C. Noy 15th, 2019

SƏRHƏD KABAKLI: Bakını Türk dünyasının mətkəzi kimi görürəm

Türkiyənin İstanbul şəhərində yerləşən Türk Ədəbiyyatı Vəqfi bütün ədəbiyyatsevərlərin, yaradıcı insanların birləşdiyi  bir mərkəzdir, ocaqdır. Türk Dünyasına xidmət etməyi əsas vəzifə hesab edən Vəqfin başqanı Sərhəd Kabaklı bunu qurucu başqan Əhməd Kabaklının əsas ideyası olduğunu söylədi. “Bakını Türk Dünyasının mərkəzi kimi görürəm” deyən Sərhəd Kabaklı ilə müsahəbmizdə əsas mövzumuz da ədəbiyyat və Türk Dünyası oldu.

Hörmətli Sərhəd bəy, fərqli məsləklər vardır – mühəndis, həkim, rəssam, nədən ədəbiyyatı seçdiniz?

İlk öncə deyim ki, “ədəbiyyat” sözü “ədəb”dən gəlir. “Ədəb” son dərəcə önəmli bir anlayışdır, ədəbli olmaq – namuslu olmaq, haqq yeməmək, dövlət malına sayqılı olmaq və vətənini, millətini, dövlətini sevmək deməkdər. Dolayısıyla bütün bunların təməli ədəbiyyata dayalı və ədəbiyyatdan keçər. Bir örnək verim, məsələn, Azərbaycanda son dərəcə güclü bir ədəbiyyat anlayışı vardır və 70 illik sovet yönətimi sonrasında müstəqil Azərbaycan yarandığında gördük ki, azərbaycanlılar hələ də türklüyünü qoruya bilib, çünkü bunu qoruyub saxlaya bilən ədəbiyyat xəzinəsi vardi. Ədəbiyatla ənənələrini yaşatdılar, duyğularını yaşatdılar və sadəcə 70 illik bir ara kimi Azərbaycan həyatını çox gözəl bir şəkildə yaşamağa davam etdi.

Türk Ədəbiyyatı Vəqfinin qurucu başkanı Əhməd Kabaklıyı rəhmətlə anaraq, Türk Dünyası ilə bağlı gördüyünüz işlər barədə danışmağınızı rica edirəm, Türk Dünyasını vəqfdə necə birləşdirirsiniz?

İlk öncə Azərbaycanla başlayım, bu münasibətlər H.Əliyevin də dediyi kimi “İki dövlət, bir millət” anlayışı çərçivəsində mümkündür. II Dünya savaşı sonrasında Almaniya ikiyə bölündü və bunların birləşib tək dövlət olması 60-70 ilə yaxın bir zaman aldı. İndi düşünün ki, dünya konyukturası Türk Cumhuriyyətlərinin birləşib tək dövlət olmasına izin verməz, çünkü birinin mənəvi gücü var, birinin nefti var, digərinin qızılı, bir başqasının pambığı var, bunlar bir araya gəlirsə dünya üzərində super  güc olurlar, amma biz bu birlikdəliyi könül coğrafiyamızda tamamlamaq istəyirik. Mən Azərbaycana getdiyim zaman özümü vətənimdə hiss edirəm, siz özünüzü burada vətəninizdəki kimi hiss edirsiniz, eləcə də digər Türk Cumhuriyyətinlərində bu hissi yaşayırsam bu könül coğrafiyasının tamamlanması anlamına gəlir. Bu bir final olmasa da əsas hədəf kimi Turan elləri anlayışında bir keçid nöqtəsidir və son dərəcə sevindiricidir.

Sərhəd bəy, yanınıza gəlmədən öncə kitabxananıza baş çəkdim, Azərbaycan ədəbiyyatından tərcümə edilmiş Füzulinin, Mir Cəlalın və bir sıra çağdaş şairlərimizin şeir kitablarını gördüm. Azərbaycan Yazıçılar Birliyi ilə çalışmalarınız varmı və hansı Azərbaycan şairini daha şox sevirsiniz?

Azərbaycan ədəbiyyatı bir dəryadır, hətta mən tarixin müxtəlif inkişaf mərhələlərində də, bu gün də onu Türkiyə ədəbiyyatının çox üstündə olduğunu düşünürəm. Təsəvvür edin bizim Türk Dünyasının olduğu ilə öyündüyümüz Füzuli, Nəsimi Azərbaycanlıdır, Türkiyəyə aid etdiyimiz Koroğlu Azərbaycanlıdır. Ruh yapısına görə Azərbaycanda hər iki insandan biri şairdir. Qurtuluş savaşından sonra Türkiyədə də müdhiş bir şair sayısı ortaya çıxdı amma bu gedərək azaldı, Azərbaycan isə qurtuluş savaşını gerçəkləşdirdi (1989-90-cı illər Y.M.), doğrusu bu hələ tamamlanmayıb, Qarabağın işğaldan azad edilməsiylə tamamlanacaq və bu gün Azərbaycanda hər kəs duyğulu. Bizim Ədəbiyyat Vəqfi olaraq Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə iş birliyimiz təxminən üç il öncə başlayıb. Hörmətli Anar müəllimi bura dəvət edib, 80–ci yubiley ildönümü münasibətiylə ona “Yaşayan Dədə Qorqud” mükafatını verdik və ondan sonra çalışmalarımız başladı. Məqsədimiz Azərbaycanın bütün dəyərli şair və yazarlarını Türkiyədə tanitmaq, Türk Cumhuriyyətləri arasında bir körpü qurmaqdır. Ən son bir nağıl kitabı hazırladıq, içində hər bir Türk Cumhuriyyətinin, o cümlədən Azərbaycan nağılı var, inşallah bu kitabı hər dövlətin öz dilində də nəşr etdirib həmin ölkələrdə yayılmasını planlaşdırıırıq. Sovetlər Birliyi Türküstanı böldülər, bizim məqsədimiz isə Türk Dünyasını tanıtmaq və birləşdirməkdir.

Bu gün Azerbaycanda dövlət tərəfindən sənətə çox yüksək qiymət verilir. Mənim İ.Əliyevə bir dövlət adamı kimi deyil, sənətə, ədəbiyyata dəyər verən bir insan kimi böyük rəğbətim var. Eyni zamanda Mehriban xanımın da bu istiqamətdə çalışmaları təqdirəlayiqdir. İnşallah Sentyabr ayının 30-da YUNESKO-nun Heydər Əliyev Fondu ilə birlikdə təşkil etdiyi bir proqramda iştirak etmək üçün Azərbaycana gedəcəm. Allahın gücünə getməsin, mən bir neçə dəfə Kəbədə olmuşam, inanın ki, bir Kəbəyə gedəndə həyəcanlı oluram, bir də Bakıya gedəndə. Bakını Türk Dünyasının mərkəzi kimi görürəm, bu şəhər böyük tarix, sənət və mədəniyyət abidəsidir. Hər dəfə Bakıya gələndə mütləq Fəxri Xiyabana gedirəm, yazarların, rəssamların, böyük sənət və dövlət adamlarının məzarlarını ziyarət edirəm və çox həyəcanlanıram.

Sərhəd bəy, klassik və çağdaş Azərbaycan yazar və şairlərindən kimləri oxuyursunuz?

Əlbətdə ki, Nizami, Füzuli dahi insanlardı, böyük bir xəzinədirlər, onlardan gündəlik həyatımızda da örnəklər gətirirəm. Müasir yazarlardan Anarı, şairlərdən Sabir Rüstəmxanlını oxuyuram. Amma sizə deyim ki, yaş öz işini görür, məncə artıq bu kitablar CD şəklində yazılmalı, çünkü bəlli bir yaşa gəldikdən sonra gözlər zəifləyir və dinləmək daha praktik olur, amma gənclər mütləq oxusunlar.

Bir şey düşdü yadıma, sizinlə paylaşım, bildiyiniz kimi bu günkü İranda Ağqoyunlu dövləti vardı və qurucusu Uzun Həsən, Şimali Azərbaycanda da Qaraqoyunlu dövlətinin hökümdarı Cahan şah idi. Fateh Sultan Məhməd İstanbulu fəth edir və bir gün Cahan şah ona təbrik məktubu göndərir. Yazır ki, “ Peyğəmbərimizin iltifatına nail oldun, Allah səndən  razı olsun, peyğəmbərimiz demişdi ki, İstanbulu bir gün biri fəth edəcəkdir, onu fəth edən komandir nə gözəl komandir, onun əsgərləri nə gözəl əsgərlərdir”. Və sonra elçi göndərib, onunla görşməsini istəyir. Uzun Həsən isə Fatehlə bir yarışa girdiyi üçün onu təbrik etmir və Fatehlə Cahan şah arasındakı bu dostluqdan dolayı Cahan şahı əsir alıb, onu rüsvay etmək üçün heyvanların çəkdiyi bir arabanın içində gəzdirir. Tarixdə “Otluqbeli” savaşı Cahanşahın intiqamını almaq üçün Fatehin Uzun Həsənin üzərinə yürüdüyü və qalib gəldiyi savaşdır. Bu hökmdarların hər hər üçü Türkdür, amma buradan çıxan nəticə budur ki,  Türk Dünyasında bir birinin zəfəri ilə qürurlanmaq, acısıyla üzülmək varkən, bəzi gərəksiz yarışlara girildiyi zaman ortaya çıxan sonuc bu olur. Onun üçün də bir birimizin dərdləri ilə dərdlənəcək, sevinci ilə nəşələnib bayram edəcəyik, inşallah ən böyük bayramımız da Qarabağın işğaldan azad edildiyi gün olacaq.

Sərhəd bəy, söz müəllifi siz, bəstəsi əminiz oğlu Əsəd Kabaklının olduğu “Bil oğlum” musiqisi Azərbaycanda da çox məşhurdur, tam bir mübarizə ruhu var əsərdə. Bu şeir necə yarandı?

Öncə onu deyim ki, mən şeirin insan beyni tərəfindən yarandığını düşünmürəm, bu bir ilahi vergidir və inanclı bir insan olaraq deyirəm, məncə o dünyada peyğəmbərə ən yaxın yerde olanlar məhz şairlər və yazarlar olacaq.

Bir qızım vardı, sonra 1981-ci ildə oğlum Orhun dünyaya gəldi və mən o gecə bu şeiri yazdım. Bir məqamı da deyim ki, bəzən şairlər sonradan yazdıqları şeir üzərində bəzi dəyişikliklər edir, amma “Bil oğlum” bu gün də ilk yazıldığı şəkliylə oxunur. O zaman şeiri yazıb İstanbula gəldim, əmim Əhməd Kabaklı vəqfdə deyildi, şeiri masasına qoyub getdim, təbii ki, aitında imzam vardı. Bir ay sonra gördüm ki, şeirim Türk Ədəbiyyatı Dərgisində yayımlanıb. Üzərindən 5-6 il keçmişdi, bir gün bir təqvimə baxırdım, təsadüfən bu şeirimi təqvimin vərəqində görəndə çox qürurlandım. Sonra da əmim oğlu Əsəd Kabaklı mən bu şeirə musiqi bəstələmək istəyirəm dedi və bəstələdi. Mən Əsədə təşəkkür etdim və dedim ki, sən bu musiqini bəstələməsəydin, bu şeir kitablarının tozlu vərəqləri arasında itib gedəcəkdi, sən ona can qatdın.  Bu gün çox qürurlu və sevincliyəm ki, bu mahnı Türk Dünyasının Milli Marşı kimi fərqli Türk coğrafiyalarında, hətta hər ölkənin öz dilində oxunur, bu həm də bir xidmətdir. Əgər mən Türk  Dünyası evladlarına “haram yemə, haqq uğruna öl oğlum, torpağına göz dikəni əz oğlum, dostun kim, düşmənin kim bil oğlum” deyir və duyğularımı yansıta bilirəmsə, çox xoşbəxtəm. İndi mənim də, Əsəd bəyin də bir arzumuz var, bu mahnının Türk Silahlı Qüvvətlərinin mehtəran marşına daxil olmasıdır.

Şəmistan Əlizamanlı da bu mahnını ifa edir, onun ifasına münasibətiniz?

Biz Şəmistan bəylə Xızıda tanış olduq, orada xeyli maraqlı söhbət etdik. Çox gözəl səsi var, könül istərdi ki, Şəmistan bəy, Əsəd bəy kimi sənətçilər Türk Dünyasının hər tərəfində yetişsin və Türk Dünyasına xidmət etsin.

Sərhəd bəy, siz bir müəllimsiniz, yəqin ki mənimlə razılaşarsınız, indi əksər gənclər kitab oxumur, sizcə bunun səbəbi nədir, texnologiyanın sürətli inkişafı, yoxsa ictimai-siyasi-sosiyal mühitdə baş verən dəyişikliklər?

Bundan 400-500 il öncə biri kitab yazırdı və tək bir nüsxə əlyazması olurdu, hər kəs onu sıra ilə oxuyurdu, sonra mətbəələr yaranmağa başladı. Mən bunu bir az da dövlət siyasəti ilə əlaqələndirirəm. Bir gəncin həftəlik xərcləmə limiti Türkiyə lirəsiylə 50 lirə (Azn qarşılığı 15-16 manat) isə, onu dostları ilə bir çay, kofe içəcək, bəlkə bir futbol yarışına gedəcək, bəlkə də bir dostu ilə yemək yeyəcək, 50 lirədən nə qalır ki, kitab da alsın. Demək istədiyim odur ki, kitabların maliyyə xərclərini endirən tədbirlər görülməlidir, bu Azərbaycan üçün də keçərlidir, Türkiyə üçün də. Bəlkə də bir zaman gələcək kitablar bir fləş karta yazılacaq və hər kəs dinləyərək o kitabı oxumuş olacaq.

Sərhəd bəy. Türk Ədəbiyyatı Vəqfi bizim bir ata ocağımıza çevrilib, çərşəmbə söhbətlərinə gəlirik, şənbə proqramlarına qatılırıq, istədiyimiz vaxt bu vəqfin qapısı bizim üçün açıqdır, bu mənada sizə çox təşəkkür edirəm. Sizdən bir ricam olacaq, Vəqfin fəaliyyət dönəmində sıx-sıx Türk Dünyasının fərqli bölgələrindən olan tanınmış şairləri dəvət edib, onlarla görüşlər, şeir gecələri təşkil edəsiniz.

Yaqut xanim, Türkiyədə bir söz var: atasızlıq, anasızlıq, hələ-hələ parasızlıq. 

Türkiyə Dövləti dəstək vermirmi Vəqfə?

Xeyir, heç bir şəkildə. Biz kitab və dərgidən gələn gəlirlərimizlə, üstünü də özümüz tamamlayaraq bəzi şeyləri gerçəkləşdirə bilirik. Təbii ki, çox istərdim Türk Dünyası Ədəbiyyat Qurultayı kiçirdim, ədəbiyyatla maraqlanan bütün insanları burada qonaq edim və hər il bunu bir Türk Cumhuriyyətində gerçekləşdirim. Mən bir Türk Dünyası Universiteti qurmaq arzusundayam və Türk Dünyasının fərqli coğrafiyalarından olan, gələcəyimizi dizayn edəcək nəsillər yetişdirmək üçün gənclərin gəlib burada təhsil almalarını istəyirəm. Amma az öncə dediyim kimi, buna maddi gücümüz çatmır. Bu fikirlərin artıq insanların fərdi düşüncə şəklindən çıxıb, bir dövlət siyasətinə çevrilməsi lazımdır.

Son olaraq, Türk Ədəbiyyatı Dərgisində Azərbaycanın gənc yazarlarına yer verdiyiniz üçün sizə çox təşəkkür edirəm. Mənim də bu dərgidə bəzən yazılarım dərc olur, minnərdaram və qürur duyuram. Müsahibə üçün ayrıca təşəkkür edirəm.

Mən sizə təşəkkür edirəm və “Türküstan” Mediyaya Türk Dünyasına xidmətdə uğurlar diləyirəm.

Yaqut Misirxanlı

İstanbul

Paylaş: