Bz. Avq 18th, 2019

Rusiya Qarabağda müharibə ehtimalından NİYƏ EHTİYAT EDİR?

Regionda son baş verən hadisələrdən sonra Rusiya Cənubi Qafqazda daha da aktivləşəcək və aqressivləşəcək.

Politoloq Zaur Məmmədov Qarabağda toqquşmanın yaşanmasında hazırda bütün bölgədə yaranmış gərgin situasiya ilə əlaqədar olaraq hansı güclərin maraqlı olmasına aydınlıq gətirib. Politoloq hesab edir ki, Cənubi Qafqaz ölkələri və xalqları arasında olan münaqişələrdə təkcə Moskvanı ittiham etmək doğru deyil:

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1980-ci illərin sonlarından alovlanmağa başlayarkən, yenidən Kremlin Cənubi Qafqazda aktivliyi məsələsi gündəmə gəldi. Amma əslində Qarabağ münaqişəsinin, ümumiyyətlə, Qarabağda erməni fəallığının artmasının əsas səbəbkarı Vaşinqtonda oturanlardır. Erməni lobbiçiliyinin köməyilə onlar Cənubi Qafqazda, SSRİ-nin cənub bölgəsində münaqişə ocaqlarının yaranmasında maraqlı idilər. Həmin vaxt ABŞ beyin mərkəzləri SSRİ-nin çökdürülməsini əsas hədəf kimi qarşıya qoymuşdular. Bunun üçün bir neçə istiqamətdə iş aparırdılar. SSRİ kəşfiyyat orqanlarında çalışanların bəziləri ABŞ-a işləyirdi, Sovetlər birliyinin son lideri olan Qobaçov Qərb tərəfindən işlənib hazırlanaraq, sovet xalqının üzərinə göndərilmişdi. SSRİ-nin dağılmasında Qarabağın katalizator rolunu oynaması nəzərdə tutulmuşdu. Qarbaçov bu işi erməni ətrafı vasitəsi ilə müvəffəqiyyətlə həyata keçirməyi bacardı. Ermənilər artıq XX əsrin 70-80-ci illərindən başlayaraq, Vaşinqtona məktublar göndərirdi, bu iş üçün strateji plan hazırlanırdı. Qarbaçovun hakimiyyətə gəlməsi, SSRİ-nin zəifləməsi, mərkəzdən qaçma meyllərinin güclənməsini çoxaltdı ki, bu da ermənilər üçün bir fürsət yaratdı”.

Z. Əliyev vurğulayıb ki, Qərb ölkələri üçün həmin dövrdə sovet ittifaqında hansı xalqların toqquşacağı maraqlı deyildi:

“Onlar üçün maraqlı olan SSRİ-nin zəifləməsi idi. Münaqişə ocaqlarının yaranması bu prosesin sürətlə getməsinə şərait yaratdı. Daha sonra isə müasir sovet və Cənubi Qafqaz respublikalarında münaqişə ocaqlarının olması Rusiyanın dövlət maraqlarına cavab verdi. Çünki Rusiya münaqişə ocaqlarına bir pressinq elementi ilə təzyiq edə, onları öz ətrafında toplaya, Qərbə inteqrasiyalarının qarşısını ala bilirdi. Qarabağ münaqişəsi də Rusiyanın Azərbaycana, eyni zamanda Ermənistana olan təsir elementlərindən biridir”.

Politoloq bildirib ki, münaqişənin alovlanması rəsmi Kremlin maraqlarına cavab vermir:

“Çünki münaqişə alolanarsa, bu və ya digər şəkildə iki ölkədən birinin Kremlin təsir dairəsindən uzaqlaşması prosesi başlayacaq. İkincisi, bu, Cənubi Qafqazda qeyri-sabitliyə gətirib çıxaracaq. Ümumiyyətlə, münaqişənin alovlanması Cənubi Qafqazda olan qeyri-sabitliyin Şimali Qafqaza da keçməsi ilə nəticələnə bilər. Bu da Rusiyanın milli maraqlarına təhdiddir. Münaqişənin alovlanması indiki zamanda ancaq Qərbə, Vaşinqtonun maraqlarına cavab verir. İran-ABŞ münasibətlərinin indiki gərgin dövründə Rusiyanın cənub hüdudlarında və İranın şimalında münaqişə ocağının yaranması ABŞ-ın maraqlarına birmənalı olaraq, cavab verər”.

Politoloq qeyd edib ki, Ermənistan, Gürcüstan və Azərbaycanda olan hansısa münaqişənin süni halda alovlandırılmasından Vaşinqton öz planları üçün istifadə edə bilər:

“Bunu Rusiyada başa düşməlidirlər. Əslində münaqişədən status-kvonun saxlanılması bu günə kimi Rusiyanın milli maraqlarına cavab verirdi. Ancaq indi, vəziyyət dəyişib. Çünki münaqişənin həll edilməməsi burada müharibələrin olması ehtimalını artırır. Bu isə birmənalı olaraq, Rusiyanın milli maraqlarına təhdiddir. Moskvanın isə münaqişə ilə bağlı fikri yekdil deyil. Orada bir neçə qrup arasında Cənubi Qafqaz siyasəti ilə bağlı fikir ayrılığı mövcuddur. Ənənəvi olaraq ermənipərəst qüvvələr, klassik Rusiya geosiyasətinin tərəfdarları üstünlük təşkil edir. Ancaq Türkiyə-Rusiya arasında olan son yaxınlaşmalar bu qruplara çox böyük zərbə vurdu”.

Z. Məmmədov bildirib ki, regiondakı geosiyasi konfiqurasiya münaqişənin həll edilməsinə təsir edən ən böyük amillərdən biridir:

“Son zamanlar Gürcüstanın daxilində baş verən hadisələr də onu göstərdi ki, ABŞ və Rusiya arasında olan qarşıdurma artıq Qara dənizin qərb istiqamətindən şərq sahillərinə qədər gəlib çıxıb. Vaşinqtonun Anaklia və Vaziani kimi hərbi strateji layihələrin reallaşdırılmasında maraqlı olması bir çox məqamlardan xəbər verir. Bu layihələrin rallaşdırılması Rusiyanın maraqlarına təhdiddir. Bütün hallarda Cənubi Qafqaz ölkələri soyuqqanlı olmalı, ayıq xarici siyasət aparmalıdır”. (redaktor.az)

Paylaş: