Bz. Avq 25th, 2019

Azərbaycanda keçmiş nazir müxalifətçi oğlundan imtina etdi

Azərbaycanın keçmiş xarici iqtisadi əlaqələr naziri Qüdrət Quliyev öz oğlundan imtina edib.

Bu barədə Q.Quliyev özünün feysbuk səhifəsində yazıb.

Məlumata görə, bu addımı atmağa Quliyevi ABŞ-a köçmüş oğlu Murad Quliyevin (Guliyev Mone) müxalif “Azadlıq” qəzetinə verdiyi qalmaqallı müsahibəsi vadar edib.

Quliyev bildirib ki, ailəsi Monedən imtina edir və onun siyasi fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.

O, iki gün öncə oğlu Murad Quliyevin “Azadlıq qəzeti”nin feysbuk səhifəsində “Keçmiş Nazir oğlu od püskürdü” başlığı ilə yayılan müsahibəsinə belə münasibət bildirib.

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spikulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam.

Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətim ilə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.

Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dvidentlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı və bu oyunların fərqində olduğumu bəyan edirəm!

Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm.

Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”, – deyə keçmiş nazir bildirib.  /Cebhe.info/

Paylaş: