C. Avq 23rd, 2019

Türkmənistanda dövlət çevrilişinə cəhd olub? – Rus kəşfiyyatı və ölkə müxalifəti ilə bağlı şok iddialar

“Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədovun ölümü ilə bağlı yayılan dezinformasiyalar türkmən müxalifətinin ölkədə çevriliş etmək məqsədindən irəli gəlirdi”.

Bunu rusiyalı siyasi analitik Denis Korkodinov deyib.

Korkodinov Türkmənistan hökumətindəki mənbələrə istinadən bildirib ki, regionda fəaliyyət göstərən islamçı qruplaşmalarla birgə türkmən müxalifəti, o cümlədən İŞİD terror təşkilatı Prezidentin Aşqabadda olmamasından istifadə etdi:

“Onlar yerli ictimaiyyət və güc strukturlarının yardımı və dəstəyinə ümid edərək çevrilişə cəhd göstərdilər. Amma Türkmənbaşı müxalifətin planlarından əvvəlcədən xəbərdar edilmişdi və rus kəşfiyyatının yardımı ilə çevrilişin qarşısını ala bildi. Bu, Türkmənistan siyasi elitasının daxilində bir sui-qəsdin ortaya çıxmasına imkan verdi”, – Korkodinov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə Aşqabadda müxalifətin “təmizlənməsi” həyata keçiriləcək: “Həddən artıq şəxsə cinayət işi açılacaq. Cəhdin bəzi iştirakçıları məhv ediləcək”.

Qeyd edək ki, ötən gün Türkmənistan lideri Qurbanqulu Berdımuhəmmədovun ölümü barədə məlumat yayılmışdı. Bildirilir ki, Almaniyada müalicə olunan anasını yoluxmağa gedən Q.Berdımuhəmmədov ölkədən çıxan kimi ssenari işə salınıb.   /Axar.az/

Paylaş: