Ça. Noy 12th, 2019

Mədət Quliyevin müavini niyə işdən çıxarılıb? – Səbəbi məlum oldu…

Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad edilməsi onun yaşı ilə bağlıdır.

Belə ki, T.Rəfiyevin hazırda 77 yaşı var. O, 1942-ci il təvəllüdlüdür və 2006-cı ildən – adıçəkilən nazirlik yaradılandan bu vəzifədə işləyirdi.

Qeyd edək ki, sabiq müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci ilin yayında dünyasını dəyişib. Bundan sonra həmin posta uzun müddət təyinat gerçəkləşməyib. Yalnız ölkə başçısının 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Buna qədər isə nazirlik daxilində müavinlərdən Yəhya Musayevin adı potensial nazir kimi hallandırılıb. O da bu nazirlik yarandığı ilk vaxtlardan – 2006-cı ildən müavin işləyir. Bəzi iddialara görə, Y.Camalovdan sonra müavinlər arasında münasibətlər soyuyub. Səbəb isə bu gün işdən azad edilən müavin T.Rəfiyevin guya Y.Musayevin nazir olmaq istəyinə isti yanaşmaması olub.

Bəs görəsən, Rəfiyevin vəzifəsini itirməsində onun digər müavinlə soyuq münasibəti rol oynaya bilərdimi? Saytımıza danışan mənbələr müavinlər arasında belə bir soyuqluğun olduğuna inanmadıqlarını, bu cür yüksək təyinatların kimlərinsə istəyi ilə yox, ölkə başçısının təqdiri ilə reallaşdığını, T.Rəfiyevin də məhz yaş amili nəzərə alınaraq işdən azad edildiyini deyiblər.  (qaynarinfo)

Paylaş: