənzərsiz folklorunu vurğulamalı oluruq. Həqiqətən də, şoxjanrlı və zənguin məzmuna, tərbiyəvi əhəmiyyətə malik olan folklorumuz ana dilimizlə yanaşı, milli şüurumuzun inkişafında da müstəsna rol oynayıb.

Yuxarıda da toxunulduğu kimi, torpaqlarımızın işğal altında olduğu dönəmlərdə istilaçıların ilk məqsədləri xalqımızın milli kimliyini aradan qaldırmaq olub. Ancaq bu məkrli planlara qarşı müqavimətin əsasını məhz şifahi xalq ədəbiyyatımız təşkil edib. Ağızlardan yaddaşlara və qanımıza hopan folklorumuz bizim bir toplum olaraq sıradan çıxarılmağımıza, əridilib yox edilməyimizə imkan verməyib. Tarixi inkişafın növbəti mərhələsində yazılı ədəbiyyatımızın meydana gəlməsi isə milli kimliyin formalaşdırılmasında yeni vasitəyə çevrildi. “Dədə Qorqud” dastanı, Həsənoğlu, Nəsimi, Şah İsmayıl Xətai, Füzuli və başqa klassiklərimiz ana dilində yaratdıqları poeziya ilə milli düşüncənin bazasını yaratdılar.

 Bu istiqamətdə ən mühüm mərhələ isə Azərbaycan mətbuatının təşəkkülü oldu. Həsən bəy Zərdabi tərəfindən nəşr edilən və ilk sayı 1875-ci il iyulun 22-də işıq üzü görən “Əkinçi” qəzeti Azərbaycan xalqının maarifləndirilməsində mətbuatın missiyasına əlamətdar başlanğıc verdi. Həmin tarixdən sonra sayı sürətlə artan qəzetlərimiz Çar Rusiyasının şovinist siyasətinə baxmayaraq, Azərbaycan milli düşüncəsinin inkişafı üçün bütün mümkün fədakarlıqları göstərdilər. Bu zaman dövrün amansız gerçəkliklərini də nəzərə almaq lazımdır. Təsəvvür edin, bir yandan Rusiyanın assimlyasiya siyasətinə, digər tərəfdən isə xalqın içindəki cahil, nadan qüvvələrə qarşı mübarizə aparılırdı.  Qəzet naşirləri xürafatın təsirində olan kütlənin aramsız basqısı ilə üzbəüz qalır, həyatlarını riskə atırdılar. Ancaq bütün bu təzyiqlərə rəğmən, “Əkinçi” ilə əsası qoyulan Azərbaycan mətbuatı inkişaf yolundan çıxmadı. Bu proses Sovet dönəmində də daha da genişləndi və 1991-ci ilin oktyabrında Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra tamamilə yeni müstəviyə keçdi.

Azərbaycanın öz istiqlaliyyətini qazanması digər sahələr kimi, mətbuatın da inkişafına stimul verdi. Medianın yeni ənənələri yarandı və ən əsası, sərbəst fəaliyyət imkanı əldə edildi. Azərbaycanda təşəkkül tapan azad mətbuat həm də qloballaşan dünyada milli düşüncənin möhkəmləndirilməsində, kənar təsirlərə qarşı ictimai rıçaqların yaranmasında misilsiz rol oynadı. Çox müsbət haldır ki, müasir Azərbaycan mətbuatının fəaliyyətində dövlətçilik əsas prioritet olaraq, götürülür. Sözsüz ki, mətbuatın fəaliyyətinin belə arzuedilən məcraya keçməsində ölkənin siyasi hakimiyyətinin iradəsi inkaredilməzdir. Bu mənada, Azərbaycanın Ümummilli lideri, mərhum prezident Heydər Əliyev mətbuatın mili maraqların müdafiəçisinə çevrilməsinə mühüm töhfə verib. O, mətbuata dair hər çıxışında medianın maarifçilik missiyasını xatırladaraq,  jurnalistləri milli düşüncə daşıyıcılarının mühüm hissəsi adlandırıb. Mərhum prezident medianın milli maraqlara həssaslıqla yanaşmalarının zəruriliyini vurğulayaraq,  jurnalistləri fəaliyyətlərini bu istiqamətdə qurmağa çağırıb.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da ölkə mediasının milli düşüncənin inkişafında mühüm rol oynadığı və bu missiyanı uğurla davam etdirdiyi qənaətindədir:

“Azərbaycan mətbuatının ilk nümunəsi olan “Əkinçi” qəzetindən başlayaraq, bu gün də mövcud olan media orqanlarının əksəriyyəti  öz fəaliyyətlərində maarifçilik xəttini  uğurla davam etdirməkdədirlər.  Dünyada gedən qlobal proseslər fonunda mətbuatın bu məsələyə xüsusi diqqət yetirməsi çox vacibdir. Çünki medianın vəzifəsi cəmiyyətə informasiya çatdırmaqla yanaşı, eyni zamanda, baş verən proseslərin mahiyyətini izah etməkdir. Burada isə məsələlərə məhz milli maraqlar prizmasından yanaşılması zəruridir. Əlamətdar haldır ki, Azərbaycan mətbuatı bu vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlir. Qloballaşma prosesinin neqativ təsirlərini dəf etməkdə əsas yük həm də mətbuatın üzərinə düşür. Milli düşüncəyə əsaslanmayan toplumun müqavimət gücü istənilən səviyyədə olmur. Bu kimi halların yaranmaması üçün mətbuat həmin xətti ardıcıllıqla davam etdirir və etdirəcək”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli də hesab edir ki, milli düşüncənin oturuşması və inkişafında mətbuatın rolu danılmazdır:

“İstənilən ölkədə ictimai rəyin formalaşmasına mətbuatın göstərdiyi təsir haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu sırada təbii ki, Azərbaycan da istisna deyil. Mətbuatımızın təşəkkül tapdığı ilkin zəmin özlüyündə milli düşüncənin formalaşmasına böyük təkan verib. Gəlin, o dövrün reallıqlarına nəzər salaq. “Əkinçi”nin nəşrə başlamasından sonra Azərbaycan dilində onlarla qəzet yaradıldı. Burada məqsəd sadəcə olaraq, bir mətbuat orqanı yaradaraq, sıraya qoşulmaq deyildi. O dövrdəki özünəməxsus qəzet bumunun başlıca səbəbi Rusiya müstəmləkə və assimlyasiya siyasətinə qarşı müqavimətin təşkili idi.

Məhz milli platformada fəaliyyətə başlayan qəzetlər Çar hökumətinin qəzəbinə tuş gəlirdi və onların fəaliyyətinə imkan verilmirdi, bir çox hallarda isə əsassız olaraq, qapadılırdı. Azərbaycan mətbuatının ilkin qurucuları başa düşürdülər ki, xalqın mövcudluğu milli kimliyin, dil və adət-ənənələrin  qorunmasından keçir. Ona görə də, senzuranın amansızlığına və nadan dairələrin basqısına baxmayaraq, müqavimət göstərir, xalqı milli ideya ətrafında təşkilatlandırırdılar. Mübaliğəsiz deyə bilərik ki, iyirminci əsrin əvvəllərində və sonrakı illərdə fəaliyyət göstərmiş qəzetlər, naşirlər olmasaydı, assimlyasiya siyasətinə qarşı dayanmaq heç də asan olmayacaqdı.

Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan mətbuatı sələflərimizin müəyyənləşdirdiyi milli platformadadırlar. O baxımdan, Azərbaycana qarşı yönəlmiş hər hansı kənar təsirə ilk reaksiyanın mətbuat tərəfindən verilməsi təqdirəlayiqdir. İnanıram ki, mətbuatımız öz fəaliyyətini bu xətt üzrə davam etdirəcək və milli düşüncənin dərinləşdirilməsi missiyasından geri çəkilməyəcək”.

Seymur VERDİZADƏ

Məqalə Mənəvi Dəyərlərin Təbliği Fondunun “Milli mətbuat – milli düşüncə”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

 

Paylaş: