C. Sen 20th, 2019

Mediada rəqibi qabaqlamaq, yoxsa, milli maraq

Bəxtiyar Səlimov

Azərbaycanda senzuranın ləğvindən 21 il keçir. Senzuranın ləğvi sovet mətbuatından qalan çərçivəni aradan qaldırdı, milli yazarlarımızın yaradıcılıq imkanlarını genişləndirdi. Yeni siyasi şərait mətbuata yeni nəfəs, yeni ruh gətirdi. Azərbaycan mətbuatı maarifçilik ideyası üzərində bərqərar olub. 1875-ci il iyul ayının 22-də “Əkinçi” qəzetinin əsasını qoyan Həsən bəy Zərdabinin başlıca məqsədi müasirlərini maarifləndirmək olub. “Əkinçi” və onun varisləri qısa müddət ərzində cəmiyyətə parlaq imzalar təqdim ediblər.

Azərbaycanın maarifçi ziyalılarının qələmindən süzülən həqiqətlər tunelin sonundakı işıq effekti yaradıb. Cəhalətə savaş açan milli mətbuatımız Azərbaycanın istiqlal mücadiləsinə əvəzsiz töhfələr verib. Sələflərimizin qələmindən süzülən hər damla mürəkkəb qaranlıqda işıq saçan böyük məşələ çevrilib. Azərbaycan milli mətbuatı yaranmasının 144-cü ildönümünü qeyd edir. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə milli xüsusiyyətləri qoruyub-saxlamaq xüsusi peşəkarlıq tələb edir. Hazırda Azərbaycanın peşəkar jurnalist ordusu öz dövrünün səlnaməsini yazmaqla məşğuldur. Azərbaycan mətbuatı ölkəmizin yeni və ən yeni tarixi üçün etibarlı qaynaq sayılır. Milli düşüncənin ümumbəşəri ideyalarla əvəzləndiyi müasir dünyada zamanla ayaqlaşmaq təkcə çeviklik deyil, həm də iti ağıl, üstün zəka, peşəkar yanaşma tələb edir. İndi jurnalist sələflərindən daha sayıq olmalı, informasiya bolluğunda səhvə yol verməməlidir.

Təəssüf ki, zərərli informasiyaların milli KİV-lərimizə yol tapdığını son vaxtlar ürək ağrısı ilə müşahidə edirik. Etibarlılığı şübhə doğuran xarici KİV-lərə, ələlxüsus da erməni mətbuatına istinad edən mətbuat orqanlarımızın sayı çoxdan iki əlin barmaqlarını keçib. Düşmən informasiya təhlükəsizliyimizi təhdid etməyə can atır. Bəzən onun öz məqsədinə nail olduğunu görürük. Sensasiya axtarışı, İP uğrunda mübarizə mənşəyi bəlli olmayan zərərli məlumatların Azərbaycan oxucusuna ötürülməsinə səbəb olur.

Müasir Azərbaycan mətbuatı zəngin ənənələr üzərində bərqərar olub. Bu ənənələri yaşatmaq, gələcək nəsillərə ötürmək çox vacibdir. Rəqibi qabaqlamaq, daha açıq desək, birincilik uğrunda mübarizə peşəkarlığı arxa plana keçirməməlidir. Azərbaycan mətbuatı həmişə olduğu kimi yenə milli maraqların müdafiəçisi rolunda çıxış etməlidir.

Paylaş: