Ca. Okt 17th, 2019

Kredit faizləri buna görə YÜKSƏKDİR – İqtisadçı səbəbləri AÇIQLADI

Kredit faizlərinin yüksək olmasının səbəbkarı doğrudanmı banklardır?

“Banklar internet və mobil bankçılığı inkişaf etdirməklə və bank məhsullarının çeşidini artırmaqla, kredit faizlərini azalda bilərlər”.

Bu sözləri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü, iqtisadçı Samir Əliyev bildirib.

Kredit faizlərinin yüksək olmasına təsir edən amilləri Bakı Araşdırmalar İnstitutunun (BAİ) saytına şərh edən iqtisadçı bildirib ki, hər dəfə bu problem qaldırılanda qarşılıqlı günahlandırma prosesi başlayır və bir müddət sonra məsələ həllini tapmamış gündəmdən çıxır:

“Kredit götürənlər, o cümlədən sahibkarlar daim faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər. Kredit verən təşkilatlar isə bu fikri bölüşməsələr də, hərdən yüksək faiz fonunda qazanclarının az olduğunu önə çəkirlər və səbəbi başqa yerdə axtarmağı məsləhət görürlər. Hər bir halda kredit faizlərinin yüksək olması danılmaz faktdır”.

Kredit faizlərinin yüksək olmasına təsir edən səbəbləri kredit götürənlər banklarda, kredit verənlər isə ölkə iqtisadiyyatının durumunda görür

Görünən odur ki, hər iki tərəf haqlıdır. Biznesin gəlirliliyi azalıb və əvvəlki illərlə müqayisədə hazırki faizlər sahibkarlar üçün əlverişli deyil. İqtisadiyyat ucuz resurs tələb edir, ucuz resurs isə yox dərəcəsindədir. Dövlətin məhdud həcmdə güzəştli kredit mexanizmlərini nəzərə almasaq, banklar ucuz kredit məhsulu təklif etmək iqtidarında deyillər. Kredit faizlərinə çox amillər təsir edir və onların bir qrupu makroiqtisadi amillərdir. Rəsmi şəxslərin açıqlamalarında makroiqtisadi sabitlik əsas gətirilərək kredit faizlərinin aşağı salınması üçün zəmin olduğu daim vurğulanır. Məsələn, milli valyutanın mübadilə məzənnəsi uzun müddətdir sabitdir və hökumət bu sabitliyi yaxın dövrdə də qorumağa çalışacaq. Rəsmi inflyasiya səviyyəsi aşağı – 2% həddədir. 2015-2017-ci illəri nəzərə almasaq inflyasiya səviyyəsi son 10 ildə yüksək olmayıb.

Mərkəzi Bankın yumşaq pul-kredit siyasətinə rəğmən kreditlərin ucuzlaşması baş vermir

Burada real inflyasiya səviyyəsinə diqqət yetirmək vacibdir. İnflyasiya səviyyəsi cəmiyyətdə, o cümlədən ekspertlərdə həmişə şübhə yaradıb və reallıqda daha yüksək olması iddia edilib. 2%-lik inflyasiya səviyyəsində Mərkəzi Bankın uçot dərəcəsini 8,5% həddində saxlaması bu fikri daha da gücləndirir. Çünki bir qayda olaraq inflyasiya səviyyəsi ilə uçot dərəcəsi arasında fərq cüzi olur. İndiki inflyasiya səviyyəsi fonunda uçot dərəcəsi 3-4% civarında olmalı idi.

Kredit vermək üçün cəlb edilən resurslar bahalıdır

Biznesdə istənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Yəni, maya dəyərinin ucuzlaşması sahibkara məhsulun satış qiymətini də ucuzlaşdırmağa imkan verir. Maya dəyəri baha olduqda isə müştəriyə təklif edilən məhsul da bahalaşır. Eyni vəziyyəti kredit məhsullarına şamil etmək olar.

Bankların cəlb etdikləri resursların baha olmasının səbəbi depozitlərin bahalığından qaynaqlanır

Bankların depozitlərdən asılılığı yüksəkdir və bu asılılıq getdikcə artır. Rəsmi məlumatlara görə, 2019-cu il mayın 1-i tarixinə bankların cəlb etdikləri hər 100 manatın təxminən 78,3 manatı depozitlərin payına düşür. Halbuki 2016-cı ildə bu göstərici hər 100 manat üçün 70,8 manat olub. Son 3 ildə depozitlərin bank resurslarında payı 7,5% artıb. Bu vəziyyət bankların bir mənbədən – depozitlərdən yüksək asılılığını, alternativ mənbələrin payının isə getdikcə azaldığını göstərir. Ən azı 2 mənbə üzrə azalma tendensiyası görünür. Məsələn, 2013–2014-cü illərdə bankların xarici öhdəliklərinin ümumi kredit qoyuluşunda payı 27-28% olduğu halda 2019-cu ilin ilk 4 ayında bu göstəricinin payı 12%-ə düşüb. Buna səbəb bankların xarici öhdəliklərinin 63% azalmasıdır. Azalma digər mənbə olan mərkəzləşdirilmiş kreditlərdə də müşahidə edilib. Mərkəzi Bankın yenidənmaliyyələşmə xətti ilə banklara ayırdığı kreditin payı 2013–2019-cu illərdə 20%-dən 4,5%-ə düşüb. Bu müddətdə maliyyələşmənin həcmi 81% azalıb. Nəticədə depozitlər kreditlərin əsas donoruna çevrilib.

Son dövrlər ölkədə kredit faizlərinin aşağı salınması ilə bağlı dünyada geniş tətbiq edilən iki vacib mexanizm işə salınıb

Daşınar əmlakın yüklülüyünün dövlət reyestri yaradılıb və bu reyestr imkan verir ki, daşınmaz əmlakı olmayan sahibkarlar dövriyyə vəsaitlərini girov qismində təqdim edərək kredit ala bilsin. Digər tərəfdən kredit zəmanəti mexanizminin yaradılması da riskləri azaldan və dünyada uğurla sınaqdan çıxmış mexanizmlərdir. Bu mexanizmlər hələ işlək vəziyyətdə deyil və kredit bazarına təsir edə bilmir. Üstəlik Kredit Zəmanəti Fondunun İpoteka Fondu ilə birləşdirilməsi bu mexanizmin effektiv işləməsinə imkan vermir.

İqtisadçı çıxış yolu kimi qeyd edib ki, ölkə iqtisadiyyatında institusional risk səviyyəsi minimuma endirilməlidir

Məhkəmə sistemində real islahatların aparılması, girov mexanizmlərinin sadələşdirilməsi ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafı və milli iqtisadiyyatın beynəlxalq resurslara tam açıqlığı vasitəsilə kredit bazarında rəqabəti təmin etmək mümkündür. (redaktor.az)

Paylaş: